Kolumbiyanın ən qədim universitetində Xocalı soyqırımına dair mühazirə oxunub

 

Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov paytaxt Boqota şəhərində yerləşən Santo Tomas Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan mühazirə oxuyub.

Həmid Zeynalov əvvəlcə Azərbaycanın çoxəsrlik mədəniyyəti, tarixi, mənəvi dəyərləri, dini və irqi tolerantlığı, eləcə də sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çoxlu sayda insanların yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğundan bəhs edib.

Daha sonra diplomat təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışaraq, bu qanlı gecədə qəddarcasına həlak olanlar və itkin düşənlər barədə məlumat verib. Soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən H.Zeynalov Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirib. O, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyi, filmlər çəkildiyi, musiqilər bəstələndiyi və həmin tədbirlər nəticəsində bu vəhşi təcavüzə düzgün siyasi qiymətin verilməsinə nail olunduğunu vurğulayıb.

Diplomat ölkəmizin daxili və xarici siyasətindən də danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın dinamik inkişaf yolundan, həyata keçirilmiş transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrindən bəhs edib. Eyni zamanda, diplomat Azərbaycan və Kolumbiya arasında maraq doğuran, xüsusilə təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi proqramları barədə danışıb.

Sonda universitet rəhbərliyinin müraciəti əsasında həmin ali təhsil ocağının məzunu Şahin Məmmədov təhsil aldığı müddətdə tələbəlik xatirələrindən danışaraq, Kolumbiya və Azərbaycanda tələbə həyatının müqayisəsi fonunda müzakirələr aparıb. Həmyerlimiz Azərbaycanda təhsil səviyyəsinin yüksək keyfiyyətini qeyd edərək, bir çox ali təhsil müəssisələrində yeni kurikulumların yaradılması, Balonya sisteminin tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində uğurlu addımlar atıldığını vurğulayıb. O, xarici tələbələrə gələcəkdə təhsillərini magistraturadoktorantura pillələrində məhz Azərbaycanın təhsil ocaqlarında davam etdirməyi nəzərdən keçirməyi tövsiyə edib.

Qeyd edək ki, əsası 1580-ci ildə qoyulmuş, Latın Amerikasında ən qədim universitetlərdən biri sayılan Santo Tomas Universiteti Kolumbiyanın ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, humanizm prinsiplərini ön planda tutan ali təhsil ocağıdır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2019.-26 fevral.- S.9.