Öndə Ali Baş Komandan idi

 

Xalq paytaxtın baş meydanındadır...

Üzündə 27 ilin hüznü, qəlbində acı yanğı ilə alışıb-yanan 70 min insan...

Bir gecədə amansızcasına qətlə yetirilən 613 əliyalın və günahsız insanın - 109 qız-gəlinin, 63 körpənin, 70 qocanın və bütün şəhidlərimizin ruhu da bizimlədir...

"Hamı Xocalıya ədalət!” üçün burdadır...

"Azadlıq” meydanından başlayır ümumxalq yürüşü

Ali Baş Komandan addımlayır, bu möhtəşəm izdihamın önündə...

Səssiz insan seli axır İlham Əliyevin arxasınca...

Bu sükutun icində əslində, "Dünya, Xocalını Tanı!” hayqırtısı var...

Bu lal sükut dünyaya ədalət çağırışıdır...

Bu səssizlik ruhların harayıdır...

 

Dünən dünya bir daha Azərbaycan dövlətinin, xalqının qətiyyətli mövqeyinə şahidlik etdi. Dünya ictimaiyyətinə bəlli oldu ki, öz Prezidentinin ətrafında sıx birləşən xalq hər zaman şəhidlərinin xatirəsini əziz tutur, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün birgə mübarizəyə hazırdı.

Bu yürüş bir daha xalqın ədalətsiz dünyaya 27 il öncə baş verən Xocalı dəhşətlərini unutmadığının, yaddaşlardan silmədiyinin nümayişi idi.

Ali Baş Komandanın iştirakı ilə paytaxtda 3-cü dəfə (əvvəlkilər 2012 və 2017-ci illərdə olmuşdu) keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi idi.

Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!”, "Xocalı soyqırımı - 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, "Xocalı, sözün bitdiyi yer” və s. çağırışlar və şüarlar dünyaya Xocalı qırğını haqqında əsl həqiqəti çatdırırdı.

70 min insanın iştirak etdiyi bu yürüş işğalçı Ermənistana və onun havadarlarına növbəti mesaj idi - xalq işğalla barışmır, barışmayacaq da... Xocalı soyqırımı beynəlxalq hüqiqi qiymətini almayınca bu mübarizə durmayacaq.

Prezident İlham Əliyevin ardınca addımlayan xalq bu yürüşlə bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim hər zaman dünyaya çatdırılacaq, Ermənistanın təcavüzkar siyasəti ifşa ediləcək.

Analoqu olmayan və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. 27 il öncə Xocalıda baş verən hadisələr yeganə bir məqsədlə törədilib - dinc sakinləri milli mənsubiyyət əlamətinə görə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər "soyqırımı” anlayışına uyğundurdünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Dünən bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. On minlərlə insan soyqırımı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb şəhidlərin ruhuna dualar oxudular.

Ümümxalq yürüşü həm də qürurverici bir təəssürat yaratdı. Ali Baş Komandanına güvənən xalq dünyaya nümayiş etdirdi ki, Baş Sərkərdəsinin arxasınca Qarabağa da belə yürüş etməyə hazırdır. Lələtəpə və Günnüt zəfərləri, Azərbaycan Prezidentinin həm ordu quruculuğu, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı qətiyyətli addımlar xalqın qələbəyə inam hissini daha da gücləndirib.

İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı ölkə vətəndaşlarını qürurlandırır, cəmiyyətdə, gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsini yüksəldir. Məhz İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı ilbəil artır. Bu gün dünyanın 13 ölkəsi və ABŞ-ın 22 ştatı parlament səviyyəsində, beynəlxalq qurumlarda isə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyır. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bununla yanaşı, Ermənistanın işğalçı dövlət olması faktı BMT Təhlükəsizik Şurasının, BMT Baş Assambleyasının, ATƏT-in 1996-cı il Lissabon Sammitinin, AŞ PA-nın, Avropa Parlamentinin, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” Sammitinin, Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının sammitlərinin bəyannamələrində, qəbul edilən qətnamələrdə öz əksini tapıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər, Heydər Əliyev Fondu tərəfindən sistemli və məqsədyönlü şəkildə aparılan "Xocalıya ədalət!” kampaniyası artıq real nəticələr verir. Bütün bunlar bir daha təsdiqləyir ki, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Belə güclü yəqinliyi şərtləndirən ən böyük amillər - xalqın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlət başçısının qətiyyətli mövqeyidir. Faciənin 27-ci ildönümündə keçirilən ümümxalq yürüşündə nümayiş etdirilən həmrəylik də məhz bu amildən qaynaqlanırdı.

Xalq məhz Ilham Əliyevin ardınca yürüyürdü...

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-27 fevral.- S.1.