Əli Həsənov:
“Xocalı soyqırımını
törədənlər illərlə
Ermənistanı idarə
etdilər”
Fevralın 25-dən 26-na
keçən gecə
ermənilər sovet tankları və Sovet İttifaqının
366-cı motoatıcı alayının
dəstəyi ilə Xocalı şəhərinə
hücum etdilər. Xocalı şəhəri
bir gecədə yer üzündən silindi, 613 nəfər, o cümlədən qadınlar,
uşaqlar və yaşlılar vəhşicəsinə
qətlə yetirildi.
Yüzlərlə sakin əsir
alındı. Onlardan 150-dən çoxunun taleyi hələ də məlum deyil. Ermənilər dinc əhalinin
yaşadığı şəhərdə
insanlığa sığmayan
dəhşətli qətliam
törətdilər. Xocalı soyqırımını
törədənlər sonradan
Ermənistanda illərlə
baş nazir və prezident vəzifələrində ölkəni
idarə etdilər.
Hətta
Ermənistanın sabiq
prezidenti Serj Sarkisyan Xocalıdakı qətliama israrla bəraət qazandıraraq,
o gecə törətdiklərini
etiraf etdi.
AZƏRTAC xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi-şöbə
müdiri, professor Əli
Həsənov Xocalı
soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin
Anadolu Agentliyinə müsahibəsində deyib.
İyirmi yeddi il əvvəl törədilən Xocalı
faciəsinin ermənilərin
son 200 ildə azərbaycanlılara
qarşı törətdikləri
soyqırımlarından biri
olduğunu vurğulayan
Əli Həsənov ermənilərin Qafqazda möhkəmlənmək üçün
həyata keçirdikləri
etnik təmizləmə
siyasətinin bunun ən mühüm səbəbi olduğunu bildirib. Ermənilərin bu siyasəti havadarlarının dəstəyi
ilə həyata keçirdiklərini qeyd edən Prezidentin köməkçisi deyib:
"Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni
millətçilərinin davamlı
olaraq etnik təmizləmə, soyqırımı
və təcavüzkarlıq
siyasətinə məruz
qalıb, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə
çevriliblər. "Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə
çatmaq üçün
xarici himayədarların
köməyi ilə müxtəlif vaxtlarda soyqırımları törədiblər.
Təkcə XX əsrdə azərbaycanlılar
dörd dəfə –
1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və
1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə
məruz qalıblar.
1915-1918-ci illərdə ermənilər Bakıda, Qubada və Azərbaycanın digər
bölgələrində Xocalı
qətliamından daha
qanlı və insan tələfatı baxımından daha böyük soyqırımları
törədiblər. Ermənilər həmin dövrdə təkcə Bakıda təxminən 20 min nəfəri
qətlə yetiriblər.
Daha sonra 1948-1953-cü illərdə
Sovet İttifaqı tərəfindən 150 min azərbaycanlı
Ermənistandan deportasiya
edilib. Bununla da Ermənistanda
heç bir türkün və müsəlmanın qalmaması
ilə bağlı məqsədlərinə çatmaq
yolunda böyük addım atılıb”.
Ermənilərin 1988-ci ildən Sovet İttifaqının dağılmasına
qədər olan dövrdə azərbaycanlılara
qarşı açıq
şəkildə torpaq
iddiası qaldırdıqlarını
bildirən Əli Həsənov bu işğalçılıq siyasəti
nəticəsində 1988-1994-cü illərdə Dağlıq
Qarabağ bölgəsinə
və ətraf rayonlara fasiləsiz hücumların olduğunu
vurğulayıb. İşğal nəticəsində bir milyondan çox
azərbaycanlının məcburi
köçkünə çevrildiyini,
yaşayış məntəqələrinin
yerlə-yeksan edildiyini,
kütləvi qətliamların
törədildiyini deyən
Prezidentin köməkçisi
Xocalı soyqırımının
bunların arasında
ən qanlı faciə olduğunu deyib.
Xocalı soyqırımı
ilə bağlı həqiqətlərin bütün
dünyaya çatdırılmasında
Anadolu Agentliyinin də rolunu xüsusi vurğulayan Əli Həsənov deyib: "Qətliamdan sonra bütün dünya mediası yaşanan dəhşəti
öz səhifələrində
təqdim etdi. Azərbaycan həmin dövrdə informasiya blokadasında idi. Bu blokada
Anadolu Agentliyinin dəstəyi ilə yarıldı və soyqırımı həqiqətləri
dünyaya çatdırıldı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının
dəstəyi ilə Prezident seçilməsindən
sonra ölkəmiz sürətlə inkişaf
etməyə başladı.
Bütün sahələrdə
olduğu kimi, media sahəsində də əsaslı dəyişikliklər
baş verdi.
İndi Azərbaycan mediası dünyanın ən güclü media qurumları
ilə rəqabət aparacaq səviyyədədir”.
Ermənistanın işğalçılıq
siyasətini bu gün də davam etdirdiyini bildirən Əli Həsənov BMT, Avropa İttifaqı, Avropa Şurası və NATO kimi beynəlxalq qurumların qərar və qətnamələrinin
tələblərinin yerinə yetirilmədiyini diqqətə çatdıraraq,
Ermənistanın işğal
etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsinin vacibliyini vurğulayıb.
"Ermənistanın
işğalçılıq siyasətini davam etdirməsi hər an qanlı müharibəni
alovlandıra bilər”,
- deyən Əli Həsənov 2016-cı ilin
Aprel döyüşlərinin
yeni bir müharibənin necə ağır nəticələr
doğura biləcəyini
göstərdiyini bildirib:
"2016-cı ilin Aprel
döyüşləri Azərbaycan
Ordusunun qısa müddətdə öz torpaqlarını işğaldan
azad etmək gücündə olduğunu
Ermənistana və bu ölkənin himayədarlarına göstərdi.
Bu gün müasir
silahlara sahib olan Azərbaycan Ordusu dünyanın ən güclü və hazırlıqlı ordularından
biridir. Ermənistanın
işğalçılıq siyasətinin davam etməsi hər an qanlı müharibənin
fitilini alovlandıra bilər. Bu müharibədə
on, bəlkə də
yüz minlərlə
insan həlak ola bilər.
Amma biz münaqişənin
beynəlxalq hüququn
norma və
prinsipləri əsasında
sülh yolu ilə həllinin tərəfdarıyıq. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı kimi
mötəbər beynəlxalq
təşkilatlar Ermənistanı
işğalçı dövlət
olaraq tanıyıb, işğal altındakı
torpaqların azad olunmasını tələb
ediblər. Lakin ermənilər
beynəlxalq hüquq normalarına, bu qərar və qətnamələrə hörmətsizlik
göstərirlər”.
Türkiyə ilə Azərbaycan arasında sarsılmaz əməkdaşlığın olduğunu vurğulayan Əli Həsənov
2007-ci ildə Bakıda
keçirilən qurultayın
bunun konkret göstəricisi olduğunu
bildirib. İkitərəfli
əlaqələrin dövlətlərimizin
başçılarının birgə səyləri ilə daha da
gücləndiyini qeyd
edən Prezidentin köməkçisi deyib:
"Azərbaycan dövləti
ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə,
indi isə Prezident İlham Əliyevin rəhbərliyi
ilə Xocalı soyqırımının dünyada
tanıdılması, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi haqqında
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
üçün bütün
lazımi addımları
atıb və atmağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "Bir millət, iki dövlət” olduğumuz kimi, "iki dövlət, bir lobbi”, "iki dövlət, bir diaspor” istiqamətində qəti iradə nümayiş etdirirlər.
2007-ci ildən
etibarən bütün
dünyada Türkiyə
və Azərbaycanı
təmsil edən lobbi və diasporlar
həm Ermənistanın
uydurma soyqırımı
iddialarına qarşı,
həm də Xocalı soyqırımının
dünyaya çatdırılması
məsələsində birlikdə
mübarizə aparır. Buna dövlətlərimiz, ziyalılarımız,
universitetlərimiz, tələbələrimiz,
bütün sosial
media vasitələrimiz və
dövlət təşkilatlarımız
dəstək verir.
Erməni diasporu və
dövləti, qondarma
soyqırımı iddialarını
davamlı olaraq gündəmdə saxlamaqla,
əslində, Xocalı
soyqırımını unutdurmağa
çalışır. Hər il
beynəlxalq platformalarda
ermənilərin soyqırımı
iddialarının yalan
olduğunu, əslində
ermənilərin Anadolu
türklərinə və
azərbaycanlılara qarşı
qırğınlar törətdikləri
ilə bağlı bütün həqiqətləri
dünyaya çatdırırıq.
Dünya
artıq bir virtual informasiya şəbəkəsinə
çevrilib. Türkiyə və Azərbaycan sosial şəbəkələrdəki
mübarizədə birgə
hərəkət etməlidir.
Biz, iki qardaş
dövlət olaraq, birlikdə fəaliyyət
göstərməyin gücümüzə
güc qatacağına
inanırıq”.
Əli Həsənov
qondarma soyqırımı
iddialarını qəbul
edən ölkələrdə
ermənilərin lobbiçilik
fəaliyyəti barədə
danışaraq deyib:
"Bəzi Avropa dövlətləri Ermənistanın
heç bir sübutu olmayan qondarma soyqırımı
iddialarını tanıyır.
Lakin 27 il
əvvəl bütün
dünyanın gözləri
qarşısında törədilən
Xocalı qətliamını
hansı səbəbdən
görmür? Amma biz burada
da işləri dayandırmamalıyıq. Bu
dövlətlərin ictimaiyyəti,
parlamenti, vətəndaş
təşkilatları və
xalqı ilə çalışmalıyıq. Biz konfranslar təşkil
edərək onlara faktları çatdırmalıyıq.
Biz ermənilərin soyqırımı
iddialarının yalan
olduğunu və 27 il əvvəl
Xocalıda baş verənlərin həqiqət
olduğunu anlatmalıyıq.
Bunu hamımız birlikdə etməliyik. Azərbaycan diasporunun
güclü olduğu
yerdə azərbaycanlılar,
türk diasporu güclü olan yerdə türklər bu məsələni gündəmdə saxlamalıdırlar”.
İslam dünyasına
çağırış edən Əli Həsənov söhbətini
bu sözlərlə yekunlaşdırıb: "Bu gün
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda Türk-İslam dünyasının
maraqlarının qorunması
və mövcud problemlərin həlli üçün birlikdə
hərəkət edir.
Bütün dünyada müsəlmanlara
qarşı təzyiqlərə
ən çox sinə gərən ölkələrin Türkiyə
və Azərbaycan olması inkar edilə bilməz bir həqiqətdir. İslam dünyasının mövcud
problemlərinə qarşı
da heç bir zaman laqeyd
qalmadıq. İslam dünyasındakı
dövlətlər də
bizim problemlərimizə
biganə qalmamalı,
həm Xocalı soyqırımının tanınmasında,
həm də ermənilərin qondarma soyqırımı iddialarına
qarşı mübarizədə
iştirak etməlidir.
Unutmamalıyıq ki, ermənilər
işğal etdikləri
Azərbaycan torpaqlarında
həm müsəlman
qırğını törədib,
həm də müsəlmanların müqəddəs
yerlərini dağıdıblar”.
Azərbaycan.- 2019.-27 fevral.- S.3.