“Xocalıya ədalət!” kampaniyası çərçivəsində
Suraxanı rayonunda ağacəkmə
aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!”
kampaniyasının təşəbbüskarı Leyla Əliyeva aksiyada iştirak edib
Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Bakının Suraxanı rayonundakı “Neftçilər” parkında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva aksiyada iştirak edib.
Suraxanı rayon gənclərinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin iştirak etdikləri aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib.
Aksiyada 200-dən çox gənc iştirak edib.
“Xocalıya ədalət!”
beynəlxalq maarifləndirmə kampaniyası Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildən həyata keçirilir.
Kampaniya
Xocalı soyqırımının, Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi səbəbləri
və nəticələri, həmçinin Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
qeyd-şərtsiz və dərhal
çıxarılmasının zəruriliyi ilə
bağlı beynəlxalq maarifləndirmənin
artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ
qalmış ailələrə dəstək göstərilməsinə,
bu hadisələrin yaddaşlarda
yaşamasına, xüsusən də gənc nəsil tərəfindən
unudulmamasına yönəlib. Kampaniya çərçivəsində
təşkil edilən tədbirlərdə əsas diqqət
kütləvi qırğınlara, etnik təmizləmə,
irqi və ya dini ayrı-seçkilik hallarına
qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı
soyqırımı qurbanları ilə həmrəyliyi ifadə
etməyə və Xocalıda azərbaycanlılara
qarşı törədilmiş cinayətlərə görə
cəzasızlıq halları ilə mübarizəyə
istiqamətlənib. Bu kampaniya
bir çox ölkələrdə
səmərəli şəkildə fəaliyyət göstərir.
Azərbaycan.-
2019.-27 fevral.- S.4.