Müasir
İncəsənət Muzeyində Xalq rəssamı Arif
Hüseynovun “Qarabağnamə - tarixin səhifələri”
adlı sərgisi açılıb
Fevralın 26-da Müasir İncəsənət
Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun
Xocalı soyqırımının 27-ci ildönümü ilə
əlaqədar "Qarabağnamə - tarixin səhifələri”
adlı sənədli-bədii qrafika sərgisi
açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə
rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri
nümayiş olunur.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Müasir İncəsənət
Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı
soyqırımının 27-ci ildönümü ilə əlaqədar
müxtəlif anım tədbirləri keçirilir. Heydər
Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və
xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində
dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da
artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ
mövzusunda əsərlərindən ibarət bugünkü
sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə
təşkil edilib və buna görə Fondun rəhbərliyinə
təşəkkür edirik.
Sərginin əhəmiyyətindən
danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər
tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban
kilsəsi, tarixi yerlərin mənzərələri və
tarixi şəxsiyyətlərin portretləri təsvir olunub.
Əsərlərdə Türkmənçay müqaviləsi,
Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid
kompozisiyalar əks etdirilir.
Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın
tarixində yaşanan kədərli və fərəhli hadisələrə
hər zaman sənətkarlarımız tərəfindən bədii
münasibət göstərilib. Xocalı soyqırımı
xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir
ki, ona münasibət göstərməmək
qeyri-mümkündür.
"Xalq rəssamı Xanlar Əhmədov,
tanınmış kinorəssam Nazim Məmmədov və digər
fırça ustaları bu hadisələri öz əsərlərində
təsvir ediblər. Arif Hüseynovun əsərlərində
tarixə, yaşanılan hadisələrə sənədli
münasibət mövcuddur. Düşünürəm ki, belə
əsərlərin ölkəmizin hüdudlarından kənarda
da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin
dünyaya tanıdılması və təbliğində
yardımçı ola bilər. Sərginin təşkil
olunmasına verdiyi dəstəyə görə Heydər
Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı
bildiririk”, - deyə Ziyadxan Əliyev bildirib.
Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
söyləyib ki, sərgidəki əsərlərdə
xalqımızın ağrı-acıları əks olunub. Belə
sərgilər mütəmadi olaraq təşkil edilməlidir.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov,
kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək
sərginin əhəmiyyətini vurğulayıb, müəllifə
yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra tədbirin
iştirakçıları sərgi ilə tanış
olublar.
Xalq rəssamının sərgidə
nümayiş etdirilən "I Pyotrun məktubu”,
"Türkmənçay müqaviləsi”, "Güllələnmiş
heykəllər”, "Qarabağ müharibəsi”, "Pənahəli
xan”, "Xalq musiqiçiləri” kimi əsərlərində
tarixi həqiqətlərin rəssam təxəyyülü ilə
ərsəyə gətirdiyi təsvirlər kifayət qədər
cəlbedici və yaddaqalandır. Sərgidəki bütün əsərlər
qravüra janrında işlənilib. Sərgi
bütövlükdə tarixi faktlar əsasında qurulub və
maarifləndirici xarakter daşıyır.
Uzun illərdir ki, rəssam
vaxtının bir hissəsini gənc nəslin nümayəndələri,
uşaq və yeniyetmələrlə işləməyə sərf
edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi
üçün yeni rəssamlar hazırlayır. Rəssam
öz əsərləri ilə Azərbaycan xalqının zəngin
daxili dünyasını və xüsusiyyətlərini təsvir
edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə
daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar,
tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin
portretləri təsvir olunur.
Azərbaycan.- 2019.-27 fevral.- S.4.