Tarix İnstitutunda Xocalı
soyqırımı qurbanlarının xatirəsi anılıb
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi konfrans keçirilib. Tədbir Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 20 Yanvar və Xocalı faciələrinin 1918-ci il mart soyqırımının davamı olduğunu qeyd edib. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında abidələr məhv edilir və tarix saxtalaşdırılır.
Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Cəbi Bəhramov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi ilə institut soyqırımına həsr olunan 5 beynəlxalq konfrans keçirib. İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: “Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımları haqqında ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.
AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə bildirib ki, Xocalı faciəsi Azərbaycanın 200 illik qanlı tarixinin son soyqırımıdır.
Tarixçi alimlər Vaqif Abışov, Raisə Cəfərova və Rəşad Mustafa qeyd ediblər ki, Tarix İnstitutu erməni təcavüzkarlarının işğalçılıq siyasətinə qarşı müxtəlif dillərdə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və digər kitabları nəşr etdirib.
Gənc tədqiqatçılar
Ramin Quliyev, Lamiyə Sultanova, Günay Nəciyeva
və Nərmin Xanməmmədova öz məruzələrində
bildiriblər ki, XX əsrdə azərbaycanlılar
4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və
1988-1993-cü illərdə kütləvi qırğınlar,
soyqırımları və etnik təmizləmələrə
məruz qalıblar.
Azərbaycan.-
2019.-27 fevral.- S.4.