Milli birlik
27 ildir ki, soydaşlarımızın
dilinin əzbərinə,
nənələrin ağı-bayatısına
çevrilib tar-mar edilən,
"tonqal”lara atılan
ulu yurd yerimiz - Xocalımız. Dünən paytaxt
sakinləri, eləcə
də şəhərin
qonaqları Xocalı soyqırımının növbəti
anım tədbirinə
toplanmışdı. Azadlıq meydanından başlayan yürüş Xətai rayonu ərazisindəki
"Ana harayı” abidəsinə
istiqamət götürdü.
Azərbaycan Prezidenti İlham Əliyevin və ailə üzvlərinin, rəsmi dövlət orqanlarının,
xarici ölkələrin
respublikamızdakı diplomatik
korpusunun nümayəndələrinin,
Milli Məclisin deputatlarının, dövlət
və ictimai xadimlərin, ayrı-ayrı
idarə və müəssisələrin, ali
məktəb tələbə-müəllim
heyətlərinin qatıldığı
yürüşün izdihamı
milli birliyin nümayişi idi.
Yürüş iştirakçıları
arasında şəhid
Xocalının şahid
xocalılıları da
az deyildi.
"Ana harayı” abidəsinin ətrafında
göz yaşı axıda-axıda doğmalarının
daşa həkk edilən adlarını axtaranlardan biri də Xalidə Hüseynova idi. Bu şəhid bacısı
siyahıda 3 doğmasının
- atasının, anasının
və qardaşının
adlarını tapır.
O anladır ki, hadisədən bir həftə sonra doğmalarının meyitlərini
meşədən tapıblar:
"Onları Bərdənin
Yeni Həyat kəndində torpağa tapşırdıq. Mərhum Milli
Qəhrəman Çingiz
Mustafayevin ağlaya-ağlaya
çəkib göstərdiyi
cəsədlərin arasında
idilər. Budur, baxın, Hüseyn, Həsən, Ziynət, Yunis, Rəşid, Sədaqət...”
O gecə iki qardaşından əli üzülən Pərvanə Məmmədovanın
isə itkiləri yalnız bunlar olmayıb: "...Qaynatam başda olmaqla, nəslimizdən o gecə
15 nəfər itirmişik.
Bu abidəni nə
yaxşı ki, ucaldıblar. Dövlət başçısına, xocalılıların
bacısı qədər
çox istədiyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq
ki, şəhidlərimizin
adını həmişə
uca tutublar. Bu abidə də
bizə bir təsəllidir, yoxsa hara ziyarətə gedə bilərdik? Xalqımız xocalılıların dərdinə illərdir ki, şərik çıxır. İnanırıq ki, Xocalının qisası alınacaq, torpaqlarımız azad ediləcək. Xocalıda doğulmayan
uşaqlar o yerlərdə
yenidən qurub-yaradacaqlar.
Xocalının başı
əzəldən bəlalı
olub: dolub-boşalıb”.
Solmaz İsmayılova 63 nömrəli
tam orta məktəbin
müəllimidir. Xocalıda dünyaya göz açmış bu ana da 613 nəfərlik
şəhid siyahısındakı
adların arasından
doğmalarını axtarıb
tapır: Həmid və Tariyel Səmədov qardaşları.
Solmaz xanım Həmid Səmədovun ömür-gün
yoldaşıdır. Deyir ki,
qaynı Tariyelin meyitini hadisə yerindən çıxara bilməyiblər. Həyat
yoldaşını isə
Ağcabədinin Təzəkənd
kəndində dəfn
ediblər...
Gözüyaşlı analardan biri də Gülayə Orucovadır. 16 yaşlı
balasını - Cavan Canan oğlunu o gecə itirib. Dörd gün meşədə gizlənsələr də,
sonradan onları əsir götürüblər.
Gənc və yeniyetmə oğlanları onlardan ayırıb naməlum istiqamətə aparıblar
ki, ölmüş ermənilərin məzarı
üstündə başlarını
kəssinlər. Həyat
yoldaşı ilə birlikdə min bir məşəqqətlər yaşadığı
əsirlikdən qurtarıb
gəlsələr də,
oğlundan hələ
də bir soraq ala bilməməsi onu dağlayır...
Yürüş iştirakçıları arasında
respublikamızın tanınmış
ziyalıları da var idi.
Teymur Kərimli,
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik:
- Bütün dünyanın gözü
qarşısında baş
verən bu dəhşətli soyqırımının
əsl mahiyyəti üzdədir. Dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Xocalı
soyqırımının dünyada
tanıdılması və
ona siyasi qiymət verilməsi istiqamətində böyük
işlər görülür.
Artıq
dünyanın müxtəlif
ölkələrində, diasporlarda,
elm və təhsil müəssisələrində "Xocalıya ədalət!” şüarı altında
tədbirlər keçirilir.
Son 15 ildə bu tədbirlərin coğrafiyası genişlənib.
Bu, bəşəriyyətə
qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımı Azərbaycan
xalqının XX əsrdə
üzləşdiyi dəhşətli
faciələrdən biri
olmaqla, Xatın, Liditsa, Qaradur, Srebrenitsa soyqırımı
kimi insanlıq tarixinə düşmüş
qanlı hadisədir.
Araz ƏHMƏDOV,
İnternat Məzunlarının
Sosial İnteqrasiya Gənclər İctimai Birliyinin sədri:
- Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınması üçün
dünya azərbaycanlılarının
da üzərinə çox böyük məsuliyyət düşür.
Tarixin ən qəddarcasına törədilmiş
kütləvi terror aktına
qarşı səsimizi
bir daha ucaltmalıyıq!
Xocalının qisasının alınması
faciənin mahiyyətinin
dünya ictimaiyyətinə
olduğu kimi çatdırılmasından keçir. Düzdür, dövlət başçısı
İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya
ədalət” devizi artıq nəticəsini göstərməkdədir.
Xocalı, ümumiyyətlə, Qarabağ
dərdləri bizi daha çox birləşdirir. Həmin birliyin bu gün şahidiyik.
Bu, işğalçı Ermənistana
və haqqa göz yuman,
ikili standartlardan xilas olmayan bir
sıra beynəlxalq birliklərə mesajdır:
Biz Xocalıya dönəcəyik!
Biz Qarabağımızın
işğal altında
qalmasına dözməyəcəyik.
Buna hərbi, iqtisadi gücümüz və sıx birliyimiz də sübutdur!
Öz kiçik
hekayə və nağılları ilə
uşaqların sevimlisinə
çevrilən Gülzar
İbrahimova da ziyarətçilər arasında
idi:
- Fəryadımızı
ucaltdığımız günlərdən
bizi az
zaman ayırmır -
27 ildir! O zaman köməyimizə gələn
olmadı! Heç olmasa bu gün
dünya birliyi Xocalıya ədalət prizmasından yanaşmalı,
Ermənistanın təcavüzkar
siyasətinə cavab olaraq işğalçılara
öz yerini göstərməlidir!
Azərbaycan dövlətinin apardığı
siyasət nəticəsində
bu haqsızlıq artıq dünya xalqlarının diqqətinə
çatdırılır. Bu gün
biz şəhid xocalılılara
yas saxlamaqla yanaşı, onun fəryadlarını dünyaya
bəyan edir və təcavüzkarı
susdurmağa çağırırıq!
Zeynəb Dərbəndli,
Dərbənddə yaşayan
azərbaycanlı şairə:
- Son illər faciənin ümumxalq mitinq-yürüş halında
anılması vətəndən
kənarda yaşayan azərbaycanlı kimi məndə belə bir inam yaradır
ki, bu məsələdə
artıq milli həmrəyliyə nail olmuşuq.
Vətəndaşı olduğum Rusiyanın
müxtəlif bölgələrində
də Xocalı faciəsinin qurbanları anılır, məscidlərdə
Qurandan ayələr oxunur, ehsanlar verilir. Bunu xalqımızın birliyi kimi dəyərləndirirəm.
"Ana harayı” abidəsini ziyarət etməklə mən də öz milli vətənpərvərlik
hisslərimi xalqımla
paylaşır, xocalılıların
dərdinə şərik
çıxıram.
Tamella Kərimova,
Bakı şəhəri
Nərimanov rayonundakı
8 nömrəli poliklinikanın
baş həkimi:
- Xocalı faciəsi xalqımızın
yaddaşından heç
vaxt silinməyəcək.
Bu yürüşdə Nərimanov rayonunun səhiyyə işçilərinin
əksəriyyəti iştirak
edir. Əminik ki, Azərbaycan
Prezidentinin uzaqgörən
siyasəti sayəsində
Xocalıda öldürülən,
itkin düşən,
girov götürülən,
şəhid olan hər bir azərbaycanlının
intiqamı alınacaq.
YAP-ın poliklinika üzrə ilk təşkilat
katibi Rafael Bayramov, həkimlərdən Arzu Səfərova, Amil Eyvazov, Svetlana Nəcəfova,
Firuz Nağıyev, Sevinc Həsənova, Elzamə Hacıyeva və digərləri bu yürüşdə iştirakı özlərinə
vətəndaşlıq borcu
hesab edirlər. Deyirlər ki, qoy bütün bəşəriyyət səsimizi
eşitsin, Azərbaycan
torpaqları işğaldan
azad olmalıdır, ədalət zəfər çalmalıdır!
Telman Musayev,
Bakı şəhəri,
Nizami rayon sakini:
- Xocalı faciəsi xalqımızın,
insanlığın qan
yaddaşına yazılmış
ən dəhşətli
hadisədir. Soyqırımı zamanı Ermənistan
silahlı qüvvələrinin,
sovet qoşun birləşməsinin 366-cı alayının iştirakı
ilə milli mənsubiyyətinə görə
yüzlərlə soydaşımızı
vəhşicəsinə qətlə
yetirdilər. Bu gün yaxın dostlarım Əli və Əlirza Abışovla birlikdə yürüşə qoşulmağı
özümüzə borc
bildik. Xocalı faciəsi millətimizin
qan yaddaşıdır.
Bu faciə heç
vaxt unudulmayacaq.
Nurəddin Adıgözəlov,
"Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin
müdiri:
- Baş idarədə, eləcə
də cəmiyyətin
rayon şöbələrində anım günləri keçirmişik. Bu gün kollektivimiz boyük ürək ağrısı ilə yürüşə qoşulub.
Erməni vandalları nənələrimizin,
babalarımızın, analarımızın,
atalarımızın, körpələrimizin,
qardaş-bacılarımızın başına müsibətlər
açıblar. Belə haqsızlığı
nə dünya birliyi, nə də tərəqqipərvər
insanlar heç vaxt bağışlamamalıdır.
Bu, bəşəriyyətə,
insanlığa qarşı
vəhşilikdir.Bu tarix
heç zaman unudulmayacaq. Biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti
nəticəsində şəhid
Xocalı və digər Qarabağ torpaqları işğaldan
azad olunacaq.
Məhəmməd NƏRİMANOĞLU
Rəhman SALMANLI
Azərbaycan.-
2019.-27 fevral.- S.5.