Lerikdə ümumrayon yürüşü keçirilib

 

Tarixin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Lerikdə də "Şəhidlər” abidə kompleksinə ümumrayon yürüşü və Xocalı şəhidlərinin xatirəsini anma mərasimi keçirildi. Yürüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Şəhərin mərkəzindən, Bayraq meydanından "Şəhidlər” abidə kompleksinə doğru hərəkətə başlayan və minlərlə insanın iştirak etdiyi yürüşün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.

Yürüşdə yüzlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar əks olunmuş plakatlar tutmuşdular.

Yürüş iştirakçıları "Şəhidlər” abidə kompleksinin önünə tər gül-çiçək dəstələri düzərək, şəhidlərin xatirəsini dərin hüznlə yad etdilər.

Anım mərasimində rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Əlipənah Bayramov çıxış edərək bildirdi ki, tarixə nəzər saldıqda hələ XIX əsrin əvvəllərindən etibarən imperiyanın siyasi alətinə çevrilmiş ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunmağa başlanmışdır. XX əsrin ən qanlı hadisələrindən olan, erməni-sovet hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı nəticəsində yeddi min nəfər sakini olan Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı.

Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran ümummilli lider Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə 26 fevral Xocalı Soyqırımı Günü elan olunmuşbu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondudünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl aparılır, dünyanın, demək olar ki, əksər dövlətlərində hər il müxtəlif tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədilə filmlər, fotosərgilər nümayiş etdirilir.

Daha sonra Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

Azərbaycan.- 2019.-27 fevral.- S.5.