Erməni təxribatının silinməyən izləri

 

Sumqayıt hadisələrindən 31 il ötür

 

Düz 31 il əvvəl - 1988-ci il fevral ayının 27-28-də Sumqayıtda erməni millətçiləri xaricdə yaşayan havadarlarının köməyi ilə qanlı aksiya törətdilər. İllər ötsə də, faktlar, rəqəmlər hər şeyi tarixin yaddaşında saxlayır.

Separatçı, millətçi, terrorçu ermənipərəst qüvvələr Sumqayıtda tüğyan edən iğtişaşlar zamanı müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil sındırılmış, şəhərə təxminən 10 milyon dolları məbləğində ziyan dəymişdir.

Erməni millətçiləri tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı xəyanətlər etmiş, ölkəmizə qarşı əsassız ərazi iddiaları qaldırmış, "Böyük Ermənistan” xülyasına çatmaq üçün hər cür hiylələrə, təxribatlata əl atmışlar. Sovet imperiyasının iflasa uğradığı ərəfədə də ermənilər məkrli planlarını davam etdirmişlər. Sumqayıt hadisələri zamanı iyrənc niyyətlərini yerinə yetirmək istəyən hər cür hiyləyə əl atmışdılar. Ermənilər Sumqayıtı təsadüfi hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdundan qaçqın düşmüşdü. Həmin dövrdə onların çoxu Sumqayıta pənah gətirmişdilər. Hadisələrin gedişi sübut edir ki, bu təxribatlar əvvəlcədən planlaşdırılmışdı. Fevral ayının 27-də hadisələrə birbaşa start verilmişdi. Mart ayının 1-də isə şəhərdə komendant saatı elan olunmuşdu. Sovet qoşunları isə hələ də gözləmə mövqeyi tuturdular. Bütün tapşırıqlar birbaşa Moskvadan verilirdi. Heç də təsadüfi deyil ki, 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında Mixail Qorbaçov demişdi ki, "qoşunlar Sumqayıta bir saat gecikmişdi”. Amma SSRİ müdafiə naziri Yazov "Sumqayıtın əks sədası” sənədli filminin çəkiliş qrupuna verdiyi müsahibəsində bu fikri təkzib etmişdir. Filmin ssenari müəlliflərindən biri, jurnalist Eyruz Məmmədov yazır ki, "Yazov tam ciddiliyi ilə bizə bildirdi ki, sovet qoşunları heç vaxt heç bir yerə gecikmir. Baş komandanın əmri olmadan komendant saatı elan oluna bilməz, nə də əsgərlər silah işlətmək, güllə atmaq belə fikrində ola bilməz”.

Sumqayıtın təxribatlar üçün məkan seçilməsi öncədən müəyyənləşdirilmişdi. Bu hadisələrin əsas təşkilatçısı isə Eduard Qriqoryan adlı bir tüfeyli seçilmişdi. O, "Kruq” cəmiyyətinin fəal üzvü, dəfələrlə məhkum olunmuş quldur idi. Heç yerdə işləmirdi, "Paşa” ləqəbi ilə tanınırdı. Hadisələr zamanı öz ətrafına müəyyən insanlar toplamış, onları pulla şirnikdirmiş, qanlı cinayətlərə, terrora cəlb etmişdir. Həmin gün Sumqayıtda iğtişaşlar onun təşəbbüsü ilə başladı... Şəhərdə qanlı hadisələr başlayanda o qədər yalanlar, uydurmalar, şayiələr yayılımışdı ki... Hələ 1988-ci il 30 mart tarixli sayında "İzvestiya” qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdi: "Sumqayıt: istintaqa şayiələr mane olur...” O vaxt SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işə cəlb olunsa da, hər cür yalan və şayiələr, uydurmalar istintaqın gedişinə mane olurdu. Sumqayıt hadisələrində həlak olanların sayını dəfələrlə artırırdılar. Hətta uydurmalara görə, guya Sumqayıtda min nəfərə qədər adam öldürülmüşdür. Yenə də ermənilər köhnə vərdişlərindən əl çəkmir, həqiqəti boğmağa çalışırdılar. Sumqayıtda törədilən qanlı cinayətlərlə bağlı SSRİ Baş Prokurorluğunun istintaq qrupunun rəhbəri Qalkin yazırdı ki: "Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilib, 8 qadın zorlanmışdır...”

Belə silsilə cinayətlərə havadarlıq edənlər onu dəfələrlə həbsxanadan azad etdirmişdilər. Ona görə ki, "Paşa” ləqəbli bu cinayətkar ermənilərin hər cür təxribatlarını həyata keçirməyə hazır idi. Bir faktı qeyd edək ki, Sumqayıt hadisələrindən cəmi bir gün sonra Serqo Xanzadyan, Zori BalayanSilva Kaputikyan Qorbaçovla görüşür və həmin görüşün nəticəsi olaraq dərhal Sumqayıta ordu yeridilir. Elə həmin gündən şəhərdə komendant saatı başlayır. Əlbəttə, hadisələr baş verməmişdən əvvəl əgər Qorbaçov ədalətli mövqe tutub prinsipiallıq göstərsə idi, hadisələr bu həddə çatmazdı. Amma o bunu etmədi. Hadisələr zamanı "xilaskarsovet ordusunun vəhşilikləri ilə üzləşən adamların sayı çox olub.

1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, bir-birini tamamlayan şayiələr, uydurmalar daha geniş çərçivədə yayılırdı. Komendant saatından sonra cəmi iki gün ərzində iki minə yaxın adam həbs olunmuşdur. Qəribə burasıdır ki, ən qısa müddətdə dünyanın ucqarlarından erməni jurnalistləri Sumqayıtda peyda olmuş və hadisələrin təbliğinə çalışmışdılar. Jurnalist Eyruz Məmmədov yazır ki, İsveçrədən Artaşes Qabrilyan adlı birisi videokamerası ilə həmin günlərdə Sumqayıtın küçələrini sərbəst gəzib-dolaşırdı. "Azadlıq” radiosunun erməni redaksiyası bu hadisələrlə bağlı ciddi əks-təbliğata başlamışdır. Erməni tarixçiləri də silsilə saxta kitablar dərc etdirib yayırdılar. Sumqayıt hadisələrini araşdıran analitiklər, jurnalistlər bu qənaətə gəlmişdilər ki, iğtişaşların, törədilən cinayətlərin ssenarisi birbaşa Moskvada hazırlanmışdır. Həmin dövrdə "Krunk” erməni təşkilatının üzvlərindən bir qrupu Sumqayıtda yaşayırdı. Onlar ermənilərlə sıx əlaqə saxlayır, hadisələri hansı ardıcıllıqla davam etdirmək üçün təlimatlar alırdılar. Onu da qeyd edək ki, Sumqayıtda yaşayan ermənilərin yaşayış tərzi o qədər də aşağı səviyyədə deyildi. Hadisələrdən sonra Ermənistana köçənlər orada uzun müddət yaşaya bilmədilər. Bir qrupu Rusiyanın müxtəlif şəhərlərinə üz tutdu, digərləri isə Ermənistanda məskunlaşmağa can atdılar. Ermənilər özləri də sonradan etiraf etməli oldular ki, üz tutduqları yerlərdə onlara münasibət o qədər də yaxşı olmayıb. Həmin illərdə ölkəmizdə tolerantlıq o qədər güclü idi ki, hətta orta məktəblərdə də erməni dili tədris olunurdu. O vaxtlar işlədiyim Azərbaycan televiziyasında ayrıca erməni redaksiyası fəaliyyət göstərirdi. Həmin redaksiyada cəmi bir azərbaycanlı işləyirdi. Bütün bunlar sübut edir ki, milli münasibətlər zəminində ciddi problemlər yox idi. Amma erməni millətçiləri bu iğtişaşları törətmək üçün hər cür saxta və iyrənc yollara əl atırdılar...

Həmin illərdə Sumqayıtda gənclər çox idi. Onlar müxtəlif bölgələrdən gəlmişdilər. Gələnlər burada işə düzəlir, yataqxanada yerləşirdilər. Müxtəlif millətlərin yaşadığı bu şəhərdə gəncləri münaqişəyə daha tez cəlb etmək mümkün idi. Ermənilər bu vəziyyətdən qədərincə faydalanır, öz çirkin niyyətlərini həyata keçirirdilər.

Sumqayıtda baş verə biləcək hadisələr barədə ermənilərə əvvəlcədən xəbərdarlıq edilmişdi. Burada yaşayan 1000-ə qədər erməni 1988-ci ilin yanvar ayında əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxarıb Yerevana, Xankəndiyə və Rusiyanın başqa şəhərlərinə köçürmüşdülər. Bütün bunlar bir daha sübut edir ki, təxribatçılar bu iğtişaşlara əvvəlcədən hazırlanmışdı, onlar planlı şəkildə hərəkət etmişdilər.

Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət və səhiyyə sahələrində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplayırdılar. O vaxt onlar "Krunk” cəmiyyətinə yardım adı altında adambaşına 50 rubl vəsait göndərirdilər. Bütün bunlar ermənilərin məqsədlərinə çatmaq üçün apardıqları açıq və gizli işin tərkib hissəsi idi.

Maraqlı bir faktı da açıqlayaq: Sumqayıt hadisələrinin başladığı gündən dərhal sonra Ermənistanda Azərbaycan əleyhinə informasiya şəbəkəsi işə düşmüş, mətbuatda böhtanyalan dolu uydurmalar yayılmağa başlamışdır. Cəmi üç gündən sonra Xankəndidə Sumqayıt hadisələri zamanı həlak olanlara xatirə abidəsi ucaldılmışdı. "Sumqayıt... Soyqırımı... Aşkarlıq...” adlı kitabça 50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırılmışdı. Bütün bunlar qabaqcadan düşünülmüş təxribatların tərkib hissələri idi.

Sumqayıt hadisələri zamanı ermənilər belə bir uydurma yaymışdılar ki, guya həmin günlərdə azərbaycanlılar heç bir ziyan çəkməyiblər. Əslində, elə qırmızı imperiyanın qoşunları şəhərə yeridilən zaman 5 azərbaycanlı öldürülmüşdü. Erməni sürücü Valeri Markaryan idarə etdiyi avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürərkən 4 azərbaycanlı həlak olmuşdu. Təxribatlar zamanı belə silsilə hadisələrin sayı çox idi. Doğrudur, ermənilər hər şeyi gizlətmək və öz xeyirlərinə yönəltməklə hadisələrdən daha çox bəhrələnmək istəyirdilər.

O vaxtlar Kremlin göstərişi ilə hərəkət edən rəsmi Bakı Sumqayıt hadisələrinə düzgün qiymət verə bilmirdi. Sumqayıtın o vaxtkı rəhbərlərindən çoxu dərhal cəzalandırıldı, vəzifədən azad edildi, partiya sıralarından uzaqlaşdırıldı, digər inzibati cəzalara məruz qaldılar. Əlbəttə, bütün bunlar ermənilərin Mixail Qorbaçovla yaxınlığından xəbər verirdi...

Doğrudur, SSRİ Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı istintaq qrupu yaratdı, xeyli aparıldı, müstəntiq qrupu ayrıldı... Amma bütün bunlar yarımçıq qaldı, hər şey arxivlərin küncünə atıldı.

Düz 31 il ötsə də, milli zəmində baş verən hadisələrin əsl mahiyyəti hələ də açılmayıb, cinayətkarlar cəzasız qalıb, ermənilər öz niyyətlərini açıq və gizli şəkildə həyata keçirirlər. Belə cinayətlərin cəzasız qalması hadisələrin əsl mahiyyətini pərdələyir. Amma heçgizli qalmır. İllər ötsə də, nəsillər öz halal haqqını tələb etməkdə davam edirlər...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2019.- 27 fevral.- S.6.