"Mehriban Əliyevanın qayğısı bizə tək maddi yox, həm də mənəvi dəstəkdir"

 

 Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlil protezlərlə təmin olunub

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması proqramı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fonduna müraciət edən 30-dək hərbçinin hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilib.

Tətbiq olunan protezlərin texniki imkanları normal həyat dinamikasına imkan yaradır, istifadəçi daha rahat, təbii və təhlükəsiz hərəkət edir.

Protezlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir. Onların sırasında hərbi xidmətlərinə davam edən, paralimpiya idman növləri ilə məşğul olanlar da var. Paralimpiyaçıların sözlərinə görə, onlar müasir protezlərlə məşq və yarışlara rahatlıqla qatıla bilirlər. Bizim üçün belə bir addım tək maddi dəstək deyil, həm də böyük mənəvi dəstəkdir”, - deyən hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən hərbçilərin yüksək texnologiyalı protezlərlə təminolunma proqramı çərçivəsində 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər müasir protezlərlə təmin edilmişdi. Eyni zamanda, 2018-ci ildə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunmuşdu.

 

Azərbaycan.- 2019.- 28 fevral.- S.6.