Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Bu günlərdə institutun direktoru, akademik Yaqub Mahmudovun başçılıq etdiyi nümayəndə heyətinin Misir Ərəb Respublikasına səfəri çərçivəsində keçirilən tədbirlər buna aydın misaldır. Bu tədbirlər Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi tərəfindən təşkil olunub.

Tarix İnstitutundan bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Misirdə institutun ərəb dilindəki nəşrlərinin təqdimatı keçirilib. Tədbirdə eləcə də Misirin nüfuzlu elmictimai xadimləri, azərbaycanlı və misirli tələbələr iştirak ediblər.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ölkəmizin Misirdəki səfiri Tural Rzayev, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbd və başqaları tədbirdə çıxış ediblər.

Yaqub Mahmudov iştirakçılara ərəb dilindəki nəşrlər - "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "Real tarix və "böyük Ermənistan” uydurması”, "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "Çuxursəd hakimləri və İrəvan xanları” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitabları barədə ətraflı məlumat verib.

Daha sonra professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Akademik Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Misirdəki səfirliyində eləcə də azərbaycanlı və misirli tələbələrlə görüşüb. Görüşdə azərbaycanlı tələbələr və Azərbaycan dilini öyrənən bir qrup misirli tələbə iştirak edib.

Sonda tələbələrə Tarix İnstitutunun ərəb dilindəki nəşrləri təqdim olunub.

Nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Misirin tarixi abidələr nazirinin müavini Mustafa Amin Mustafa ilə görüşərək danışıqlar aparıblar.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Misir kimi qədim sivilizasiya mərkəzi olduğunu bildirərək, nazir müavininə Azıx mağarası, Qobustanın qayaüstü rəsmləri, Nuh tufanı - Naxçıvan və s. haqqında məlumat verib.

Mustafa Amin Mustafa qeyd edib ki, onlar Azərbaycan abidələrinin, o cümlədən işğal altında olantarixi Azərbaycan torpaqlarında yerləşən mədəni memarlıq irsinin Misirdə, Misir abidələrinin isə Azərbaycanda təbliğinə hazırdırlar.

Tarix İnstitutuMisirin tarixi abidələr nazirliyi birgə konfransların keçirilməsi və əsərlərin nəşri barədə razılığa gəliblər.

Daha sonra Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Elmi Araşdırmalar Akademiyasının vitse-prezidenti Samih Hamdi Surur ilə görüşüb.

Görüşdə akademik bildirib ki, azərbaycanlı alimlər bütün islam dünyasına yayılıb və olduqları yerlərdə mədəniyyətin inkişafına töhfə veriblər. Bunun nəticəsidir ki, İbrahim Gülşəninin qəbri Qahirədə, İmadəddin Nəsiminin qəbri Hələbdə, Məhəmməd Füzulinin qəbri Kərbəlada, Nəsirəddin Tusinin qəbri isə Bağdaddadır. O həmçinin qeyd edib ki, Səlahəddin Əyyubi Azərbaycan və Misirin ortaq qəhrəmanıdır: "O, əslən Azərbaycandandır”.

Tarix İnstitutu ilə Misir Elmi Araşdırmalar Akademiyası arasında elmi əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Akademik Misirin tarixi abidələr nazirliyinə və Misir Elmi Araşdırmalar Akademiyasına Tarix İnstitutunun ərəb dilindəki sözügedən nəşrlərini təqdim edib.

Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində də olublar.

Nümayəndə heyəti universitetin Humanitar elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri, doktor Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlər ilə görüşlər keçirib.

Görüşün əvvəlində Yaqub Mahmudov Qahirədə baş vermiş terror hadisəsi ilə bağlı kədərləndiyini bildirərək, nümayəndə heyəti adından Misir xalqına dərin hüznlə başsağlığı verib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan akademik deyib ki, tarixinə sahib çıxan xalq yenilməzdir: "Hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılması çox mühümdür. Ərəb xilafəti dövründən etibarən başlanan qarşılıqlı münasibətlərimiz indi daha da genişlənib”.

Yaqub Mahmudov erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından, xüsusilə Xocalı soyqırımından bəhs edib: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidə, müsəlman irsi məhv edilirtarix saxtalaşdırılır. Bu vandalizmə qarşı elmi müstəvidə birləşməliyik”.

Professor Əhməd Əş-Şərbini hər zaman Azərbaycanın haqlı davasına dəstək olacaqlarını bildirib. Doktor Cəlal əl-Səid əl-Həfnəvi isə qeyd edib ki, universitetdə yüzdən artıq tələbəyə xarici dil kimi Azərbaycan dili tədris edilir.

Yaqub Mahmudov və Əhməd Əş-Şərbini Azərbaycan həqiqətlərinin Misirdə daha geniş yayılması üçün yaxın zamanlarda Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Akademik görüşün sonunda universitetə Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini təqdim edib.

Akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasında olub.

İsgəndəriyyə Kitabxanası ilə tanışlıq zamanı Yaqub Mahmudova kitabxananın tarixi, oxu zalları və fondları barədə geniş məlumat verilib. O, Azərbaycan, Qafqaz, Orta Asiya ilə bağlı kitab fondlarının mövcudluğu ilə yaxından maraqlanıb, əlyazmalar fondunda Əl-Məsudi, İbn Fədlan və başqa ərəb coğrafiyaşünasların əsərləri ilə yaxından tanış olub.

Kitabxananın xarici əlaqələr və protokol şöbəsinin müdiri Şərif Riyadla görüş zamanı qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan akademik qeyd edib ki, ölkəmizin islam mədəniyyəti tarixində mühüm rolu var. O bildirib ki, kitabxananın əvvəlki direktoru İsmayıl Serageldin Tarix İnstitutunun fəxri doktorudur. 2015-ci ildə İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransdahi mütəfəkkirin büstünün açılış mərasimi keçirilib.

Yaqub Mahmudov Şərif Riyada ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və xalqımıza qarşı törədilən soyqırımları barədə ətraflı məlumat verib. Akademik görüşün sonunda İsgəndəriyyə Kitabxanasına Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini - "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "Real tarix və "Böyük Ermənistan” uydurması” kitablarını və İrəvan xanlığı ilə bağlı broşürləri təqdim edib.

Şərif Riyad nəşrlərin tarixi həqiqətlərə işıq salacağını və kitabxana üçün vacibliyini bildirib. O deyib ki, ermənilər cinayətlərini gizlətmək üçün bütün dünyada qondarma "erməni soyqırımı”nı təbliğ edirlər.

Ş.Riyad isə instituta İsgəndəriyyə Kitabxanası haqqında məlumat kitabı və "Rozetta daşı” adlı nəşri təqdim edib.

Azərbaycan nümayəndə heyətinin İsgəndəriyyə səfəri Məmlük sultanları dövrünə aid Qayıtbəy qalasını (1477-ci il) ziyarət etməklə sona çatıb.

 

Azərbaycan.- 2019.-28 fevral.- S.9.