Yelkənçilərimizin növbəti beynəlxalq uğuru

 

Yığmamız Omanda keçirilən yarışdan qələbə ilə qayıdıb

 

Azərbaycanda idman yüksək sürətlə inkişaf edir və ildən-ilə daha uca zirvələrə yüksəlir. Sevindirici haldır ki, son illərdə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən idmançılar sırasında yelkənçilərimiz də var. Yelkənli idman növündə qazanılan nailiyyətlər ölkəmizdə böyük sevinclə qarşılanır.

Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü və əzmkar fəaliyyəti nəticəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir. Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi bu sahədə uğurların qazanılmasını təmin edib.

 

23 ölkə, 156 idmançı

 

Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası Omanda "Optimist” və "Laser” sinifləri üzrə təşkil olunan "Mussanah Race Week 2019” turnirində mükafatçılar sırasına düşməklə növbəti dəfə onlara göstərilən etimadı doğruldublar.

Yarışda Azərbaycanı "Optimistsinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, "Lasersinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov və Cavid Kərimov təmsil ediblər. Heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimistsinfi üzrə baş məşqçi Seyhun Yıldız, "Lasersinfi üzrə məşqçi Tuğçə Subaşı olub.

23 ölkənin qatıldığı və 156 peşəkar idmançının iştirak etdiyi yarışda Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bacarıqlarını layiqincə nümayiş etdiriblər. 12 yaşlı qızlar arasında 68 nəfərin apardığı maraqlı və gərgin mübarizədə "Optimistsinfi üzrə Azərbaycanı təmsil edən Fidan Ağazadə 3-cü yerin qalibi olub.

Qeyd edək ki, peşəkarlar arasında 3-cü yerin qalibi adını qazanmaq Azərbaycan Yelkənli İdman Federasiyasının gənc üzvünün böyük uğuru kimi qiymətləndirilib.

Bir məqamı da vurğulayaq ki, Azərbaycan yelkənçilərinin ağır şərtlərlə pis hava şəraitində məşq və yarışlarda peşəkarlıq nümayiş etdirməsi beynəlxalq məşqçilərin hesabatlarında xüsusi qeyd olunub.

 

Yelkənçilərimizə xüsusi dəvət

 

Əlavə edək ki, tanınmış, beynəlxalq səviyyəli məşqçi Draqan Qasiçiniştirak etdiyi yarışa Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri xüsusi olaraq dəvət edilmişdilər.

Xatırladaq ki, ötən ilin 31 may-3 iyun tarixlərində Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Draqan Qasiç Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi. 30 il məşqçi kimi fəaliyyət göstərən, altıqat dünyadördqat Avropa çempionu olan Draqan Qasiç məşq prosesindən və idmançılarımızın hazırlığından razı qalmışdı.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim - məşq düşərgələrində iştirak ediblər. Toplanışlarda iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

 

Uğurlar davamlıdır

 

Yelkənçilərimizin uğurları Omanda qazanılan yüksək göstəricələrlə yekunlaşmır. Xatırladaq ki, ötən il Qazaxıstanın Aktau şəhərində keçirilən "Beynəlxalq Xəzər Kuboku” yarışında da idmançılarımız vətənə medallarla qayıdıblar. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri də mübarizə aparıblar. Beynəlxalq turnirdə kişi idmançılarımız birinciüçüncü yerlərdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar. Hər üç əyarlı medalın hamısına sahib olan yelkənçilərimizin yarışda qazandıqları parlaq qələbələr əcnəbi məşqçilərin də diqqətini cəlb edib, onların uğuru böyük rəğbətlə qarşılanıb.

Yarışda Azərbaycanı Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimistsinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.

Vurğulayaq ki, Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən "Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaraq yüksək nəticə göstərmişdi.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman bu sahədə maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerlərinin, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların davamlı məşqləri keçirilir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-28 fevral.- S.10.