Milli Aviasiya
Akademiyasında illik “Fevral məruzələri” başlayıb
Milli Aviasiya Akademiyasında (MAA)
illik "Fevral məruzələri” başlayıb. AZƏRTAC
xəbər verir ki, fevralın 27-də akademiyanın Tələbə-Tədris
Mərkəzində "Aviakosmik məsələlərin həllində
gənclərin yaradıcı potensialı” ("Fevral məruzələri-
2019”) mövzusunda IV beynəlxalq elmi-praktik gənclər
konfransı öz işinə başlayıb.
Təhsil Nazirliyi, "Azərbaycan
Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan
Mühəndislik Akademiyası və "Azərkosmos” ASC-nin təşkilatçılığı
ilə keçirilən konfransda ABŞ, Türkiyə,
Almaniya, Rusiya və Azərbaycandan olan nümayəndələr
iştirak edib.
Tədbir
iştirakçıları əvvəlcə MAA-nın tələbələrinin
əl işlərindən ibarət "Aviamodelizm” sərgisinə
və akademiyanın "CanSat” komandasının beynəlxalq
müsabiqələrdə qazandığı uğurları əks
etdirən stendlərə baxış keçirib.
Konfransın
açılışında MAA-nın prorektoru Ədalət
Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik
Arif Paşayevin konfrans iştirakçılarına təbrikini
oxuyub.
O bildirib ki, konfransın fevralda
keçirilməsi, ilk növbədə, Azərbaycanın ilk
telekommunikasiya peyki olan "Azerspace-1”in 2013-cü ilin
fevralın 8-də orbitə buraxılması ilə
bağlıdır. Fevralda eyni zamanda, Azərbaycan Gəncləri
Günü də qeyd olunur: "Bu həm də onunla əlamətdardır
ki, yanvarın 10-da Prezident İlham Əliyev "Azərbaycan
Respublikasında innovativ inkişaf sahəsində
koordinasiyanın təmin edilməsi haqqında” sərəncam
imzalayıb. Bu sərəncam elmi nailiyyətlərə əsaslanan
məhsulun, xidmətlərin, proseslərin və həllərin,
o cümlədən startapların hazırlanması, təqdimatı
və istifadəsi başlanğıcları da daxil olmaqla, məhsulların,
xidmətlərin, texnologiyaların, proseslərin və həllərin
hazırlanmasını, təqdimatını və istifadə
edilməsini nəzərdə tutur. Bu baxımdan, hesab edirik
ki, konfrans gənclərin elmi-tədqiqat işlərinə cəlb
edilməsi baxımından olduqca vacibdir. Sevindirici haldır
ki, keçən il sentyabrın 26-da Azərbaycanın sayca
üçüncü peyki olan "Azerspace-2” telekommunikasiya
peyki orbitə çıxarılıb və artıq kommersiya
fəaliyyətinə başlayıb”.
"Konfransın proqramına
ümumilikdə 20 universitet, elmi-tədqiqat institutu və təşkilatdan
olan nümayəndələrin məruzəsi daxil edilib.
Artıq dördüncü dəfədir keçirilən
konfrans gənclərə elmi müzakirələrdə
iştirak etməyə, elmi mərkəzlərlə
tanış olmağa və yeni əlaqələr qurmağa
imkan yaradır. İki gün davam edəcək konfrans çərçivəsində
7 bölmə üzrə mülki aviasiya və kosmik sahənin
aktual problemlərinə həsr olunan 87 məruzə dinləniləcək.
Konfrans çərçivəsində, həmçinin təyyarəqayırma,
mühəndis dizaynı sahəsində müasir informasiya
texnologiyaları, elmi-tədqiqat işlərinə gənclərin
cəlb edilməsinə müasir yanaşmalar, hava nəqliyyatında
təhlükəsizlik sahələrində Rusiya və Azərbaycanın
tanınmış alimlərinin iştirakı ilə "dəyirmi
masa”lar keçiriləcək” - deyə Ə.Səmədov
vurğulayıb.
Plenar iclasda akademik Roald Saqdeyevin
"Beynin fəaliyyəti ilə bağlı elmin
uğurları”, professor Mesud Əfəndiyevin "Sonsuz
ölçülü dinamik sistemlərin aktual məsələləri”,
professor Kərim Allahverdiyevin "Milli Aviasiya Akademiyasında
lazer tədqiqatlarının inkişaf perspektivləri”
mövzusunda məruzələri dinlənilib.
Konfrans öz işini bölmələrdə
davam etdirib.
Azərbaycan.- 2019.-28 fevral.- S.15.