Vətənə və xalqa layiqli xidmətin 101 illik şərəf salnaməsi

 

Azərbaycanın daxili işlər orqanları - 101

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan iqtisadi-sosial inkişaf modeli ilə yanaşı, həm də təhlükəsizliyin və sabitliyin etibarlı təminatı baxımından dünyada ən mükəmməl nümunələrdən birini yaradıb. Beynəlxalq terrorizmin və transmilli cinayətkarlığın sərhəd tanımadığı, kriminogen durumun qlobal miqyasda kəskinləşdiyi müasir dövrdə ölkəmiz Prezidentin təbirincə desək, sabitlik adasına çevrilib. Bu nailiyyətin əldə olunmasında şübhəsiz ki, daxili işlər orqanlarının da əzmkar fəaliyyəti var.

101-ci ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış daxili işlər orqanlarının şəxsi heyəti qarşıya qoyulmuş vəzifələri də layiqincə həyata keçirir.

Xaosdan qurtuluşa keçidin bütün keşməkeşli, ziddiyyətli məqamları, ən əsası isə dövlətçilik təəssübü, mübarizliyi və fədakarlığı milli polisimizin fəaliyyət salnaməsini təşkil edir. Bu gün ictimai sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın dünyada ən yaxşı nəticələrə sahib olması faktı da heç şübhəsiz, bu tarixin şərəfli səhifələrindəndir.

Daxili işlər orqanlarının fəaliyyətinin hər bir dövrü zəngin və məsuliyyətli tarixi, fədakar xidməti, cinayətkarlığa qarşı səmərəli mübarizəni, vətən və xalq qarşısında vəzifə öhdəliklərinin layiqincə doğrulmasını real əks etdirir.

Necə ki polis bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil dövlətimizin, xalqımızın, hər bir vətəndaşımızın əmin-amanlığının, asayişinin keşiyindədir, 101 il əvvəl də bu rəşadətli fəaliyyətini yürüdüb, sabah da bu ənənəsinə sadiq qalacaq.

Əlamətdar faktdır ki, cümhuriyyətin elanının elə səhərisi günü - mayın 29-da Azərbaycanın ilk Daxili İşlər Nazirliyini yaratmaq barədə qərar qəbul olundu. Bu sahəyə o qədər əlahiddə yanaşılırdı ki, Fətəli xan Xoyski həm Nazirlər Şurasının sədri, həm də Daxili İşlər naziri vəzifəsini yerinə yetirirdi. Milli hökumətin 24 iyun 1918-ci il tarixli 178 nömrəli qərarına əsasən, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanları yaradılaraq ştatları təsdiqləndi. Və beləliklə, Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başladı.

Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, o ayların ruhu, cəmiyyət qarşısında müəyyən edilmiş öhdəliklər Azərbaycan polisini tərk etmədi. Bu, bir əsrlik dövrün sovet dönəmində xalqa və dövlətə xidmətin milis, müstəqillik illərində isə polis adı altında yerinə yetirilməsi, əslində, yalnız adı dəyişdi. Missiyanın mahiyyəti, zabit mundirində daşınan dövlətçilik atributlarımıza sadiqlik, Azərbaycan amalı dəyişməz qaldı. Onlar bu amala, milli ideyalara, dəyərlərə, zabit şərəfinə nə qədər bağlı olduqlarını bir əsr ərzində daim sübuta yetirdilər.

Polis orqanlarının bir əsri ötən fəaliyyətinin ən şanlı, uğurlu və məsuliyyətli mərhələsi - 50 illik dövr Heydər Əliyevlə, onun bu gün də davam edən ideyaları ilə birbaşa bağlıdır. Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk "qızıl dövr” Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. "Milis” adını daşıyan daxili işlər orqanlarının mənən saflaşdırılmasına, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında peşəkarlaşdırılmasına və digər bu kimi mühüm addımlara məhz ümummilli liderimiz böyük uzaqgörənliklə nail oldu və bu strukturlarda milliləşmə prosesi böyük vüsətlə getdi.

Ötən əsrin 80-ci illərinin sonlarına, Azərbaycanın müstəqilliyinə doğru çətin və şərəfli yolda da daxili işlər orqanları yenə də xalqla birlikdə idi. Ermənistan Azərbaycan torpaqlarına qarşı işğalçı hərəkətlərinə etiraz olaraq meydanlara axışan və bu axınla tədricən böyük bir xalq hərəkatı formalaşdıran insanlarımızın vəhdətində, cəsarətində əslində, qəlbi hərəkatla döyünən asayiş keşikçilərimizin böyük payı vardı. Vətənpərvər milislər xalqı, onun mübarizə əzmini qorumağa, bu ümumxalq qətiyyətinə dəstək verməyə, onun öz milli hədəflərinə çatmasına hər vəchlə kömək göstərməyə can atırdılar.

Vətən savaşında 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər "Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü. Bu rəqəmlər yalnız statistika deyil, əslində, 101 yaşlı polisimizin qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir.

1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cəmiyyətin hava və su kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək üçün sınaqlardan alnıaçıq çıxan, müstəqilliyin dəyərini dərk edən daxili işlər orqanlarına arxalandı. Azərbaycan polisi xalqa layiqli xidməti ilə dövlət quruculuğu prosesində öz möhkəm, sarsılmaz, şərəfli yerini tutdu. Onların uzun illərdən bəri topladıqları zəngin səriştə, eləcə də müstəqilliyin ilk illərində formalaşmış təcrübə, əvvəlki iqtidarların səhvlərindən, yanlışlıqlarından çıxarılan dərslər Heydər Əliyevin həyata keçirdiyi hüquqi quruculuq prosesində, respublikada kriminogen durumun nəzarət altına alınmasında, asayişin, sabitliyin bərpası və qorunmasında çox mühüm rol oynadı.

1994-cü ilin 29 aprel günü keçirilmiş müşavirə Azərbaycan daxili işlər orqanlarının həyatında yeni bir mərhələnin əsasını qoydu. Heydər Əliyevin həmin müşavirədəki tarixi çıxışında müəyyən etdiyi vəzifələr ulu öndərin şəxsində zamanın, yeni dövrün özünün Azərbaycan polisinə ünvanlanmış çağırışı idi. Dövlət başçısının gözləntiləri çox qısa müddətdə özünü doğrultdu. Polis orqanlarında ciddi dəyişikliklər baş verdi, ən əsası, bu struktur yuxarıdan aşağıya doğru daxilən saflaşdırıldı, vəzifə andına, məsuliyyətinə sədaqət əsas amilə çevrildi. Respublikada fövqəladə vəziyyət ləğv olundu, bir müddət əvvələ qədər axşamlar tamamilə boş qalan Bakı küçələri öz qələbəlik məcrasına qayıtdı. Həyatı öz axarına düşmüş insanlar ictimai asayişi, bazar iqtisadiyyatı yoluna yenicə qədəm qoyan ölkədəki inkişaf mühitini, qanunun aliliyini qorumaqdan ötrü daxili işlər orqanlarının göstərdiyi qətiyyəti, fədakarlığı gördükcə cəmiyyətdə polisin nüfuzu yenidən yüksəldi, onlara inam gücləndi, şəxsi heyətin peşəkarlığı artdı, cinayətkarlar bu güc qarşısında geri çəkilməyə başladılar.

1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəldi, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azaldı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığıldı. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirildi.

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirib, işini müasir dünyanın çağırışlarına uyğun qurub. Bu sistemə aid yüzlərlə yeni obyekt tikilib. Cinayət hallarına qarşı mübarizə, ictimai asayişin təminatı məqsədilə minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatdırılıb. Azərbaycan polisinin çevik, səmərəli fəaliyyətini, cinayətkarlığa qarşı mübarizənin effektiv təşkilini təmin edən mükəmməl qanunvericilik bazası formalaşdırılıb.

Ən mühümü isə bu gün daxili işlər orqanlarındakı mənəvi ruh sağlamdır, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin Vətən və xalq qarşısındakı tarixi məsuliyyət hissi çox yüksəkdir. Tam şəffaf əsaslarla polis orqanlarına qəbul edilən gənc, cüssəli, yüksək-mənəvi əxlaqi keyfiyyətlərə malik, müasir dünyagörüşlü gənclərlə bu orqanlar mütəmadi qaydada yenilənir. Eyni zamanda polisin şərəfli adına xələl gətirəcək, cəmiyyətin öz polisinə inamını sarsıdacaq hər hansı neqativ hallara qarşı da kifayət qədər prinsipiallıq nümayiş etdirilir. Azərbaycan polisi fəaliyyətini bütün parametrlər üzrə yeni dövrün tələblərinə uyğun qurur. Dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin ən qüdrətli mərhələsinə yetişməsi, bütün dünyada sülh, mədəniyyətlərarası dialoq, tolerantlıq məkanı kimi tanınması, xarici turistlərin arxayınlıqla Vətənimizə üz tutması, gecədən səhərə qədər mərkəzi küçələrdən səngiməyən qələbəliklər, xoş insan mənzərələri bu inkişafı təmin etmiş bütün digər təsisatlarla yanaşı, həm də Azərbaycan polisinin fədakar fəaliyyətinin yaratdığı mənzərədir.

Bu gün qlobal miqyasda tüğyan edən təhdidlər, terror dalğaları fonunda Azərbaycan özünün sabit, təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Cinayətkarlığa qarşı effektiv mübarizə, kriminogen duruma nəzarət sahəsində əldə etdiyimiz uğurlar beynəlxalq miqyasda da etiraf olunur, yüksək qiymətləndirilir. Ötən 16 ildə ölkənin müxtəlif yerlərində təşkil edilmiş 13 minə yaxın, o cümlədən respublika və beynəlxalq əhəmiyyətli 7 mindən çox kütləvi tədbirə cəlb olunan daxili işlər orqanları tərəfindən ictimai asayiş yüksək səviyyədə qorunub.

Azərbaycan polisinin ildönümü ərəfəsində Prezidentin imzaladığı sərəncamlarla general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, nazirin birinci müavini Vilayət Eyvazov isə Daxili İşlər naziri təyin olundu. İctimaiyyət Prezidentin seçimlərinə bu dəfə də razılıq və məmnuniyyət ifadə etdi. Çünki hər iki şəxs general paqonlarını gecəli-gündüzlü çətin və məsuliyyətli fəaliyyətlə, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial mübarizə ilə, dövlətçiliyimizə, Heydər Əliyev siyasi kursuna əks olan daxili və xarici qüvvələrlə birmənalı və güzəştsiz savaşlarla qazanıblar. Və bu həqiqəti xalq da aydın görür, obyektiv təhlil edir, yüksək dəyərləndirir!

25 il öncə Heydər Əliyevin tövsiyələri əsasında və şəxsi nəzarəti ilə tamamilə yenidən qurulan Daxili İşlər Nazirliyi qarşıya qoyulan məqsədlərə general-polkovnik Ramil Usubovun əzmkar fəaliyyəti, dəmir iradəsi, sarsılmaz sədaqəti, ən əsası düzgün idarəçilik metodları ilə nail oldu. 1994-cü ildə ulu öndərin təbirincə desək, "cinayətkarlar yuvasına çevrilən, siyasi və hərbi qüvvələrin təsiri altına düşən” bu sistemin 25 il müddətində həyata keçirdiyi inqilabi dəyişikliklərin mahiyyətini elə bir fakt tam izah edir: Azərbaycan bu gün dünyada ən təhlükəsiz ölkələrdən biri, sabitlik adası kimi tanınır və cinayətkarlığın səviyyəsinin azlığına görə Avropa, eləcə də MDB məkanında lider dövlətlərdəndir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə Ramil Usubovu qəbul edərkən onun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirmiş və qazanılan təcrübə sayəsində general-polkovnikin Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən də layiqincə gələcəyinə əminliyini ifadə etmişdir. Bu, həm də məsuliyyətli fəaliyyətin şərəf göstəricisidir!

General-polkovnik Vilayət Eyvazov Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə ləyaqətlə, şərəflə xidmət edən yüksək peşəkarlığa malik kadrlardandır. Məhz 25 il öncə bu orqanlarda xidməti fəaliyyətə başlayaraq cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə çalışımış, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində cinayətkarlara, mütəşəkkil qruplara qarşı qətiyyətli mübarizə aparmışdır. Vilayət Eyvazovu xalqımız həm də dövlət çevrilişlərinə cəhdlərdə, antimilli qəsdlərdə başıpozuq dəstələrin üzərinə qorxmadan, çəkinmədən yeridiyini dəfələrlə görüb. "Azadlıq” meydanında silahlanmış xəyanətkarların mühasirəsinə düşən əməkdaşlarını tək canı ilə xilas etməsi, onlarla cinayətkarın üzərinə cəsarətlə yürüməsi isə Vilayət Eyvazovun yalnız zabit şərəfini qoruması, vəzifə andına riayəti deyildi, bu həm də ulu öndərin ideyalarına, Prezident İlham Əliyevin kursuna sonsuz sədaqətinin nümunəsi sayılır!

Bir mühüm fakt da budur ki, xidmətdə polis nəfərliyindən ali rəhbərliyədək yüksəlmək imkanı şəxsi qabiliyyət və yüksək fərdi keyfiyyətlərlə yanaş, həm də Prezident İlham Əliyevin yaratdığı mükəmməl idarəçilik mexanizminin və bacarıqlı kadrlara, gənc nəslə etimadının daha bir təsdiqi, həmçinin general-polkovnik Ramil Usubovun daxili işlər orqanlarında tətbiq etdiyi şəffaf və obyektiv əsaslarla karyera yüksəlişi sisteminin təzahürüdür.

Azərbaycan polisinin fəaliyyətə başlamasının 101-ci ili ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü ərəfəsinə təsadüf edir. Heydər Əliyev ideyalarına və Prezident

İlham Əliyevin fəaliyyət kursuna sədaqətli, fədakar, peşəkar xidməti əsas vəzifə borcu kimi qəbul edən daxili işlər orqanları əminik ki, müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəkdir.

 

Ötən 50 ildə əldə olunan nailiyyətlər qarşıdakı onilliklərdə gerçəkləşəcək möhtəşəm inkişafın etibarlı bünövrəsidir və bu təməli qorumaq, möhkəmləndirmək, gələcək nəsillərə ötürülməsini təmin etmək, eyni zamanda daxili işlər orqanlarının da başlıca məramıdır.

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2019.-2 iyul.- S.1; 4.