Gənc Peşəkarlar Forumunun iştirakçılarına sertifikatlar təqdim edilib

 

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyunun 24-dən Bakıda Dünya İrsi Gənc Peşəkarlar Forumu keçirilir. İyulun 2-dək davam edəcək forum ərzində müxtəlif ölkələrdən gənc mütəxəssislər qarşılıqlı fikir mübadiləsi aparır, ölkəmizin tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olurlar. AZƏRTAC xəbər verir ki, iyulun 1-də forum iştirakçılarına sertifikatlar təqdim olunub.

UNESKO-nun Baş direktorunun müavini Ernesto Ottone çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, gənc peşəkarlar üçün yaradılan şərait, forumun uğurla keçirilməsi barədə fikirlərini bölüşüb və mədəni irsin qorunmasında gənclərin rolunu xüsusi vurğulayıb. Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev forumun iştirakçılarına təşəkkürünü bildirib. Nazir deyib ki, Gənc Peşəkarlar Forumu təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır və bu, gənclərin gələcək fəaliyyəti üçün çox önəmlidir.

Forumun gedişində ölkəmizi gəzən və mədəni irs nümunələrimizlə bağlı fikir bildirən gənclərə işlərində uğurlar arzulayan nazir Azərbaycanın mədəni irsini kəşf edən iştirakçıların təəssüratlarının müsbət olacağına əmin olduğunu vurğulayıb.

Sonda Gənc Peşəkarlar Forumunun iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Azərbaycan.- 2019.-2 iyul.- S.5.