TANAP Avropaya qaz
nəqli üçün tam
hazırdır
"Cənub qaz dəhlizi”nin əsas
seqmentlərindən olan TANAP tamamlandı
"Cənub qaz dəhlizi”nin ən böyük hissəsi olan Transanadolu təbii qaz boru kəməri (TANAP) 2019-cu il iyulun 1-də Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Dəhlizin son hissəsi olan TAP boru kəməri də tamamlandıqdan sonra Azərbaycanın "Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olmuşdur. Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi tamamlanmışdır. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Transadriatik boru kəməri vasitəsilə Avropaya nəql edəcək.
"Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək "Cənub qaz dəhlizi”nin önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlamışdır. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatmış, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulmuşdur. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "Azərbaycan bu gün bütün dünyaya bir daha göstərmişdir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollara yaxın vəsaitə qənaət edərək layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olmuşdur. Bu hadisə başda möhtərəm Prezident İlham Əliyev və qardaş Türkiyənin möhtərəm Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, belə bir tarixi missiyanı bizə həvalə etmiş Azərbaycan və Türkiyə xalqlarının möhtəşəm uğurudur.”
"Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılmışdır. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlamışdır. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi 2018-ci ilin iyununda tamamlanmışdır. 2019-cu ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılmışdır.
Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarəolunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanmışdır. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bugünədək 1000-ə yaxın sosial və ətraf mühit layihəsi həyata keçirilmiş, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunmuşdur.
TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və "SOCAR Türkiyə” Enerji A.Ş (7 faiz) şirkətləridir.
R.MƏMMƏDLİ
Azərbaycan.- 2019.-2 iyul.- S.5.