“Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13
bürünc medal
II Avropa Oyunları Azərbaycan
idmançılarının növbəti zəfər
meydanı oldu
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarına yekun vuruldu. Bir-birindən maraqlı idman yarışlarının şahidi olduq. Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi.
9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.
Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı növbəti dəfə özünü "Minsk-2019”da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.
İlk medal gimnastlardan gəldi
Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında isə Ruhidil Qurbanlı- Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.
Bir gün sonra isə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar. Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Bir gümüş, dörd bürünc
Cüdoçularımız da II Avropa Oyunlarını uğurla başa vurublar. "Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini 57 saniyəyə ippona salan cüdoçumuzun 1/8 finaldakı rəqibi Rio Olimpiadasının qızıl mükafatçısı, italyan Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz adını 1/4 finala yazdırıb. Bu mərhələdə erməni idmançısı Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Onun final yolunda rəqibi yunanıstanlı Georgios Azoidis olub. Görüşü ipponla başa vuran Rüstəm finala çıxıb. Həlledici mərhələdə isveçli Tommi Makiasa uduzan idmançımız II Avropa Oyunlarını gümüş medalla başa vurub.
Eyni çəkidə yarışan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib. 1/4 finalda yunanıstanlı Georgios Azoidisə ipponla uduzan Hidayət bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə gürcüstanlı Laşa Şavdatuaşviliyə ipponla qalib gələn Hidayət "Minsk-2019”u bürünc medalla başa vurub.
90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Belarus təmsilçisi Yeqor Voropayevə qalib gələrək adını 1/8 finala yazdırıb. Bu mərhələdə fransalı Aurelien Disse ilə görüşən cüdoçumuz qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti mərhələdə türkiyəli Mikail Özerlərə uduzan Məmmədəli təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklaus ilə qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz mübarizəni bürünc medal uğrunda davam etdirib. Hollandiyalı rəqibi Noel Vant End ilə üz-üzə gələn idmançımız tatamini qələbə ilə tərk edərək oyunların bürünc mükafatçısı olub.
100 kq çəkidə
yarışan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton
Savitskiyə vaza-ari fəndi ilə qalib gələrək 1/8
finala yüksəlib. İdmançımız bu mərhələdə
estoniyalı Qriqori Minaşkini ipponla məğlubiyyətə
uğradaraq adını 1/4 finala yazdırıb. O, yarımfinala gedən yolda
fransalı Siril Mane ilə görüşdə uduzub.
Cüdoçumuz təsəlliverici görüşdə
monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdıraraq
bürünc medal uğrunda qarşılaşmada Belarus təmsilçisi
Daniel Mukete ilə üz-üzə gəlib. Maraqlı
və gərgin keçən görüşdən qalib
ayrılan Elmar "Minsk-2019”u bürünc medalla başa vurub.
Qadınların mübarizəsində
+78 kq çəkidə İrina Kindzerska 1/8 finalda
almaniyalı Yasmin Kuelbsi, 1/4 finalda isə britaniyalı Sara
Adlinqtonu ipponla məğlub edərək yarımfinala
adlayıb. Finala gedən yolda Belarus təmsilçisi Marina
Slutskaya ilə qarşılaşan təmsilçimiz uduzaraq
3-cü yer uğrunda döyüşdə qüvvəsini
sınayıb. Ukraynalı Qalina Tarasova ilə
üz-üzə gələn təmsilçimiz qalib gələrək
yarışın bürünc mükafatını qazanıb.
Beləliklə,
cüdoçular II Avropa Oyunlarını bir gümüş və
dörd bürünc medalla başa vurublar.
Pəhləvanlarımız
etimadı doğrultdular
Bütün idmansevərlərin
böyük maraqla və həyəcanla medallar gözlədiyi
idman növləri sırasında güləş xüsusi
yer tuturdu. Bundan əvvəlki yarışlarda
qazandıqları nəticələrlə xalqımızı
sevindirən pəhləvanlarımız bu dəfə də
etimadı doğrultdular. Azərbaycan
güləşçiləri "Minsk-2019”u ümumilikdə
10 medalla başa vurdular. Onlardan 3-ü
qızıl, 3-ü gümüş, 4-ü bürünc olub.
Əvvəlcə mübarizəyə
sərbəst güləşçilər qoşulublar. 57 kq çəki
dərəcəsində çıxış edən Mahir
Əmiraslanov mübarizəyə boqarıstanlı Georgi
Vangelova qarşı görüşlə başlayıb.
Gərgin mübarizədən 6:5 hesablı qələbə
ilə ayrılan pəhləvanımızın 1/4
finaldakı rəqibi Vladimir Yeqorov (Şimali Makedoniya) olub.
Təmsilçimiz qələbə
seriyasını davam etdirərək rəqibini 4:0 hesabı ilə
məğlub edib və yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda Mahirin rəqibi Rusiya təmsilçisi
Zavur Uğuyev olub. Rəqibinə qalib gələn
Mahir çempionluq üçün həlledici
görüşdə serbiyalı Stevan Miçiçi də
məğlub edərək qızıl medala yiyələnib.
Yığmamızın
liderlərindən biri - Hacı Əliyev (65 kq) 1/8 finalda erməni
Volodya Franqulyana göz açmağa imkan verməyib - 6:0. 1/4 finalda
belaruslu George Koliyevlə güləşdə də
idmançımız əzmkarlıq nümayiş etdirərək
7:5 hesablı qələbə qazanıb. Hacı
yarımfinalda Ukraynanı təmsil edən Xor Ohanesyanla
qarşılaşıb. Gərgin keçən
görüşdən qalib ayrılan pəhləvanımız
finala yüksəlib.
Qızıl medalın taleyi
gürcüstanlı Vladimir Xinceqaşvili ilə
görüşdə həll olunub. Görüş 10:2
hesabı ilə pəhləvanımızın xeyrinə
başa çatıb. Rio Olimpiadasının
qalibi olan rəqibini asanlıqla məğlub edən Hacı
ölkəmizin hesabına 2-ci qızıl medalı
yazdırıb.
97 kq çəkidə
yarışan Nurməhəmməd Hacıyevin ilk rəqibi
polşalı Radoslav Baran idi. Rəqibini 8:0
hesabı ilə üstələyən idmançımız
1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə
bacarmayıb. Hacıyev bu dəfə 7:3
hesablı qalibiyyətlə yarımfinala yüksəlib.
Onun final yolunda rəqibi Murazi Mçedlidze
(Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə
qalib gələn Hacıyev qızıl medal uğrunda
mübarizədə rusiyalı Abdulraşid Sadullayevlə
qarşılaşmaya zədə ucbatından
çıxmadığı üçün gümüş
medalla kifayətlənib.
74 kq çəki dərəcəsində
yarışan Hacımurad Hacıyevin 1/4 final yolunu Türkiyə
güləşçisi Soner Demirtaş kəsib - 3:4. Rəqibi
finala qədər yoluna davam etdiyi üçün Hacımurad
təsəlliverici görüşlərə qatılmaq
hüququ qazanıb. Onun "bürünc”
yolunda ilk rəqibi yunanıstanlı Kirillos Binenpaum olub. Rəqibi üzərində inamlı qələbə
qazanan (10:3) pəhləvanımız mübarizəni davam
etdirərək üçüncü yer uğrunda görüşdə
ukraynalı Vasil Mixaylovu asanlıqla məğlub edib və
bürünc medalın sahibi olub.
125 kq çəki dərəcəsində
yarışan Camaləddin Məhəmmədov 1/8 finalda Belarus
güləşçisi Vitali Pyasnyakdan üstün olub - 6:0. 1/4 finalda
macarıstanlı Daniel Ligetini çətinliklə mübarizədən
kənarlaşdıran (6:5) Camaləddin yarımfinalda
gürcüstanlı Givi Matkaraşvili ilə üz-üzə
gəlib. Rəqibinə 2:4 hesabı ilə
məğlub olan idmançımız bürünc medal
uğrunda Rares Çintoana qalib gələrək II Avropa
Oyunlarını 3-cü yerdə başa vurub.
Qadınların mübarizəsində
50 kq çəkidə yarışan komandamızın lideri
Mariya Stadnik yarışa 1/4 final mərhələsindən
başlayıb. Polşalı Anna Lukasyakla güləşən
təmsilçimiz 10:0 hesabı ilə qələbə
qazanaraq yarımfinala yüksəlib. Finala
gedən yolda Evin Dəmirhana (Türkiyə) qalib gələn
Mariya həlledici görüşdə ukraynalı Oksana
Livaçı da məğlub edərək II Avropa
Oyunlarının qalib olub.
62 kq çəki dərəcəsində
yarışan Elmira Qəmbərova 1/8 finalda almaniyalı Luzi
Mankeni, 1/4 finalda polşalı Katarzina Madrovskanı,
yarımfinalda rumıniyalı Krişta İnçzeni
mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Çempionluq
uğrunda ukraynalı Yuliya Tkaçla qarşılaşmada
uduzan Elmira II Avropa Oyunlarını gümüş medalla
başa vurub.
57 kq çəkidəki təmsilçimiz
Alyona Kolesnik oyunlara 1/8 finaldan başlayıb. Macarıstanlı Ramona
Qalambos ilə üz-üzə gələn
idmançımız 10:0 hesabı ilə qalib gəlsə də,
1/4 finalda bolqarıstanlı Mimi Xristova ilə bacarmayıb
(0:6). Amma rəqibi finala yüksəldiyi
üçün Alyonaya bürünc medal şansı
yaranıb. İlk olaraq təsəlliverici
görüşdə italiyalı Franseska İndelikatoyla
güləşən idmançımız 12:1 hesabı ilə
qalib gələrək bürünc medal uğrunda türkiyəli
Bediha Günlə qarşılaşmadan qalib ayırlaraq
3-cü yeri tutub.
Yunan-Roma güləşçilərinin
mübarizəsində isə İslam Abbasov (87 kq)
gümüş, Sabah Şəriəti (130 kq) bürünc
medala layiq görülüblər.
Karatedə 5 medal
"Minsk-2019”da karateçilərimiz
də onlara göstərilən etimadı layiqincə
doğrultmağa çalışdılar. Ölkəmizə
bu idman növündə qızıl medalı +84 kq çəki
dərəcəsində kumite yarışında Asiman
Qurbanlı qazandırıb. O, A qrupunda Tirol Darnel Lardi
(Hollandiya), Conatan Horne (Almaniya) və Alparslan Yamanoğlu
(Türkiyə) ilə yarışıb. Hollandiya
və Türkiyədən olan rəqiblərini müvafiq
olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edən Asiman
Almaniya idmançısı ilə heç-heçə edib.
Bu nəticə ilə karateçimiz qrup
birincisi kimi yarımfinala adlayıb. Gürcüstanlı
Qoqita Arkaniyaya qalib gələn təmsilçimiz finalda
xorvatiyalı Ancelo Kvesiçi məğlub edərək
"Minsk-2019”un qızıl medalını qazanıb.
Kişilərin kata
yarışında təmsilçimiz Roman Heydərov B qrupunda
Türkiyə, İtaliya və Andorra idmançıları ilə
yarışda 24.63 xal toplayıb 3-cü yeri tutaraq növbəti
mərhələyə adlayıb. Lakin növbəti mərhələdə
25.40 xallıq göstərici final üçün kifayət
etməyib. Heydərov bürünc medal
uğrunda almaniyalı İlya Smorqunerlə mübarizədən
qalib ayrılaraq "Minsk-2019”u 3-cü yerdə başa vurub.
Qadınların kumite
yarışlarında 68 kq çəkidə mübarizə
aparan İrina Zaretskanın A qrupunda rəqibləri Silviya
Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova
(Slovakiya) olub.
İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz
digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə
qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib.
Finala gedən yolda ukraynalı Qalina Melnikə 1:0 hesabı ilə
qalib gələn təmsilçimiz həlledici mərhələdə
italiyalı Silviya Semeraro ilə qarşılaşıb. Görüşdə 1:5 hesabı ilə uduzan Zaretska
gümüş medalla kifayətlənib.
60 kq çəki dərəcəsində
yarışan Firdovsi Fərzəliyev B qrupunun ilk
görüşündə İlya Bulatova (Belarus) aman verməyib. Emil Pavlova
(Makedoniya) çətinliklə qalib gələn Fərzəliyev
Ancelo Kreszento (İtaliya) ilə bərabərə qalıb.
Bununla idmançımız qrup birincisi kimi
yarımfinala adlayıb. Onun final
yolundakı rəqibi rusiyalı Yevgeni Plaxutin olub. Bu
görüşü də qalib başa vuraraq finala yüksələn
Fərzəliyev həlledici mərhələdə
latviyalı Kalvis Kalninsə uduzaraq "Minsk-2019”u
gümüş medalla başa vurub.
75 kq çəki dərəcəsində
mübarizə aparan Rafael Ağayev B qrupunda Co Kellavey
(Böyük Britaniya) və Ərman Ərdəmiri (Türkiyə)
müvafiq olaraq 3:2 və 1:0 hesabı ilə üstələyib.
Qabor Harspataki (Macarıstan) ilə
heç-heçə edən Ağayev qrup birincisi olub.
Həmyerlimiz yarımfinalda
Estoniya idmançısı Pavel Artamanovdan güclü olub. Finalda Stanislav
Xoruna (Ukrayna) ilə qarşılaşmada uduzan Rafael II Avropa
Oyunlarında gümüş medalla kifayətlənib.
Beləliklə, karateçilərimiz
II Avropa Oyunlarını 5 medalla (1 qızıl, 3
gümüş, 1 bürünc ) başa
vurublar.
Boksçumuz
Avropa Oyunlarının qalibi oldu
Boksda da
idmançılarımız ölkəmizin hesabına 2 medal
(1 qızıl və 1 bürünc) medal yazdırıblar. 81 kq çəki dərəcəsində
mübarizə aparan təmsilçimiz Alfonso Dominges müvafiq
olaraq Stefan Xrekul (Ukrayna), Mixail Dauqalivets (Belarus), Ziad əl-Mohor
(Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edərək
finala yüksəlib. Həlledici
qarşılaşmada Benjamin Vittakerə (Böyük Britaniya)
3:2 hesab ilə qalib gələn boksçumuz II Avropa
Oyunlarının qalibi olub.
Azərbaycanı 69 kq çəki
dərəcəsində təmsil edən Lorentso Sotomayor 1/8
finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina), 1/4 finalda
kosovolı Patriot Behramini mübarizədən kənarlaşdırıb. Finala çıxmaq
üçün böyük britaniyalı Pet Makkormakla
qarşılaşan təmsilçimiz bu döyüşdə
uduzaraq "Minsk-2019”u bürünc medalla başa vurub,
Samboçular
"Minsk-2019”u 3 medalla başa vurdular
II Avropa Oyunlarında sambo
yarışlarında ölkəmiz 3 medal qazanıb (bir
gümüş, iki bürünc).
52 kq çəki dərəcəsində
çıxış edən Ağasif Səmədov
oyunları gümüş medalla başa vurub.
Bürünc medalları komandamızın
aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68
kq) yazdırıblar. Mehman Xəlilov 1/4 finalda belaruslu Vladislav
Burdza uduzub. Lakin bu çəki dərəcəsində
yeddi samboçunun mübarizə aparması
idmançımızın təsəlliverici
qarşılaşmaya qatılmadan bürünc medal uğrunda
görüşdə iştirakına imkanı yaradıb.
O, bürünc medal uğrunda görüşdə Ermənistan
samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə
uğradıb.
1/4 finalda rumıniyalı
Laslo Jolt-Sokeyə qalib gələn Emil Həsənov isə
yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə məğlub
olub. Samboçumuz bürünc medal uğrunda
qarşılaşmada Bolqarıstan təmsilçisi Martin
İvanova qalib gələrək oyunları 3-cü yerdə
başa vurub.
Təbii ki, "Minsk-2019”da qazanılmış bu möhtəşəm qələbələr hansısa təsadüfün nəticəsi deyil. Bu zəfərin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlığı və məsuliyyəti durur.
Təbriklər, Azərbaycan!
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.-2 iyul.- S.1; 7.