Cümhuriyyətin ilk əməliyyat polisi
Repressiya
101 il bundan əvvəl yaranmış Azərbaycan polisinin ilk nümayəndələrindən biri də Gəncə Şəhər Polis İdarəsinin ilk əməliyyat müvəkkili işləmiş, 1938-ci ildə repressiya olunan Mədət Məşədi Kərim oğlu Quliyevdir. Belə vətənpərvər ruhlu polis işçilərinin sayəsində AXC-nin Daxili İşlər Nazirliyi və onun polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük rol oynamışdır.
1918-ci ilin əvvəllərində Bakı quberniyası Xalq Komissarları Sovetinin sədri S.Şaumyan göstəriş vermişdi ki, Gəncədə hərbi alayların ixtiyarında olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin. Əslində isə Zaqafqaziya Seyminin qərarı belə idi ki, çar dönəmindən Gəncədə yerləşən hərbi hissələrin, eləcə də 216-cı alayın silah və sursatları yeni yaradılan Gəncə müsəlman alayına verilsin. Amma ermənilər buna mane oldular, hər cür hiylə və üsuldan istifadə edərək 216-cı alayın silahlarını öz əllərinə keçirdilər. Sonra da əvvəlki ənənələrinin coğrafiyasını genişləndirərək Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün hazırlıq işləri aparmağa başladılar. Təpədən-dırnağadək silahlanmış ermənilər müsəlman məhəllələrinə hücum edir, iğtişaşlar törədirdilər. Demək olar ki, şəhərdə hər gün ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmalar baş verirdi. Bakı komissarlarından olan Arsen Əmiryan isə bu iğtişaşlara əsassız olaraq vətəndaş müharibəsi statusu verməyə çalışırdı. Azərbaycan vətəndaşı olmayan bolşevik-erməni qruplaşması Bakını zəbt etdikləri kimi, Gəncədə də hakimiyyəti boğmağa çalışırdılar. Şəhərdə baş verən gözlənilməz hadisələr dövrün digər vətənpərvər gəncləri kimi Mədətin də diqqətini cəlb edir və hadisələrin iştirakçısına çevirirdi. Belə çətin anlarda gənc Mədət Balabağmanda təşkil olunan könüllü özünümüdafiə dəstəsinin başçısı kimi əhalinin erməni terrorundan və bolşevik-daşnak hücumlarından müdafiə olunmasında əlindən gələni əsirgəmirdi. Mədət hələ gimnaziyada oxuduğu illərdən haqqı-ədaləti müdafiə etməyi çox sevirdi. Gəncənin qədim məhəllələrindən sayılan Balabağmanın ağsaqqallarından olan atası Məşədi Kərim kişi onu belə böyütmüşdü.
Süquta uğramış çar imperiyasının başsız qalmış ordu əsgərləri Türkiyənin Şərq cəbhəsindən evlərinə qayıdarkən (1918-ci il 9 yanvar) Gəncə Müsəlman Komitəsinin təşəbbüsü ilə onları Şəmkir stansiyası yaxınlığında tərksilah edənlər arasında Mədət Quliyev də var idi. Ön vaqondakı əsgərlərdən silahları təhvil alarkən Mədətin yanında Gəncə gimnaziyasının tələbəsi Məhəmməd Rəfiyev, gimnaziyanın sinif müəllimi Yaqub Rəfizadə və İsfəndiyar Mehdizadə ermənilər tərəfindən açılan top atəşi nəticəsində həlak olurlar. Mirzə Əliəkbər Hüseynzadə ağır yaralanır. Təsadüf nəticəsində sağ qalan Mədət həmyaşıdı Məhəmmədi güllə yağışı altından çıxararkən öz həyatını təhlükə qarşısında qoyur. Nə qədər çalışsa da, Məhəmməd sağ qalmır. Silahların təhvil alınmasında, yaralıların xəstəxanalara yerləşdirilməsi və imkanlı adamlardan kimlərəsə həvalə olunmasında Mədət əlindən gələni əsirgəmir.
Bir aya yaxın davam edən "eşelon davası”nda Mədətin fədakarlığı Gəncə Müsəlman Komitəsi rəhbərlərinin diqqətindən yayınmır. "Dava” başa çatan kimi Nağı bəy Şeyxzamanlının tövsiyəsi ilə o, "Əksinqilab ilə Mübarizə Təşkilatı”nın sıralarına qoşulur.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyskinin əmri ilə polis orqanları yaradılanda Mədət Quliyev şəhər polis sistemində işləməyi özünə şərəf bilir. Cümhuriyyətin "Əksinqilabla Mübarizə Təşkilatı”nın dəstəyi ilə Gəncə Şəhər Polis İdarəsində baş əməliyyatçı vəzifəsinə təyin edilir.
Avqustun
sonlarında, Andranikin köməkçisi general Dro
Konanyanın tapşırığı ilə 100 nəfərdən
çox silahlı erməni Gəncədə
iğtişaşlar törətmək, erməniləri
üsyana qaldırmaq, müsəlmanları qırıb Milli
hökumət quruculuğuna mane olmaq istəyirdi. Bundan bir neçə ay əvvəl həmin
silahlıların bir qrupu Gədəbəy tərəfdən
Şəmkir istiqamətinə hərəkət edərkən
Mədətin xəbərdarlığı ilə gədəbəyli
Məcid ağanın dəstəsi onların
qarşısını almışdı. İstəyinə nail ola bilməyən
general Dro neçə vaxt idi ki, özünə yer tapa
bilmirdi. Odur ki, bu dəfə Həsənnənə və Həsənbaba
dağlarının yanından keçərək Qabaqtəpə,
Xoşbulaq və Zağalı kəndlərinin müsəlman
əhalisini qətlə yetirməyi, Yuxarı Daşkəsən
və Bayan kəndindəki ermənilərlə birləşib,
oradan Gəncəyə hücum edib, erməniləri üsyana
qaldırmağı planlaşdırır.
Bu xəbər Mədət
Quliyevə çatır.
Mədət qabaqtəpəli dostu Tərlan
Məmmədi yanına çağırtdırıb
tapşırır ki, "qapında xeyli qoyun-quzun var, cavan
uşaqlar otarır, onlara etibar eləmirəm, bu gündən
özün qalxarsan Səbətkeçməzin üstündəki
Çalmalı dağına, guya oralarda qoyun otarırsan,
gözün yolda-izdə olsun, ermənilər görünən
kimi kəndə xəbər edərsən. Çanaxçı
Sarı Qafarla şəmkirli Morul Məmməd öz dəstəsi
ilə dağın döşündə sənin işarəni
gözləyəcəklər”.
Mədət Quliyev sonra Sarı Qafarla
görüşür, Tərlan Məmmədə verdiyi
tapşırığı ona da açıqlayıb deyir:
"Daşnaklar Səbətkeçməzdə dərənin
dibi ilə yolu yarı edəndə Tərlan Məmməd səs-küy
salacaq, onda sənin adamların arxadan, Morul Məmmədin dəstəsi
qabaqdan, səsə gələn kənd camaatı da
sağdan-soldan... öz işinizi görərsiniz”.
General Dronun əmri ilə
yüzə yaxın erməni silahlısı avqustun
axırında Göyçədəki düşərgələrindən
Dəstəfur bölgəsinə istiqamət
götürür. Həsənnənə və Həsənbaba
dağlarının arasından keçib gələn yarı
atlı, yarı piyada dəstəni Tərlan
Məmməd uzaqdan görür və onların hərəkətini
ləngitmək üçün yollarının üstünə
iri qaya parçaları dığırlayır, kəndə
atlı çapar göndərir...
Daşnaklar Səbətkeçməzi
çətinliklə yarı edəndə qəfil
atışmada geri qaçanları Morul Məmmədin, irəli
gedənləri Sarı Qafarın adamları atəşə
tutur. Dağlara, meşələrə qaçmaq istəyən
daşnakları isə əliyabalı kənd camaatı
"qarşılayır”.
Bir erməni zabiti aradan salamat
çıxmaq istəyəndə Morul Məmməd
yanındakılara deyir: "Onu diri tutmasam, Mədət lələm
məndən inciyər!”. Düşür onun
dalınca, erməni qaçır, amma Xoşbulağa
çıxhaçıxda onu yaxalaya bilir, nəfəsini kəsib,
silahını götürüb geri qayıdır.
Gəncəlilər sonralar
bilirlər ki, qabaqtəpəli Tərlan Məmmədin adı
ilə dildə-ağızda gəzən Səbətkeçməz
döyüşlərinin baş qəhrəmanı gəncəli
Mədətdir. Bundan iki ay sonra cümhuriyyətin daxili
işlər naziri Fətəli xan Xoyskinin əmri ilə Mədət
Quliyev Gəncə həbsxanasına baş nəzarətçi
təyin edilir. Təəssüf ki,
cümhuriyyətin ömrü qısa olur. Milli hökumət 1920-ci ilin aprelində XI Ordu tərəfindən
süquta uğradılır.
Bu zaman bolşeviklər kadr
çatışmazlığı ucbatından bəzi peşəkar
və təcrübəli işçilərə, o cümlədən
Mədət Quliyevə hələlik dəymirlər. O, 1922-ci ilə kimi bu vəzifədə
işləyir. İşini mükəmməl bildiyinə
görə onu hətta irəli çəkirlər, daha məsul
vəzifəyə yüksəldirlər: Gəncə İnqilab
Komitəsi özlərinə tabe edə bilmədikləri məşhur
qaçaq Dəli Alının və Kürboyu ormanlarda
qaçaqların qurşunundan ötüşmək
üçün Mədəti 1922-ci ildə Qasım
İsmayılov (indi Goranboy) Rayon Milis İdarəsinə rəis
təyin edirlər. Bir müddətdən sonra
isə "Gəncə üsyanı”nın əsas
iştirakçılarından biri - Gəncə Qəza Komitəsinə
və bolşeviklərə qan udduran Qaçaq Məmmədqasımla
və onun qohum-əqrabası ilə üz-üzə qoymaq
üçün Samux rayon Milis İdarəsinə rəis təyin
edirlər. Gəncə İnqilab Komitəsinin qapalı
iclaslarında Mədət Quliyevdən Qaçaq Məmmədqasımın,
Sarı Qafarın, Şəmkir qaçaqlarının
başçısı Ramazan oğlu Rüstəmin və Təhməzin,
habelə onların dəstə üzvlərinin, patron və ərzaq
sarıdan gizli kömək edənlərin, bir sözlə,
qaçaqlarla əlaqəsi olan hər kəsin tutulub tezliklə
ÇK-ya təhvil verilməsi tələb olunsa da, Mədət
bu işə qol qoymurdu. İnqilab Komitəsi
Qaçaq Məmmədqasımın yerini
Çeyrançöldə, ya Kür qırağı
ormanlarda öyrənib-biləndə dərhal həmin əraziyə
hücum əməliyyatı hazırlayırdı. Hücum əməliyyatının vaxtı dəqiqləşəndə
milis rəisi Qaçaq Məmmədqasıma və Şəmkir
qaçaqlarının başçısı Ramazan
oğullarına yerlərini dəyişmək
üçün qardaşı Söyün, ya da Qulu vasitəsi
ilə xəbər çatdırırdı.
İnqilabi hökumətin
yüz faizlik qələbəyə hesablanan əməliyyatları
hər dəfə uğursuzluqla nəticələnəndə,
ordu əsgərləri kütləvi şəkildə itkiyə
məruz qalanda Qəza Komitəsinin rəhbərləri əvvəl
bir-birindən, sonra da Mədət Quliyevdən şübhələnirlər. Az
müddətdə məsələni yerli satqınların
vasitəsi ilə tam dəqiqləşdirirlər. Bundan sonra NKVD işçiləri Mədət Quliyevi
işdən çıxarıb, həbs etməyi
planlaşdırırlar. Çox keçmir ki, bunun
üçün əsas tapılır: Samux sakini Səttar
münaqişə zəminində həmkəndlisini
öldürür. Aylarla gedən istintaqdan sonra güllələnmə
veriləcəyi söylənilən Səttarın məhkəmədə
cəzası 10 il azadlıqdan məhrumetmə
ilə yekunlaşır.
NKVD müstəntiqləri Səttarın
güllələnmə cəzasının 10 illik həbslə
əvəzlənməsində Mədət Quliyevi günahkar
bilirlər.
Guya Mədət Quliyev müqəssirin atası Cabbar kişidən
küllü miqdarda rüşvət alıb, məhkəmə
işçiləri ilə danışığa gedib... Buna görə Azərbaycan Dövlət Siyasi
İdarəsinin əməkdaşları 1923-cü ildə Mədət
Quliyevi həbs edirlər. İki il
Bakıda NKVD zirzəmilərində işgəncələrə
məruz qalandan sonra onun "cinayət işi” baxılmaq
üçün Gəncə Dairə Məhkəməsinə
göndərilir. "Cinayət işi”nin məhkəmə
protokolları ilə tanışlıqdan məlum olur ki, hakim
Baxşəli Adıgözəlovun sədrliyi ilə keçən
məhkəmə iclasında Mədət Quliyevin haqqında
deyilənlər sübuta yetirilmədiyindən o, 1925-ci ildə
azadlığa buraxılır.
Bir ildən çox işsiz
qalan Mədət Quliyev Xoşbulaq massivinə meşə nəzarətçisi
düzəlir.
Mədətin məhkəmələrdən
salamat qurtarmağını, belə bir işə düzəlməyini
həzm edə bilməyən bolşeviklər onun hər
addımına göz qoyurlar. Hansı yolla
olursa-olsun onu aradan götürməyə
çalışırdılar. Günlərin
birində onunla birlikdə Xoşbulaqda meşə nəzarətçisi
işləyən Karapet Mirzoyanın meyiti yol kənarında
tapılanda NKVD əməkdaşları üçün əlverişli
məqam yaranır. Dərhal Mədəti
dövrün ciddi cəza tədbirlərindən olan səsvermə
hüququndan məhrum edirlər. Azərbaycan
Dövlət Siyasi İdarəsinin (DSİ) məsul
işçisi, milliyyətcə erməni Davud Asaturovun
(Asaturyan) rəhbərliyi ilə Mədət Quliyev həbs
olunur. Davud Asaturyan bu "ölüm işi”ni daha da
"zənginləşdirmək” üçün Mədət
Quliyevi yeni quruluşa qarşı daim mübarizə aparan
şəmkirli "bandit” Morul Məmmədə, Pirverdiyə,
dəstəfurlu Sarı Qafara və başqa qaçaqlara silah
verməkdə, onlarla dostluq münasibətləri saxlamaqda
günahlandırır. Lakin Mədətin xətrini
istəyən dostları, tanışları bu
haqsızlığın qarşısını almaq
üçün əllərindən gələni edib Mədət
Quliyevin azadlığa buraxılmasına nail olurlar.
Mədət ailəli idi, on il
olardı ki, sevib-seçdiyi Xədicə xanımla mehriban
dolanırdı, iki övlad atası idi, oğlu Qəzənfərin
9, qızı Qiyafənin 6 yaşı vardı. Siyasi İdarə işçilərinin onu izləməsindən
şübhələnmişdi. Odur ki, işini bir az ehtiyatlı görürdü - günün
çoxunu evdə - uşaqları ilə bir yerdə olurdu. Hektara yaxın üzüm bağı, 40-45
qoyun-quzusu, bir atı, bir sağmal camışı vardı.
Hərdən boş vaxtlarını bağda
keçirirdi, axşamtərəfi qapı-qonşularla
söhbətləşməyi, hal-əhval tutmağı
çox sevirdi. Ancaq ermənilərin
müsəlman məhəllələrinə arasıkəsilməz
təcavüzlərini eşidəndə dayana bilmirdi. Dərhal qara atını yəhərləyər,
könüllülərdən qalma dost-tanışı
başına yığıb quldurların "dərsini” verməyə
gedərdi. Ümumiyyətlə, Mədət
Quliyev milli ideyalarla yaşadığı üçün
bolşeviklər onu çox təhlükəli hesab edirdilər.
Odur ki, Gəncə erməniləri, xüsusilə
bolşeviklərlə əlbir olan daşnaklar insanlarda milli mənlik
və vətənpərvərlik hissini öldürmək
üçün dəridən-qabıqdan
çıxırdılar. İğtişaş
törətmək, kimi isə aradan götürmək istəyəndə
Mədət Quliyev kimi güclü bir şəxs onlara mane
olurdu. Bütün bunlara son qoymaq, habelə məşhur
qaçaq Sarı Qafarla, Morul Məmmədlə, İsax
Salahovla, Ramazan oğulları ilə, samuxlu Məmmədqasımla
əlaqəsinə, əksinqilabi fəaliyyətinə görə
1930-cu il noyabrın 30-da Dövlət Siyasi İdarəsinin əməkdaşları
Mədət Quliyevi növbəti dəfə həbs edirlər.
Dövlət Siyasi İdarəsində
işgəncələrə məruz qalan, iki aydan artıq
aramsız dindirilən Mədət Quliyevin "497 ¹-li cinayət
işi”nin protokollarından məlum olur ki, həbsi də,
istintaqı da DSİ-nin əməkdaşı Sarkisov
soyadlı şəxs icra etmişdir. Mədət Quliyevin işinin
istintaqı 1931-ci il fevral ayının
16-da başa çatmış, bundan bir gün sonra o, Fövqəladə
Komissiyanın qərarı ilə güllələnmişdir.
Gəncə Şəhər Baş
Polis İdarəsinin istər təqaüddə olan
veteranları, istərsə də bu gün xalqın
asayişini ləyaqətlə qoruyan əməkdaşları
söhbətlərdən nağıl qəhrəmanını
xatırladan Mədət Quliyevi daim yaxşı əməliyyatçı,
işgüzar, vətənpərvər və peşəkar polis
işçisi kimi xatırlayırlar.
***
Azərbaycan Xalq Cümhuriyyətinin
fəallarından olan Mədət Məşədi Kərim
oğlu Quliyevə SSRİ Ali Soveti Rəyasət Heyətinin
"1930-1940-cı illər və 1950-ci illərin əvvəllərində
baş vermiş repressiyalara münasibətdə ədalətin
bərpa edilməsinə dair əlavə tədbirlər
haqqında” 16 yanvar 1989-cu il tarixli fərmanına əsasən
bəraət verilmişdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.-3 iyul.- S.7.