Məkrli erməni siyasəti faktlarla
sübuta yetirilib
Yeni nəşrlər
1920-ci il aprel ayının 27-də Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi XI Qırmızı Ordu tərəfindən işğal olundu. Bu tarix Azərbaycanda uzun illər sovet hakimiyyətinin qurulması günü kimi bayram edilmişdir. Tarix bu cür təhrif olunmuşdur.
Hazırda 27 aprel günü və həmin ərəfədə baş verən olaylar müasir dövrdə tarixşünaslığın prioritet sahələrindən biri kimi yeni yanaşma tələb edir. Bu yanaşmada əsas məsələ işğal faktıdır. Torpaqlarımızın 20 faizi Ermənistanın silahlı dəstələri tərəfindən işğal edilmişdir. Ona görə də Azərbaycanın 1920-ci ildə sovet ordusu tərəfindən işğalı ilə əlaqədar olaraq elmi-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac duyulmuşdur. Belə tədqiqat işlərindən biri də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Əzizə Ənvər qızı Nəzərlinin institutun Elmi Şurasının qərarı ilə çap olunmuş "Armənskiy sled v besçinstvax XI Krasnoy armii v Severnom Azerbaydjane (1920-1921 qq.)” ("Şimali Azərbaycanda XI Qırmızı Ordunun işğalçı hərəkətlərində erməni izi (1920-1921-ci illər)”) adlı monoqrafiyasıdır.
Çoxsaylı elmi əsərlərin və dörd monoqrafiyanın müəllifi olan Əzizə Nəzərlinin bu monoqrafiyası sovet işğalı zamanı XI Qırmızı Ordunun tərkibində qulluq edən erməni hərbçilərin məqsədli şəkildə Azərbaycana qarşı törətdikləri əməllərindən bəhs edir, özbaşınalıqların, talanların, əhalinin xüsusi mülkiyyətinin, əşyalarının müsadirə edilməsi məkrli erməni siyasətinin tərkib hissəsi olduğunu göstərir. Ə.Nəzərlinin bu mövzuya müraciət etməsi onun vətəndaşlıq mövqeyindən irəli gəlir və bu mövzu ilk dəfədir ki, alimin monoqrafiyasında öz əksini tapmışdır.
Monoqrafiyanın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent İ.Niftəliyev, rəyçilər tarix üzrə elmlər doktoru V.Abışov, tarix üzrə fəlsəfə doktoru, dosent N.Məmmədzadədir.
Monoqrafiya 2 fəsildən ibarətdir. Müəllif çoxsaylı arxiv və dövlət sənədlərindən, ordu və dövlət rəhbərlərinin yazışmalarından, dövrü nəşrlərdən və elmi ədəbiyyatdan istifadə edərək aprel işğalından sonrakı bir il ərzində XI Qırmızı Ordunun və onun tərkibindəki ermənilərin zorakılıqlarını faktlarla sübut etmişdir. Əsər müəllifin yüksək analitik təhlil bacarığı ilə yazılmışdır. Dili sadədir, oxunaqlıdır.
Monoqrafiyada Azərbaycan Respublikasi Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən və Azərbaycan Respublikasının Dövlət Arxivindən istifadə edilmiş sənədlər Əzizə Nəzərli tərəfindən ilk dəfə elmi dövriyyəyə gətirilmişdir.
Sovet işğalı nəticəsində Azərbaycan öz müstəqilliyini itirdi. Cümhuriyyət liderlərinin bir hissəsi güllələndi, bir hissəsi mühacirət həyatı keçirməyə məcbur oldu, bəziləri isə XI Qırmızı Ordu içərisinə yerləşdirilmiş erməni terrorçuları tərəfindən öldürüldü. Vəziyyətdən istifadə edən ermənilər Gəncə, Qarabağ, Şamaxı və digər qəzalarda xüsusi canfəşanlıq və qəddarlıqla azərbaycanlı əhalinin başına müsibətlər gətirdilər.
1918-ci ildə Bakı Soveti ordusunun 80 faizi ermənilərdən ibarət idi. 1920-ci il aprel işğalı zamanı da ordunun tərkibindəki ermənilərin faizi buna yaxın idi. Yeni bolşevik hakimiyyəti ermənilərə arxalanırdı. Azərbaycanda sovet hakimiyyətini quranlar içərisində Bakı kommunası ilə bağlı olan A.Mikoyan, L.Mirzəyan kimi daşnaklar azərbaycanlılara qarşı soyqırımın fəal iştirakçıları idilər.
Monoqrafiyada qeyd olunduğu kimi, ordu rəhbərləri etiraf edirdilər ki, ermənilər rus əsgərləri arasında təbliğat aparır, onları azərbaycanlıların üzərinə yönəldirdilər. Hərbçilərin bir çox özbaşınalıqları da bundan irəli gəlirdi.
İnanırıq ki, Əzizə Nəzərlinin "Şimali Azərbaycanda XI Qırmızı Ordunun işğalçı hərəkətlərində erməni izi (1920-1921-ci illər)” adlı monoqrafiyası alimlərin, bu sahədə çalışan mütəxəssislərin, eləcə də ictimaiyyətin marağına səbəb olacaqdır.
Aypara RÜSTƏMOVA,
tarix üzrə fəlsəfə doktoru,
dosent
Azərbaycan.- 2019.-3 iyul.- S.7.