Azərbaycan ilə İran
arasında bir
sıra sahələrdə əlaqələr
yüksələn xətlə inkişaf edir
İyulun 3-də Milli Məclis Sədrinin
birinci müavini, Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət
Əsgərovun İran İslam Şurası Məclisinin
nümayəndə heyəti ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki,
birinci vitse-spiker Azərbaycanın İranla münasibətlərə
böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan
və İran dost və qardaş ölkələrdir.
Xalqlarımız arasında tarixi, mədəni və dini
bağlılıq mövcuddur. Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz
arasında etimadın yüksəlməsində ümummilli
lider Heydər Əliyevin rolu böyükdür. Azərbaycan və
İran prezidentlərinin qarşılıqlı səfərləri,
keçirdikləri görüşlər əlaqələrimizin
daha da möhkəmlənməsini sübut edir.
Vurğulanıb ki, siyasi, iqtisadi, mədəni,
humanitar sahələrdə əlaqələrimiz yüksələn
xətlə inkişaf edir. Ölkələrimiz arasında
imzalanmış sənədlər əlaqələrimizin
hüquqi bazasını təşkil edir. Azərbaycan Cənubi
Qafqazın ən inkişaf etmiş dövlətidir. Biz
qonşu ölkələrlə mehriban münasibətlər
qurmağa çalışırıq.
Ziyafət Əsgərov parlamentlərarası
əlaqələrdən söz açaraq,
deputatlarımızın qarşılıqlı səfərlərini,
beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edib.
Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın
genişləndirilməsində hər iki ölkənin
parlamentlərindəki dostluq qruplarının fəaliyyəti
böyük əhəmiyyət kəsb edir. Milli Məclisin Sədri
Oqtay Əsədovun və İran İslam Şurası Məclisinin
Sədri Əli Laricaninin rəsmi səfərləri parlament
diplomatiyasının bariz nümunəsidir.
Parlament Sədrinin birinci müavini
diqqətə çatdırıb ki, bu gün bizi bir problem
narahat edir: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğal olunması. BMT, İslam Əməkdaşlıq Təşkilatı
və digər mötəbər beynəlxalq qurumlarda
münaqişənin həlli ilə bağlı müvafiq qərarlar
qəbul edilib. Lakin Ermənistan bu qərarlara məhəl
qoymur. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
İranın ölkəmizin ərazi
bütövlüyünü dəstəklədiyinə
görə təşəkkürünü ifadə edib.
İran İslam Şurası Məclisinin
deputatı Qulamreza Tacgərdun qonaqpərvərliyə görə
minnətdarlığını bildirib. O, İran parlamentinin Sədri
Əli Laricaninin salamlarını Milli Məclisin Sədri Oqtay
Əsədova çatdırıb. İranlı deputat Azərbaycan
parlamenti Sədrinin ötən il Tehrana və Urmiyaya səfərini
xoş təəssüratlarla yada salıb. Qonaq Azərbaycanın
İrana ən yaxın dost ölkə olduğunu
vurğulayıb, ölkəmizlə müxtəlif sahələrdə
əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
İranlı deputat əlaqələrin
inkişafında parlamentlərin rolunu xüsusi qeyd edərək,
nümayəndə heyətlərinin qarşılıqlı
səfərlərinin təcrübə və informasiya
mübadiləsi baxımından önəmli olduğunu deyib.
Qulamreza Tacgərdun ölkələrimizin
iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin
vacibliyindən danışıb. Qeyd edib ki, bu və digər
müştərək layihələrin həyata keçirilməsində
parlament öz öhdəsinə düşən vəzifələri
yerinə yetirir.
İran parlamentinin üzvü
ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini
vurğulayıb.
Söhbət zamanı siyasi,
iqtisadi, humanitar sahələrdə əməkdaşlığın
möhkəmləndirilməsi, parlamentlər səviyyəsində
əlaqələrimizin bu günü və inkişaf
perspektivləri, regional münaqişələrin həlli
yolları və tərəfləri maraqlandıran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun sədr
müavini Eldar İbrahimov, İranın ölkəmizdəki
səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.-
2019.-4 iyul.- S.4.