UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar təşkil edilib

 

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də paralel iclaslarla işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, "Mədəni irsin təsirinin qiymətləndirilməsinə yenidən baxılması: İstanbul təcrübəsi” mövzusunda paralel iclasda Türkiyədə turizminfrastrukturun inkişafından söz açılıb. Yeni tikililərin, eləcə də urbanizasiya prosesinin ümumbəşəri dəyərlərə malik tarixi abidələrə mənfi təsiri barədə fikir mübadiləsi aparılıb.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mitheld Rössler sessiyada təşkil edilən paralel iclasların maddi və mədəni irsin qorunmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Tədbirdə ICOMOS tərəfindən ümumdünya mədəni irs abidələri ilə bağlı hazırlanmış təlimat təqdim edilib və müzakirələr aparılıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları cari ilin aprelində Türkiyənin İstanbul şəhərində mədəni irs abidələrinin qiymətləndirilməsinə həsr olunan seminarda irəli sürülən təklifləri Bakı sessiyasında yenidən nəzərdən keçiriblər. Türkiyənin UNESKO-dakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Altay Cengizer plenar iclasda İstanbuldakı qədim tarixi abidələrlə bağlı məlumat verib və ölkəsində tarixi mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışıb.

Növbəti plenar iclas çərçivəsində isə UNESKO-nun Ümumdünya İrs Komitəsinin büdcə məsələləri üzrə işçi qrupunun iclası keçirilib.

İştirakçı dövlətlərin və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM), Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) və Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə iştirakçı dövlətlərin mədəni irsin qorunub saxlanılması üzrə Konvensiyada nəzərdə tutulan öhdəlikləri ilə bağlı irəli sürülən yeni təkliflər ətrafında müzakirələr aparılıb.

İclasda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 2018-2019-cu il üzrə büdcə hesabatı dinlənilib və qurumun 2020-2021-ci il üzrə büdcəsi müzakirə olunub

 

Azərbaycan.- 2019.-4 iyul.- S.4.