Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub

 

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində "Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi iyulun 3-dən sentyabrın 30-dək davam edəcək.

Dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş etdirilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev sərginin açılışında çıxış edərək bildirib ki, Xalça Muzeyi ilə Luvr Muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir. Luvr və dünyanın digər muzeylərindəki eksponatların sırasında Azərbaycanla bağlı kifayət qədər çoxlu əşyalar nümayiş etdirilir. Xalça Muzeyində Luvrda saxlanılan üç Azərbaycan xalçası nümayiş olunur. "Biz, həmçinin ona görə sevinirik ki, Luvr kimi muzeydə Azərbaycan xalqına aid olan bu xalçaların saxlanılması faktı mövcuddur. Mərasimə gələn nüfuzlu qonaqlar bunu görməklə həm də zəngin mədəniyyətimizin şahidi olurlar”, - deyə Ə.Qarayev əlavə edib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, bu, hər iki dövlət arasında əməkdaşlığın inkişafının göstəricisidir. LuvrXalça Muzeyi arasında olan bu nadir tədbir hamı üçün çox maraqlıdır və bu gün bu qeyri-adi xalçaları kəşf edirik. Bu tədbir Parislə Bakı arasında olan münasibətləri nümayiş etdirir.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova UNESKO və Xalça Muzeyi arasındakı əməkdaşlığın bariz nümunəsi kimi əhəmiyyətli layihələrdən söz açıb. O, bugünkü tədbirin Luvr Muzeyi ilə ilk birgə layihə olduğunu deyib və sərgidə XVIII əsrin sonu - XX əsrin əvvəllərinə aid nadir Azərbaycan xalçalarının nümayiş olunması haqqında məlumat verib. Vurğulanıb ki, layihə "Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.

Sərgi Mədəniyyət Nazirliyi, Xalça Muzeyi, Fransanın Azərbaycandakı səfirliyi, Luvr Muzeyi, Azərbaycanda Fransız İnstitutu və "Silk Way West AirlinesQSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

 

Azərbaycan.- 2019.-4 iyul.- S.4.