Leyla Əliyevanın xeyirxah təşəbbüsünün daha bir nümunəsi

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.

"Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsizrahat yaşam şəraitinin yaradılmasıdır.

Yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmışdır. Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, 4 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 ədəd oturacaq quraşdırılmışdır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri tam təmir olunmuşdur. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 1735 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi beşinci həyətdir. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bu nəcib təşəbbüsü ilə paytaxt rayonlarında təmir olunub istifadəyə verilən həyət və məhəllələr sakinlər tərəfindən çox böyük rəğbətlə qarşılanır, onların hədsiz sevincinə səbəb olur. Ölkəmizdə və onun sərhədlərindən kənarda xeyriyyəçilik, təhsil, səhiyyə və digər sahələrdə böyük işlər həyata keçirən Leyla Əliyeva öz ictimai-siyasi fəaliyyəti ilə gənclərə ən mükəmməl örnəkdir.

 

Xəyalə MURADLI,

 

Azərbaycan.- 2019.-4 iyul.- S.5.