Abidə Menecerləri Forumunun iştirakçılarına sertifikatlar təqdim edilib

 

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 3-də Abidə Menecerləri Forumunun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Forum çərçivəsində reallaşan tədbirlər, müzakirələr, işçi qrupların birgə fəaliyyətini əks etdirən hesabat diqqətə çatdırılıb.

Forum iştirakçıları tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini və təəssüratlarını bölüşüb, Azərbaycan Hökumətinə dərin minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Forumun reallaşması təcrübələrin bölüşülməsi ilə yanaşı, Azərbaycanın abidələri və irsi ilə yaxından tanışlıq imkanı baxımından mühüm əhəmiyyət kəsb edir.

Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) direktoru Tim Badman çıxış edərək iyunun 27-də Bakı Konqres Mərkəzində açılışı keçirilən tədbirin təşkilatçılarına - Mədəniyyət Nazirliyi, UNESKO-nun Ümumdünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təşəkkürünü bildirib. Forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndənin iştirak etdiyini diqqətə çatdıran direktor hər kəsə tədbirlərdə dolğun çıxışına və hərtərəfli iştiraklarına görə minnətdarlığını bildirib. O, Abidə Menecerləri Forumunda dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli müzakirələrin aparıldığını, birgə layihələr və əməkdaşlıq mövzularının müzakirə edildiyini diqqətə çatdırıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək mədəni irsin qlobal mahiyyətindən bəhs edib, Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb.

Forum iştirakçılarının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu və digər tarixi-mədəni məkanlara səfərləri zamanı apardıqları müzakirələr və irsin qorunması ilə bağlı işçi qruplarının təklifləri yüksək dəyərləndirilib.

Daha sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə Forum iştirakçılarına sertifikatlar təqdim edib.

İştirakçılar təşkilat komitəsinin üzvlərinə minnətdarlıqlarını bildirib və Bakıda olmalarından məmnunluqlarını ifadə ediblər.

 

Azərbaycan.- 2019.-4 iyul.- S.6.