Sonuncu güllə

 

Milli qəhrəmanlarımız

 

Elşad Məmmədhənifə oğlu Yəhyayev Şəkidə doğulub. Orta təhsilini Bakıda - 56 saylı məktəbdə tamamlayıb. Həkim olmaq niyyətində olub, sonra fikrini dəyişib hüquqşünaslığı seçib. Xatirələrində yazır ki, Leninqradda hərbi xidmətini başa vurandan sonra fikrini qəti dəyişib. Qərara alıb ki, hərbçi olsun.

Elə bu məqsədlə də Saratov Ali Komandirlik Məktəbinə daxil olub. Etiraf edir ki, doğrusu, bu məktəbdə çox şeylər öyrəndim. Təcrübəli hərbçilərin, komandirlərin tövsiyələrindən, məsləhətlərindən faydalandım. Hərbi leytenant kimi Almatıya təyinat aldım. Amma o yerlərdə çox qala bilmədim. Ona görə ki, Azərbaycan düşmən təcavüzü ilə üz-üzə qalmışdı. Ayrı-ayrı bölgələrimizdə ciddi döyüşlər gedirdi. Erməni işğalçıları torpaqlarımıza göz dikmişdi. Öz xahişimlə Azərbaycana qayıtdım. Daxili qoşunlarda bölük komandiri kimi işə başladım. Amma bir yerdə qərar tuta bilmirdim. Ona görə ki, cəbhə bölgələrindən bir-birindən dəhşətli xəbərlər gəlirdi. Düşmən gündən-günə azğınlaşırdı.

1992-ci ildə yenidən öz xahişimlə müharibənin ən qaynar nöqtələrindən birinə göndərilməyimi xahiş etdim. Onda Ağdərə istiqamətində gərgin döyüşlər gedirdi. İtkilərin sayı azalmırdı. Elə bir vaxt idi ki, düşmən heç nəyə məhəl qoymurdu. Qocalar, xəstələr, lap balaca uşaqlar belə əsir götürülürdü. Biz eşidəndə ki, nə qədər qadınlar, qızlar düşmən əhatəsində qalıb, bir yerdə qərar tuta bilmirdik. İşğal olunmuş kəndləri geri qaytarmaq üçün bütün imkanlarımızı səfərbər edirdik. Qalayçılar kəndi düşmən əhatəsində olanda biz qeyri-bərabər qüvvə ilə üz-üzə qaldıq. Amma axıra qədər döyüşdük. Kəndi düşmən əhatəsindən xilas etmək üçün bütün qüvvəmizdən qədərincə faydalandıq. Hətta geriyə qayıtmaq üçün əmr alsaq da, kəndi düşmən əhatəsində qoymadıq. Heç olmasa günahsız adamları təhlükəsiz yerlərə köçürdük. Elə mənim çətin döyüş yolum da bu kənddən başladı...

Elşad Yəhyayev xatirələrində yazır ki, bizim döyüş yolumuz çətin maneələrdən keçirdi. Düşmənin zirehli texnikası, canlı qüvvəsi çox idi. Amma bütün bunlar bizdə acizlik yaratmırdı. Əksinə, böyük qüvvə ilə üz-üzə qaldığımızı hər an hiss edirdik. Onu da deyim ki, olan-qalan ağır texnikanı idarə etməyə o qədər də bacarıqlı hərbçilərimiz yox idi. Vəziyyət elə yaranmışdı ki, yeni gələn qüvvələrə həm texnikanı idarə etməyi öyrədirdik, həm də hücumda taktiki gedişləri. Ona görə də düşmən nə qədər hiyləgər olsa da, hücumların çoxunun qarşısını alırdıq. Doğrudur, itkilərimiz də olurdu. Müharibənin qanunları belə idi. Amma qətiyyətlə deyirəm ki, biz hər dəfə hücuma keçəndə ölməyə yox, öldürməyə gedirdik. Və çox vaxt məqsədimizə çatırdıq...

Döyüş mövqeyimizi tez-tez dəyişməli olurduq. Mənə ən çox kömək edən hərbi texnikanın sirlərini mükəmməl bilməyim olurdu. Bəlkə də ona görə ən ciddi döyüşlərə cəlb olunmaq üçün mənim gücümdən, hərbi bacarığımdan istifadə edirdilər. Belə də olmalı idi. Bir dəfə uğurlu döyüşlərdən sonra məni ongünlük istirahətə buraxmaq istədilər. Qətiyyətlə etiraz etdim. Axı dostlarımı tək qoya bilməzdim. Biz eyni məqsəd uğrunda vuruşurduq. Hər birimiz gücümüzə, qüvvəmizə güvənirdik.

Ən çətin döyüşlərimdən biri Ağdamın Sırxavənd, Qaralar kəndində olub. Onda komandirlik etdiyim bölük az tərkiblə böyük düşmən qüvvəsi ilə üz-üzə qaldı. Amma axıra qədər mübarizəni davam etdirdik. Heç kəs geri çəkilmək istəmirdi. Bilirdik ki, bu döyüş bizim üçün ölüm-dirim mübarizəsidir. Kənd camaatı da bizə yaxından kömək edirdi. Onda imkan daxilində adamları təhlükəsiz ərazilərə köçürürdük. Yaxşı xatırlayıram, heç kəs kəndini-kəsəyini tərk etmək istəmirdi. Adamlar yurdunu-yuvasını asanlıqla düşmənə təslim etmirdi. Ölüm-itim olurdu, amma bu yerlərin adamları doğulub boya-başa çatdıqları yurdu o qədər təəssübkeşliklə sevirdilər ki, bir addım belə geri çəkilmək istəmirdilər. Düşmən də bunu açıq-aşkar hiss edirdi. Onda ermənilər gecə hücumlarına daha çox üstünlük verirdilər. Ciddi təhlükə yaratmaq üçün hər cür məkirli niyyətdən istifadə edirdilər. Biz yaxşı bilirdik ki, belə düşmənlə açıq mübarizədən daha çox gizli kəşfiyyatlara əl atmalıyıq. Bunun üçün də təcrübəli döyüşçülərə, təlim keçmiş hərbçilərə ciddi ehtiyacımız vardı. Belə qüvvələrimiz az olsa da, onlardan qədərincə faydalanırdıq. Məni ən çox sevindirən o idi ki, heç kəs gücünü, qüvvəsini zərrə qədər də əsirgəmirdi. Düşmən ağır zərbələr alırdı, geri çəkilməyə məcbur olurdu...

Elşad son döyüşünü də yaxşı xatırlayır. Yenə də xatirələrində yazırdı ki, ən çox ehtiyat etdiyim düşmənə əsir düşmək idi. Ona görə də bir qayda olaraq sonuncu gülləni özümə saxlayırdım. Özü də tərəddüd etmədən. Ona görə ki, mən qarşı tərəfin nə qədər qəddar, xəyanətkar olduğunu yaxşı bilirdim. Bilirdim ki, belələrinə əsir düşməkdənsə, özünə qıymaq daha sərfəli və ucadır. Ömrü boyu şərəfsiz ölümdən qorunmuşam...

Biz hamımız bir-birimizi aydın anlayırdıq. Cəmi 15 nəfər idik. Bir-birimizə fərq qoymurduq. Həm qoruyurduq, həm də qorunurduq. Onu da deyim ki, düşmənin say çoxluğu bizdə qətiyyən vahimə yaratmırdı. Əksinə, gücümüzü, imkanımızı sona qədər səfərbərliyə alırdıq. Sonuncu döyüşdə düşmən mövqeyini tez-tez dəyişirdi. Amma belə çaşdırıcı manevrlər adi hala çevrilmişdi.

Elşad Yəhyayev ömrünü qəhrəman kimi başa vurdu. Bu gün onun adını əbədiləşdirən yerlər də az deyil. Oxuduğu orta məktəb, yaşadığı küçə onun adını daşıyır. Nəzərimizdən bir şey də yayınmadı. Bu küçədə biz Elşadı hamıdan uca, hündür gördük. Boy-buxununa, cüssəsinə görə yox, cəsarətinə, əməllərinə görə...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan. - 2019.- 4 iyul.- S.7.