Prezidentin sosial islahatlar paketi vətəndaş rifahı naminə atılan inqilabi addımdır

 

2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

 

İlham ƏLİYEV

 

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də bunu göstərir. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının getdikcə artırılması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib. Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Məlum olduğu kimi, əmək qanunvericiliyinə əsasən, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyəcək. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox olacaq. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerə qalxacaq. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

Burada bir məqamı xüsusi qeyd etmək istərdik: həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əmək haqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır. Belə ki, ölkəmizdə 19 pillədən ibarət vahid tarif cədvəli üzrə əməkhaqqı sistemi mövcuddur ki, bu sistem vasitəsi ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları tənzimlənir. Vahid tarif cədvəlinin ilk pilləsi minimum əməkhaqqından başlayır və minimum əməkhaqqı artdığı zaman həmin cədvəlin ilk pilləsi artdığı üçün digər üst pillələr üzrə bundan yüksək olan digər əməkhaqqı səviyyələri də zəncirvari qaydada artmış olur. Bu o deməkdir ki, bütün bu pillələr üzrə artımın təsir dairəsi 950 min işçini əhatə edir.

Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olacaq. Bu artım digər tərəfdən özəl sektora da böyük təsir göstərir. Çünki bu amil özəl sektorda da işçi qüvvəsinin rəqabət qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir. Minimum əməkhaqqının artırılması həm də Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə müsbət təsir etməklə birbaşa ölkəmizin inkişafına xidmət edir.

18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırılacaq. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. Onu da qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Digər mühüm fakt: 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.

Minimum əməkhaqqının artırılması qeyri-formal məşğulluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində aparılan islahatlarda da müsbət nəticələr verir. Cari ilin ilk rübündə reallaşan ilk sosial paket çərçivəsində minimum əməkhaqqının artımı timsalında bunu aydın görmək olar. Belə ki, 2019-cu ilin əvvəlindən ötən 5 ay ərzində ölkə üzrə əməkhaqqı fondu 18, o cümlədən dövlət sektorunda 15, qeyri-dövlət sektorunda 21 faiz yüksəlib. Muzdla işləyən işçilərin sayı isə 7 faiz və ya 95,6 min, o cümlədən dövlət sektorunda 3,4 faiz və ya 29 247, qeyri-dövlət sektorunda isə 12 faiz və ya 66 360 nəfər artıb.

Azərbaycanda minimum əməkhaqqının artırılması beynəlxalq səviyyədə ölkəmizin reytinqinin daha da yüksəlməsinə, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əməkhaqlarının leqallaşmasında yeni irəliləyişlərə, dövlət və qeyri-dövlət sahələri üzrə əməkhaqqı fərqliliyin azalmasına, qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına yaxınlaşmasına da öz müsbət təsirini göstərir. Minimum əməkhaqqı artımı həmçinin işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edir. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək pensiya təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.

Qeyd etdiyimiz kimi, ikinci sosial paket çərçivəsində Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci mühüm addımdır. Xatırladaq ki, bundan əvvəl dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdır. Həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi. Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılır və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olur.

Minimum pensiyanın artımı 660 min vətəndaşın pensiyasının, dövlət sektorunda əməkhaqqı artımı isə xüsusi şərtlərlə pensiya təyinatı aparılanlardan (pensiya artımı əməkhaqlarının artımı ilə bağlı olan pensiyaçılar) ibarət 94 min nəfərin pensiyasının artmasına imkan verir. Ümumilikdə, həm minimum pensiyanın artımı, həm də dövlət sektorunda əməkhaqlarının artımı 750 min pensiyaçını əhatə edəcək. Nəticə etibarilə iyun ayında həyata keçirilən sosial islahat paketi 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verir. Bu artım üzrə dövlətin əlavə maliyyə yükü 2 milyard manatdır.

Prezident İlham Əliyevin sosial siyasətinin davamı kimi cari ilin ötən dövründə həyata keçirilən və əhalinin rifah halının yaxşılaşdırılması, vətəndaş rifahı naminə inqilabi addımların atılmasını təmin edən iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq ki, bu da Azərbaycan Prezidentinin ölkə vətəndaşının rifahına xüsusi diqqətini, qayğısını bir daha göstərir.

Əhalinin rifahına xidmət edən bütün bu addımlar eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi tərəqqi hesabına əldə edilən imkanlar hesabına atılır. Bu inkişaf 2019-cu ildə də uğurla davam edir. Hələ 2018-ci ilin yekunları müzakirə edilərkən dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini bildirmişdi. Bunun əməli təsdiqi olaraq, cari ilin ilk rübündə ölkəmizdə ÜDM istehsalı 3, o cümlədən kənd təsərrüfatında məhsul istehsalı 3,6, qeyri-neft sektorunda sənaye istehsalı 15,6, əhalinin gəlirləri 5,5 faiz artıb, ölkə iqtisadiyyatına 2,8 milyard manat (o cümlədən qeyri-neft sektoruna 2 milyard manat) sərmayə yatırılıb.

Qeyd edilənlərlə yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramı əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəçilik və əhaliyə xidmətlərin təkmilləşdirilməsinə, müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb. Dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin ("Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”) məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həll yollarının tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb.

Cari il mayın 9-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və ilk "DOST” mərkəzinin açılış mərasimi oldu. Tədbirdə çıxışı zamanı dövlət başçısı "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” deyə bildirdi.

"DOST” mərkəzində gün ərzində 400-dək şəxsə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 növdə xidmət göstərilir. Yeri gəlmişkən qeyd edək ki, 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 "DOST” mərkəzi istifadəyə veriləcək. Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması və "bir pəncərə”dən təqdim edilməsi ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırır.

Yeniliklərdən biri də Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar mühüm islahat tədbirlərindən biri kimi pensiya təyinatının avtomatlaşdırılmış mexanizminin yaradılaraq bu ilin əvvəlindən işə salınmasıdır. Bu gün pensiya hüququ yaranan şəxslərə pensiya heç bir yerə getmədən və heç bir sənəd təqdim etmədən avtomatik təyin olunur. Eləcə də islahatın tərkib hissəsi kimi fərdi hesabında pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı il yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır. Avtomatlaşdırılmış pensiya təyinatı sistemi Azərbaycanda ilk proaktiv xidmətdir və bu elektron xidmətin hazırda bütün sosial təminat sistemi boyu genişləndirilməsi işləri aparılır. Həmin fərmanın icrası çərçivəsində ölkəmizdə ilk dəfə sosial reyestr kimi "e-sosial” internet portalı yaradılıb. Şəffaflıq baxımından əhəmiyyətli olan bu portal vasitəsi ilə vətəndaşlar onlarla bağlı toplanmış sosial xarakterli bütün məlumatlara və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxış, habelə öz sosial hüquqlarının reallaşması vəziyyətinə daim nəzarət imkanı qazanıb. Ümumilikdə bu gün nazirliyin əksər fəaliyyət sahələri üzrə e-xidmətlərin göstərilməsi üzrə alt sistemləri əhatə edən, 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi fəaliyyət göstərir.

Onlardan biri olan "Məşğulluq” alt sistemi məşğulluq sahəsində işsiz və işaxtaran vətəndaşlara, eləcə də işəgötürənlərə məşğulluq sahəsində tədbirlərin elektron platforma üzərindən təqdim edilməsinə imkan yaradır. Bu alt sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, məşğul şəxslərin reyestrini, ölkə üzrə mövcud iş yerlərinin vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edir. Yaxın gələcəkdə həmin sistem vasitəsilə hər bir işsiz və işaxtaran şəxs yaşadığı ərazidə və ümumilikdə ölkə üzrə mövcud olan vakansiyalara birbaşa elektron şəkildə müraciət edə biləcək, eyni zamanda işəgötürənlər və sahibkarlar şəffaf şəkildə vahid veb-səhifədə axtardıqları işçi qüvvəsinə çıxış əldə edəcək.

Dövlət başçısının tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. Onların əksəriyyətini əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olan şəxslər təşkil edir. Bu il proqrama cəlb olunanların sayı 10 minə çatdırılacaq. 2020-ci ildə isə Dünya Bankı ilə əməkdaşlıqla özünüməşğulluq proqramı daha da genişləndiriləcək.

Mühüm sosial proqramlar da ildən-ilə genişlənir. Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib. Cari ildə isə azı daha 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan da 60-ı iyunun 26-da təqdim edilib. Ümumilikdə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 6714 mənzil verilib. Həmçinin müharibə əlillərinə ötən il 265 minik avtomobili verilib. Cari ildə isə həmin kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox - 600-ə yaxın avtomobil verilməsi planlaşdırılır. Artıq 150 avtomobil təqdim edilib. Ümumilikdə, indiyədək sözügedən kateqoriyadan olan şəxslərə 6300-dək avtomobil verilib.

Prezident İlham Əliyevin sosial siyasətində şəhid ailələrinə xüsusi qayğı mühüm yer tutur. Ötən il prezident seçkilərində inamlı qələbəyə nail olduqdan sonra dövlət başçısının 19 aprel 2018-ci il tarixli ilk imzaladığı fərmanın şəhid ailələri ilə bağlı olması da bunu təsdiq edir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın cari il yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü də şəhid ailələrinə yüksək səviyyədə diqqət və qayğının ifadəsidir. Həmin görüşdən sonra 28 yanvar 2019-cu il tarixli fərman imzalanmaqla birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirilib. Artıq şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub, yəni 12268 şəhiddən 10500-ə yaxın şəhidin 15500-dək vərəsəsi ödəmə ilə təmin edilib.

Ölkəmizdə sosial təminat və reabilitasiya sisteminin əhatə dairəsi də xeyli genişlənir. Bakıda və bölgələrdə yeni reabilitasiya mərkəzləri, sığınacaq kompleksləri, sosial əhəmiyyətli digər yeni müəssisələr yaradılır. Bu sırada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin tikilməsini, Reabilitasiya mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndirlməsini və infrastrukturunun təkmilləşdirilməsini, Respublika Əlillərin Bərpa və Uşaq Bərpa mərkəzlərində, digər bərpa və sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılmasını göstərmək olar. İlin sonunacan yeni bərpa və sosial xidmət mərkəzlərinin açılışı, həmçinin ayrı-ayrı regionlarda yeni reabilitasiya müəssisələrinin tikintisinə başlanması nəzərdə tutulur.

Sosial xidmət üzrə də çoxsaylı layihələr icra olunur. Belə ki, Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamı bu kateqoriyadan olan insanlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərildiyi mərkəzlərin sayının dəfələrlə artırılmasına imkan verib. Sərəncam sosial sifarişlər əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün mərkəzlərin sayının 3,5 dəfə artırılmasına, nəticə etibarilə 200-ə yaxın belə mərkəzin fəaliyyət göstərməsinə şərait yaradıb.

Ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə gedən inkişaf prosesləri, aparılan islahatların uğurlu nəticələri beynəlxalq aləmdə də maraqla qarşılanır. Dünyanın nüfuzlu təşkilatlarından olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunun Bakıda keçirilməsini qərara alması bunun təzahürlərindən biri idi. Cari ilin 14-16 may tarixlərində ölkəmizin yüksək səviyyədə evsahibliyi etdiyi forum zamanı Azərbaycanın sosial islahatları bir daha təqdir olundu.

BSTA tərəfindən təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədilə hər üç ildən bir "Yaxşı Təcrübə” müsabiqəsi keçirilir. Növbəti müsabiqədə bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi dörd layihənin hər biri uğurlu təcrübə nümunələri kimi xüsusi mükafatlara layiq görüldü. Bunlar ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlər, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.

Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.

 

Sahil BABAYEV,

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

 

Azərbaycan.- 2019.-5 iyul.- S.1-2.