“Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” layihəsinin yekunu və eyniadlı portalın təqdimatı olub 

 

İyulun 4-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” adlı layihənin yekununa və eyniadlı portalın təqdimatına həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, layihənin koordinatoru Salman Salmanov bildirib ki, layihə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunub. O, layihə və portal haqqında geniş məlumat veribqeyd edib ki, gənclər bu layihədə fəal iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov gənclərin həyata keçirdikləri layihəni yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Əli Əhmədov deyib ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır.

Əli Əhmədov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı.

YAP sədrinin müavini vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Eyni zamanda, milli özünüdərk prosesi formalaşdı ki, bunun nəticəsində 1980-ci illərin sonunda xalqımız azadlıq mübarizəsinə qalxmış oldu.

Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən Baş Nazirin müavini bildirib ki, bu gün Azərbaycanın bütün nailiyyətlərinin kökündə Heydər Əliyev siyasəti dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, əhalinin rifah halı daha da yüksəlir. Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri kimi qəbul olunur. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır. Bu siyasət Azərbaycana yalnız və yalnız uğurlar gətirir. Baş Nazirin müavini gəncləri Heydər Əliyev irsini dərindən mənimsəməyə, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb.

 

Azərbaycan.- 2019.-5 iyul.- S.3.