UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində dörd paralel iclas keçirilib

 

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 4-də paralel iclaslarla işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, ilk iclas UNESKO-nun Ümumdünya İrs Komitəsinin fəaliyyətinə həsr edilib.

Bildirilib ki, komitəyə 21 ölkə daxildir. Hər il komitəyə bir dövlət rəhbərlik edir. İldə bir dəfə toplantı keçirilir. Komitənin nizamlı olaraq yenilənən siyahısına 134 ölkəyə aid 800-ə yaxın abidə daxildir.

Çıxışlarda bu abidələrin qorunma vəziyyəti müzakirə olunub. Bildirilib ki, hazırda Ümumdünya İrs Komitəsinin Çağrı mərkəzləri və iki elektron postu fəaliyyət göstərir. Quruma daxil olan hər bir sorğu ətraflı cavablandırılır. Məqsəd tərəfləri görüşlərə cəlb etməkdir.

İclasda qurumun son illər müxtəlif ölkələrdə reallaşdırdığı layihələr və gələcək planları barədə məlumat verilib.

Növbəti iclasda dini tarixi memarlıq abidələrinin qorunub saxlanılması ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər öz ölkələrində dini-tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, bu abidələr tarixiliklə yanaşı, həmin ölkənin dini inanclarını da ifadə edir. Bu baxımdan bu abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir.

Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iclaslardan biri Abidə Menecerlərinin "Mirasın qorunmasında təbiət-mədəniyyət əlaqələrində potensialın artırılması” mövzusuna həsr edilib. Tədbirdə iştirakçıların məruzələri dinlənilib. Bildirilib ki, bu mövzuda ilk seminar 2018-ci ilin sentyabrında Yaponiyada keçirilib. TSUKUBA UniversitetiDünya İrs Komitəsi ilə birgə təşkil edilən tədbirdə beynəlxalq simpozium, təbii fəlakətlər zamanı təbii və mədəni mülkiyyətin mühafizəsində qəti addımlar, bu sahədə menecment və digər mövzular müzakirə edilib.

İclasda, həmçinin Asiya regionunun təbii və mədəni mülkiyyətinin mühafizəsi, Dünya İrs Siyahısında olan ərazilərin qorunması məsələləri ilə bağlı fikirlər səsləndirilib.

Üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda büdcə məsələlərinə toxunulub. İclasda 180 ölkənin mədəni irisin qorunmasına ayırdığı maliyyə fondu və xərcləri nəzərdən keçirilib, işçi qrupların hesabatları dinlənilib.

Paralel iclaslar müzakirələrlə davam etdirilib.

 

Azərbaycan.- 2019.-5 iyul.- S.3.