Azərbaycan Avropa
Şurasının bərabərhüquqlu üzvü
kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə
yanaşıb
İyulun 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov görüşdə Azərbaycan ilə qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır.
Səməd Seyidov ölkəmizdə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açıb, parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi fəal surətdə həyata keçirilir və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclasları hələ davam edir. Qeyd edilib ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır. Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir. O, AŞPA-da təmsil olunan deputatlarımızın qurumun bütün tədbirlərində səmərəli fəaliyyəti barədə də danışıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanın son illərdə yüksək templə inkişaf etməsindən məmnunluğunu bildirib. O, tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini deyib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva və Asim
Mollazadə də iştirak ediblər.
Azərbaycan.- 2019.-5 iyul.- S.4.