Bakıda ilk Respublika
Sənətkarlıq Festivalı
təşkil olunub
İyulun 3-dən ölkəmizdə ilk dəfə
Respublika Sənətkarlıq
Festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, festival UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyası çərçivəsində
təşkil olunub.
Festivalda respublikamızın paytaxtı
və regionlarından
olan sənətkarların
iştirakının təmin
olunması məqsədilə
sənətkarlığın müxtəlif istiqamətləri
ilə peşəkar səviyyədə məşğul
olan ustalar dəvət edilib. İnsanların festivala daha rahat gəlmələri üçün Nizami küçəsində açıq
səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının qarşısındakı
meydanda təşkil edilib. Tədbir festival-yarmarka və
karnaval formasında keçirilir. Festivalın keçirilməsi
üçün 40 müxtəlif
formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz
işlərini sərgiləyəcəyi
stendlər quraşdırılıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu festivalın
keçirilməsi UNESKO-nun 43-cü sessiyasına təsadüf
edir. Bu sessiyada 150 ölkəni təmsil edən 3 minə qədər qonaq iştirak edir.
İyulun 7-dək davam
edəcək festival günlərində
həm Bakı sakinləri, həm də şəhərimizin
qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda
əl işlərini əldə edə biləcəklər. İnanıram ki, bu, sahibkarlar
üçün də
gözəl bir şansdır.
Tədbirin keçirilməsinə dəstək
olan şirkətlərə
təşəkkürünü bildirən nazir bura gələn insanların mədəni istirahətlərini qurmasında
bu festivalın başlıca məqsəd
olduğunu bildirib. Nazir onu
da qeyd edib
ki, bütün bu tədbirlərin keçirilməsi silsilə
xarakter daşıyır.
Azərbaycanda turizmin inkişafı
yüksək səviyyədə
təmin olunur. Ölkə başçısının siyasəti
Azərbaycanı qabaqcıl
ölkəyə çevirməkdir.
Buna görə də Azərbaycanın qapıları dünyanın
üzünə açıqdır.
"Hesab edirəm
ki, bu mədəni
marşrut öz-özlüyündə
vacibdir. Buna görə də bizim sahibkarlarımız bu marşrutun genişlənməsinə öz
töhfəsini verəcəklər”
deyə nazir əlavə edib.
Yarmarkanın iştirakçılarından olan
Rauf Seyidzadə tədbirə Bakı şəhərindən qatılıb. Təşkilatçılara
minnətdarlığını bildirən sənətkar deyib: "Bizə əl işlərimizin nümayiş olunmasında
dəstək olurlar. Arzu edərdim ki, mütəmadi olaraq belə sərgilər keçirilsin və biz də hazırladığımız
əl işlərini burda həm nümayiş etdirək, həm də sataq”.
Tədbirə Bakı və Sumqayıt şəhəri,
habelə Abşeron yarımadasının digər
yerlərində fəaliyyət
göstərən təxminən
60 sənətkar, bölgələrdən
40-a yaxın sənətkar
dəvət edilib. Tədbirin keçiriləcəyi
ərazidə məlumat
mərkəzləri yaradılıb.
Festival ərəfəsində
əl işlərinin
marketinqi sahəsində
müasir, innovativ üsulların istifadəsi,
həmçinin milli dəyərlərin yaşadılması
istiqamətində mütəxəssislərin
və sənətkarların
iştirakı ilə
konfrans keçiriləcək.
Festivalda gənc nəslə, ziyarətçilərə əl
işləri sənətinin
texnologiyasının öyrədilməsi,
nümayiş etdirilməsi
məqsədilə ustad
dərsləri təşkil
ediləcək. Yeni əl işləri sənətinin nümunələrinin
təqdim olunması və onlara dəstək göstərilməsi
üçün "wall art” və "street art” üçün
şərait yaradılıb.
Festivalın cəlbediciliyinin artırılması
üçün "şəhərcik”
plan-quruluşundan istifadə
edilib. Belə ki, uyğun
və ya yaxın sənətkarlıq
istiqamətləri eyni
stenddə yerləşdirilib
və bu stendlər simvolik olaraq sənətkarlıq
kəndini, qəsəbə
və məhəlləni
formalaşdırır. Beləliklə, festivalı
ziyarət edən şəxslər "xalçaçılar
kəndi”, "dulusçular
məhəlləsi”, "misgərlər
qəsəbəsi” və
s. ilə tanış
olurlar. Festival barədə kitabçalar
və kataloqlar nəşr olunub.
Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların,
habelə yaradıcı
birliklərin iştirakı
ilə festival müddətində
hər gün konsert proqramı təqdim ediləcək. Festivalda uğurla
iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə
seçilən sənətkarların
xarici ölkələrdə
keçirilən beynəlxalq
sərgi-yarmarkalarda, habelə
digər tədbirlərdə
iştirakına kömək
göstəriləcək.
AZƏRTAC festivala
informasiya dəstəyi
verir.
Azərbaycan. - 2019.-5 iyul.- S.1; 5.