IDEA-nın “Bizim həyət” layihəsi
çərçivəsində növbəti həyət
abadlaşdırılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində iyulun 4-də növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Nəsimi rayonundakı Hüseyn Seyidzadə küçəsi 20, 22, 24, 26, 28 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir. Bu, sakinlərin istifadəsinə verilmiş layihə çərçivəsində abadlaşdırılan sayca iyirmi altıncı həyətdir.
"Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə mini futbol meydançası, 2 şahmat meydançası, 3 söhbətgah, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılıb, ümumilikdə 3 həyəti birləşdirən bir park yaradılıb.
İdman qurğuları və meydançalarının salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürməsi, asudə vaxtlarını səmərəli keçirməsi, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 5 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.
"Bizim
həyət” layihəsinin paytaxtın bütün
rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar,
paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətlər haqqında məlumat və
tövsiyələri IDEA İctimai Birliyinə
təqdim etmək lazımdır.
Azərbaycan.-
2019.-5 iyul.- S.5.