Prezidentdən məcburi
köçkünlərə növbəti dəyərli hədiyyə
İyulun 5-də Pirallahı
rayonunda 306 məcburi köçkün ailəsi
üçün salınan yeni yaşayış kompleksi
istifadəyə verilib.
AZƏRTACxəbər verir
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva mərasimdə
iştirak ediblər.
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Rövşən Rzayev
görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Pirallahı
rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti
məskunlaşmış 306 məcburi köçkün ailəsi
üçün çoxmərtəbəli binalardan ibarət
yeni yaşayış məhəlləsi dövlətimizin
başçısının 2011-ci ildə
imzaladığı sərəncama əsasən
yaradılıb. Sifarişçisi Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu,
podratçısı isə "Kristal Abşeron” MTK olan yeni
yaşayış məhəlləsinin ötən il
başlanan tikinti işləri yüksək keyfiyyətlə
başa çatdırılıb. Layihə
üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan
ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış
kompleksinə məktəb də daxildir və burada digər zəruri
infrastruktur obyektləri tikilib, ərazidə geniş
abadlıq və yaşıllaşdırma işləri
görülüb. Kompleks salınarkən
elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə
və televiziya şəbəkəsinin qurulmasına xüsusi
diqqət göstərilib. Bu, ölkə
üzrə məcburi köçkünlər
üçün salınan sayca 104-cü müasir
yaşayış kompleksidir.
Mənzillərdə yaradılan
şəraitlə tanış olan Prezident
İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
məlumat verildi ki, təmirli mənzillərdən 37-si
birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı,
36-sı isə dördotaqlıdır. Mənzillərin
ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni
yaşayış kompleksində hazırda Pirallahı
rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti
məskunlaşmış məcburi köçkün ailələri
mənzillə təmin olunacaqlar.
Bu istiqamətdə atılan
mühüm addımlardan danışarkən Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən tədbirləri də vurğulamaq
lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi
köçkün ailəsi üçün
yaşayış kompleksi inşa edilib. Abşeron
rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu
rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi
köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan
465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki
Təcili Tibbi Yardım Stansiyasının yarımçıq
binasından məcburi köçkün ailələri
köçürülüb. Sumqayıtdakı
1005 məcburi köçkün ailəsi üçün
inşa olunmuş yaşayış binalarının da
açılışı olub. Qeyd edək ki, 2007-ci ildə
sonuncu çadır düşərgəsinin ləğv edilməsi
ilə başlanan proses nəticəsində qaçqın və
məcburi köçkünlər üçün indiyədək
3,5 milyon kvadratmetr yaşayış sahəsi
olan müasir qəsəbələr və çoxmərtəbəli
binalardan ibarət yaşayış kompleksləri
salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə
və ya 300 minə yaxın qaçqın və məcburi
köçkünün mənzil şəraiti
yaxşılaşdırılıb. Təkcə ötən
il 5923 məcburi köçkün ailəsi
yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi
köçkün ailəsi yeni mənzillərlə təmin
olunub.
Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki
şəraitlə tanış olan Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat
verildi ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən,
müasir təlim avadanlıqları ilə diqqət çəkən
məktəbdə təlim-tədris üçün hər
cür şərait yaradılıb. Məktəbin
kompüter otağında şagirdlər informasiya
texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Prezident İlham Əliyevin təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir
ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri
sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır,
bölgələri də əhatə edir, doğma
yurdlarından didərgin düşən
soydaşlarımızın təhsilinin yüksək səviyyədə
qurulmasına xidmət göstərir.
Məktəbin idman zalı
da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin
bədən tərbiyəsi ilə məşğul
olmaları üçün hər cür imkan var.
Sonra dövlətimizin
başçısı və birinci xanım məcburi
köçkünlərlə görüşdülər.
Məcburi köçkünləri
salamlayan Prezident İlham
Əliyev dedi:
- Bu gün çox əlamətdar
bir gündür. Pirallahı rayonunda məcburi
köçkünlər üçün gözəl evlər
istifadəyə verilir. Bu münasibətlə
sizi ürəkdən təbrik edirəm. Bu,
çox gözəl hadisədir. Keyfiyyətli
tikilib. Bu günə qədər
yararsız binalarda yaşamış köçkünlər
indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu
göstərir ki, dövlət məcburi köçkünlərə
çox böyük qayğı, diqqət göstərir.
Son illərdə
böyük işlər görülüb, həm Bakı
şəhərində, həm də bütün bölgələrdə. Məcburi
köçkünlərin məişət problemləri
uğurla həll olunur. Pirallahı rayonunda
yaşayan köçkünlər üçün bu gün
bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir.
Gözəl mənzillər, məktəb -
bütün bunlar bir daha onu göstərir ki, dövlət bu
məsələ ilə bağlı çox ciddi tədbirlər
görür.
Bu il altı mindən
çox məcburi köçkün ailəsi
üçün yeni mənzillər, fərdi evlər tikilib
istifadəyə veriləcək. Burada isə 306
ailə üçün gözəl şərait
yaradılıb. Sizi bir daha bu hadisə
münasibətilə ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ
olun, cənab Prezident.
Prezident İlham
Əliyev: Ümumiyyətlə,
Pirallahı rayonunun inkişafı uğurlu gedir. Burada infrastruktur obyektləri inşa edilir,
yaradılır, binalar tikilir, təmir olunur. Yəni, Pirallahı adası tam yeni görkəm
alıb. Artıq bir neçə ildir ki,
burada gedən quruculuq işləri çox yaxşı nəticə
verir. Siz yaxşı bilirsiniz ki, əvvəllər
Pirallahıda vəziyyət o qədər də ürəkaçan
deyildi. İndi burada bütün lazımi
şərait yaradılıbdır.
Laçın
rayonundan məcburi köçkünSevda Musayevadedi: Çox hörmətli cənab
Prezident. Əziz Mehriban xanım. İcazə verin, Sizi Pirallahı sakinləri, - yəni,
mən özümü də artıq Pirallahı sakini hesab
edirəm, 27 ildir burada məskunlaşmışıq, - məcburi
köçkünlər adından və bir təhsil
işçisi adından salamlayım, Sizə öz dərin
minnətdarlığımı bildirim. Qaçqınlara
və məcburi köçkünlərə göstərdiyiniz
bu diqqət və qayğıya görə Sizə minnətdarlığımı,
təşəkkürümü bildirirəm. Azərbaycanın inkişafı, tərəqqisi,
dünya birliyində qüdrətli dövlətə
çevrilməsi baxımından apardığınız həm
xarici, həm daxili siyasəti mən bir təhsil
işçisi kimi bəyənir və dəstəkləyirəm.
Mən təhsil işçisi olduğuma
görə bu sahədən danışacağam. Hər bir dövlətin inkişafı
üçün, bilirsiniz ki, əsas onun elmi, təhsilidir.
Bu, danılmazdır. Ümummilli
liderimiz Heydər Əliyev həmişə müəllimə,
təhsilə, elmə böyük qiymət vermişdir.
Elə bu baxımdan onun apardığı siyasətin
davamını sizlərdə də hiss edirik,
görürük.
Sevda Musayeva görülən
bütün bu işlərə, onlara göstərilən diqqətə
və məcburi köçkün ailələri
üçün yeni məktəblərin inşasına,
onların müasir avadanlıqla təmin edilməsinə
görə Prezident İlham Əliyevə və birinci
xanım Mehriban Əliyevaya bir daha minnətdarlığını
bildirdi.
O dedi: Bir də Mehriban xanım, Sizə
gözaydınlığı verirəm. Mən
də bir anayam, Siz də bir anasınız. Sizə gözaydınlığı verirəm.
Oğlunuz Vətən qarşısında
öz borcunu şərəflə yerinə yetirib geri
qayıdıb. Gözünüz aydın
olsun.
Mehriban xanım
Əliyeva: Çox
sağ olun. Allah bütün
balaları qorusun.
Prezident İlham
Əliyev: Çox
sağ olun. Təşəkkür
edirəm.
Məcburi
köçkünlər üçün biz indi bu şəraiti
yaradırıq. Hələ də ağır vəziyyətdə
yaşayan köçkünlərimiz var və onların
problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər
aparılır ki, tezliklə bütün köçkünlər
yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın
Azərbaycana qarşı apardığı
işğalçı siyasətin nəticəsində
torpaqlarımız işğal altına düşüb.
Bizim əsas vəzifəmiz ərazi
bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm
siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.
Məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üçün Dövlət Proqramı
da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr
salınır. Yüzdən çox qəsəbə
salınıbdır və bu istiqamətdə bundan sonra da
işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə
təmin ediləcək. Gələn il
ondan da çox yeni evlərin tikilməsi nəzərdə
tutulur.
Mehriban xanım
Əliyeva: Bir
daha təbrik edirəm.
Sonra Laçın rayonundan məcburi
köçkünKəmalə Musayevadedi: Hörmətli cənab
Prezident, hörmətli Mehriban xanım. Biz də
Sizi salamlayırıq və məskunlaşdığımız
Pirallahı rayonunda Sizi yenidən görməyimizə
çox şadıq. Sizin
apardığınız uğurlu və məqsədyönlü
siyasətin nəticəsidir ki, bu gün doğma
respublikamız, doğma Azərbaycanımız gündən-günə
yenilənir, sürətli və dinamik inkişaf yolundadır.
Biz Sizə çox minnətdarıq, hörmətli
cənab Prezident, hörmətli Mehriban xanım. Ona görə ki, Siz daim məcburi
köçkünlərə öz diqqət və
qayğınızı göstərirsiniz. Hörmətli Mehriban xanım, biz çox
yaxşı xatırlayırıq ki, Siz Birinci vitse-prezident təyin
olunandan sonra ilk müşavirənizi məhz məcburi
köçkünlərin və qaçqınların sosial
problemlərinin həllinə həsr etdiniz. Siz xeyirxah, nəcib əməlləriniz ilə bizim
xalqımız, Vətənimiz üçün seçilmişlərdənsiniz.
Bunun üçün biz Sizə çox minnətdarıq.
Mehriban xanım
Əliyeva: Çox
sağ olun, çox minnətdaram.
Kəmalə
Musayeva: Hörmətli
cənab Prezident, hörmətli Mehriban xanım, bizim məskunlaşdığımız
Pirallahı rayonuna Sizin diqqətiniz də
gözümüzün qarşısındadır. Yəni, çox qısa müddətdə
yaradılmasına baxmayaraq, Pirallahı rayonunun da siması
gündən-günə, ildən-ilə yenilənir. Pirallahı gündən-günə gözəlləşir.
Çox qısa müddətdə burada yeni
zavodlar açılmışdır. Şpris
zavodu açılmışdır, dərman zavodu tikilir, yeni-yeni
parklar salınır. Məcburi
köçkünlər üçün belə gözəl
qəsəbə salınmışdır. Pirallahı rayonunun sakinləri üçün
sosial evlər tikilir. Biz bütün bunlar
üçün Sizə dərin minnətdarlığımızı
bildiririk.
On nömrəli Birləşmiş
Şəhər Xəstəxanasında
çalışdığını deyən Kəmalə
Musayeva səhiyyə sahəsində aparılan islahatları
da vurğuladı. Pirallahı rayon sakinləri, məcburi
köçkünlər və səhiyyə işçiləri
adından dövlətimizin başçısına və
xanımına bir daha minnətdarlığını bildirən
Kəmalə Musayeva Prezident İlham Əliyevin rəhbərliyi
ilə doğma torpaqlarına qayıdacaqlarına
inandıqlarını qeyd etdi.
Prezident İlham
Əliyev: Çox
sağ olun, təşəkkür edirəm.
Xoş sözlərə görə sizə minnətdaram.
Pirallahı rayonunda
doğrudan da işlər sürətlə gedir. Quruculuq
işləri geniş vüsət almışdır. İş yerlərinin yaradılması istiqamətində
də işlər aparılır. Qeyd
etdiyiniz kimi, bir müddət bundan əvvəl şpris zavodu
istifadəyə verildi. Digər
böyük dərman preparatları zavodunun tikintisi gedir.
Bu zavodun fəaliyyəti nəticəsində yenə də
iş yerlərinin yaradılması nəzərdə tutulur. Burada, Pirallahı rayonunda köçkünlər
uzun illərdir ki, yaşayırlar. Köçkünlərin
əksəriyyəti Laçın rayonundandır.
Laçın rayonu 1992-ci ilin may ayında işğal
altına düşmüşdür. Laçın
və Kəlbəcər rayonlarının işğal
altına düşməsi Ermənistanla Dağlıq
Qarabağ arasında əlaqə yaratdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində
Ermənistanın işğalçı siyasətinin
qarşısının alınması üçün
böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı
aparılmışdır. Beləliklə,
Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini
azad edə bilmişdir.
Sonrakı dövrlərdə
ordu quruculuğu istiqamətində böyük işlər
görüldü. Bu işlərin nəticəsində
2016-cı ildə torpaqlarımızın bir hissəsi də
işğalçılardan azad edildi. Ərazi
bütövlüyümüzün bərpası bizim
üçün əsas məsələdir.
Daha sonra Laçın rayonundan məcburi
köçkünCəbrayıl Heydərovdedi: Möhtərəm
cənab Prezident, hörmətli Mehriban xanım. Sizi Pirallahı rayonunda görməyimizə çox
şadıq. Sizi salamlayırıq,
"Xoş gəlmisiniz!” deyirik.
Biz sadə insanlar Sizi
görməyə həmişə sevinirik. Sizin hər gəlişiniz
biz sadə insanlarda qurub-yaratmaq eşqi yaradır. Mən Pirallahı rayonunda məskunlaşmış
laçınlı məcburi köçkün kimi onu qeyd etmək
istəyirəm ki, Pirallahı rayonu gündən-günə
çiçəklənir, inkişaf edir. Sizin rəhbərliyinizlə həyata keçirilən
islahatlar nəticəsində Pirallahı rayonunda böyük
quruculuq-abadlıq işləri aparılıb, bütün
infrastruktur layihələri icra olunub. Mən
Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul
oluram. Cənab Prezident, sahibkarlıq fəaliyyətinə
başlayanda cəmi iki nəfər işçimiz olub. Bu gün 50-yə yaxın işçimiz var. Biz
işimizlə xalqımıza, dövlətimizə xidmət
etməyə çalışırıq. Sizin dəstəyiniz, xüsusilə son illərdə
verdiyiniz sərəncamlar, fərmanlar, sahibkarlara göstərdiyiniz
diqqət və qayğı nəticəsində biz
Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə, - bunu
tam səmimiyyətlə deyirəm, cənab Prezident, -
heç bir maneə olmadan, tam sərbəst məşğuluq.
Rayonda da bizim üçün geniş şərait
yaradılıb. Qarşımızda duran əsas məqsəd
ölkəmizin idxaldan asılılığını
azaltmaq, yeni iş yerləri yaratmaq, insanların həyat şəraitini
yaxşılaşdırmaqdır. Rayonumuzda aparılan işlərin
nəticəsində yeni iş yerlərinin
açılması, əlverişli biznes mühitinin
yaradılması, əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması bizim işimizə də
öz müsbət təsirini göstərmişdir.
Cənab Prezident, Pirallahı rayonunda
yaşayan məcburi köçkünlərin əksəriyyəti
Laçın rayonundandır. Bu rayonda 286 ailə
yaşayır, 1104 nəfər məskunlaşıb. 286 ailədən 110-u Laçın rayonundandır.
Cəbrayıl Heydərov dedi ki, onlar
da ölkəmizin, dövlətimizin inkişafı
üçün əllərindən gələni edir və ən
böyük arzuları torpaqlarımızın işğaldan
azad olunması, sahibkarlıq fəaliyyətini öz doğma
torpaqlarında davam etdirməkdir. Prezident İlham Əliyevin həm
daxili, həm də xarici siyasətini dəstəklədiklərini
vurğulayan Cəbrayıl Heydərov dövlətimizin
başçısının torpaqlarımızın azad
olunması üçün haqq səsimizi bütün ali məclislərdən dünyaya
çatdırdığını vurğulayaraq dedi: Sonda
Pirallahıda məskunlaşmış məcburi
köçkünlər adından, ailəmiz adından Sizə
minnətdarlığımızı bildirirəm. Həmişə Sizi dəstələyirik, dəstəkləyəcəyik.
Allah Sizi qorusun, cənab Prezident.
Prezident İlham Əliyev:Çox sağ olun, təşəkkür edirəm.
Sahibkarlığın inkişafı ilə
bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər
çox ümidvericidir. Bu gün Azərbaycanda
güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi
istiqamətində sahibkarların çox böyük rolu var.
Dövlət öz tərəfindən çox ciddi
islahatların aparılması istiqamətində addımlar
atır və bu islahatlar yaxşı nəticələr verir.
Bizim gəlirlərimiz
artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən
400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə
istiqamətləndiririk. Bildiyiniz kimi, bu il
çox ciddi sosial paket təsdiqləndi, müavinətlər,
o cümlədən məcburi köçkünlər
üçün nəzərdə tutulan müavinətlər
50 faiz artırıldı. Problemli kreditlərlə
bağlı olan məsələ öz həllini tapdı.
Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir.
Çünki bu islahatlar bizə əlavə gəlirlər
gətirir və biz bu gəlirləri, ilk növbədə,
sosial sahəyə yönəldirik. Sosial sahə
bundan sonra da bizim üçün prioritet sahə olacaq.
Çünki Azərbaycan vətəndaşları ildən-ilə
daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2019.- 6 iyul.- S.1-2.