Milli Məclis Sədrinin birinci müavini AŞPA Monitorinq
Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi
ilə görüşüb
İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşüb.
AZƏRTAC xəbər verir ki, birinci vitse-spiker Milli Məclisin AŞPA ilə münasibətlərin inkişaf etdirilməsinə, hər iki tərəf üçün faydalı olan əməkdaşlığın dərinləşməsinə önəm verdiyini deyib. Bildirib ki, bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və tərəflərin maraqlarına cavab verməlidir.
Ziyafət Əsgərov qeyd edib ki, nümayəndə heyətimizin üzvləri qurumun tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini çatdırırlar. O, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi qismində qonağın ölkəmizə səfərinin əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Qonağın səfər müddətində ölkəmizdə gedən prosesləri diqqətlə izləyəcəyinə və əldə etdiyi məlumatları öz hesabatında obyektiv şəkildə dəyərləndirəcəyinə ümidvar olduğunu qeyd edib.
Milli Məclis Sədrinin birinci müavini Azərbaycanda son zamanlar uğurla həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatlar, bu proseslərin parlament tərəfindən dəstəklənməsi barədə məlumat verib. Vurğulanıb ki, müasir dövrün tələblərinə uyğun olaraq ölkənin qanunvericilik bazası təkmilləşdirilir.
Görüşdə ölkəmizin fəal iştirak etdiyi enerji layihələri barədə söhbət açılıb və bunun dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsində, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasında böyük rol oynadığı bir daha diqqətə çatdırılıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən danışıb. Qonaq bildirib ki, səfərin məqsədi ölkədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır. S.Şennak təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib.
Söhbət
zamanı tərəflər demokratiyanın inkişafı, insan hüquq və
azadlıqlarının təmin edilməsi, regional
münaqişələr və onların həlli yolları, bir sıra digər aktual məsələlər
barədə fikirlərini bölüşüblər.
Azərbaycan.-
2019.- 6 iyul.- S.3.