Sahibkarlığın dəstəklənməsi məqsədilə
xarici dövlətlərin və beynəlxalq
təşkilatların maliyyələşdirdikləri
proqramların (layihələrin) əlaqələndirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.16-cı bəndinin
icrası ilə əlaqədar qərara alıram:
1. Xarici dövlətlərin və
beynəlxalq təşkilatların
Azərbaycan Respublikasında
mikro, kiçik və orta sahibkarlığın
dəstəklənməsi məqsədilə
kredit, texniki yardım və ya qrant formasında
maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (bundan sonra - Agentlik) ilə əlaqəli şəkildə həyata
keçirilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra - KOB subyektləri) dəstəklənməsi məqsədilə
xarici dövlətlərlə
və beynəlxalq təşkilatlarla bağlanılan
kredit, texniki yardım və ya qrant alınmasına
dair sazişlərə
əsasən (bundan sonra - sazişlər) həyata keçirilən
proqramlara (layihələrə)
Agentliyin cəlb olunmasını təmin etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Mərkəzi və yerli icra
hakimiyyəti orqanları,
dövlətin adından
yaradılan publik hüquqi şəxslər
və səhmlərinin
(paylarının) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslər:
3.1. sazişlər
üzrə həyata keçirilən proqramlarda
(layihələrdə) KOB subyektlərinə
dəstəyin istiqamətləri,
məqsəd və məzmunu, gözlənilən
nəticələr, belə
dəstəklə əhatə
olunan KOB subyektlərinin
sayı barədə məlumatların sazişlərlə
bağlı danışıqlara
başlanılmasına dair
təkliflərə əlavə
olunmasını təmin
etsinlər;
3.2. sazişlər
üzrə həyata keçirilən proqramlara
(layihələrə) cəlb
edilən KOB subyektlərinin
seçilməsini "Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində
nəzərdə tutulan
reyestr vasitəsilə
həyata keçirsinlər;
3.3. KOB subyektlərinin
adları ayrı-ayrılıqda
qeyd edilməklə,
KOB subyektlərinə ünvanlanmış
dəstək tədbirləri
haqqında məlumatların
Agentliyə təqdim olunmasını təmin etsinlər;
3.4. sazişlərin
əhatə etdiyi proqramlar (layihələr) üzrə KOB subyektləri
üçün həyata
keçirilmiş dəstək
tədbirləri haqqında
aşağıda qeyd
edilən məlumatların
ildə bir dəfədən az olmayaraq, proqram (layihə) tam başa çatdıqdan sonra isə yekun məlumatların Agentliyə
təqdim olunmasını
təmin etsinlər:
3.4.1. KOB subyektinin
dəstək aldığı
proqramın (layihənin)
məqsədi, istiqaməti
və məzmunu;
3.4.2. müvafiq
proqram (layihə) vasitəsilə dəstək
almış KOB subyektinin
adı;
3.4.3. KOB subyektinə
göstərilmiş dəstəyin
növü, forması
və ölçüsü;
3.4.4. KOB subyektinə
dəstək göstərmiş
təşkilatın adı;
3.4.5. KOB subyektinə
dəstəyin göstərilmə
müddəti və tarixi;
3.4.6. dəstəyin
göstərilməsi, yaxud
dayandırılması haqqında
qərarın tarixi;
3.4.7. dəstəkləmə
qaydasının və
şərtlərinin pozulması,
o cümlədən məqsədli
təyinatını pozmaqla
dəstəkdən istifadə
edilməsi haqqında
məlumat (olduğu halda);
3.4.8. dəstək
proqramının (layihənin)
KOB subyektinin sahibkarlıq
fəaliyyətinə təsiri.
4. Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin məlumatları
əsasında xarici dövlətlərin və
beynəlxalq təşkilatların
maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi
proqramları (layihələri)
üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri
(qərarları) barədə
məlumatların Agentlik
vasitəsilə ümumiləşdirilməsini
təmin etsin.
5. Agentlik:
5.1. xarici dövlətlərin və
beynəlxalq təşkilatların
maliyyələşdirdikləri proqramların (layihələrin)
reallaşdırılması nəticəsində dəstək
almış KOB subyektlərinə
dair məlumatların
"Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində
nəzərdə tutulan
reyestrə daxil edilməsini təşkil etsin;
5.2. təqdim
edilmiş məlumatlar
əsasında xarici dövlətlərin və
beynəlxalq təşkilatların
maliyyələşdirdikləri proqramların (layihələrin)
KOB subyektlərinin inkişafına
təsiri səviyyəsini
öyrənərək, növbəti
dövrlərdə xarici
dövlətlərin və
beynəlxalq təşkilatların
maliyyələşdirəcəyi proqramların (layihələrin)
istiqamətlərinə dair
təkliflər hazırlanmasını
təmin etsin;
5.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
6. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyul
2019-cu il
Azərbaycan.-
2019.- 6 iyul.- S.4.