Prezident
Kitabxanasında “Azərbaycan diplomatiyası” adlı elektron
resursun təqdimatı olub
İyulun 5-də Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasında Azərbaycan diplomatiyasının 100
illiyi münasibətilə “Azərbaycan diplomatiyası”
adlı elektron resursun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir
ki, tədbiri açan Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədov elektron resursun yaradılmasında məqsədin
Azərbaycan diplomatiyasının keçdiyi keşməkeşli
tarixi yolu işıqlandırmaq və təbliğ etmək
olduğunu deyib. “Elektron resursun təqdimat mərasiminin diplomatik xidmət
orqanları əməkdaşlarının peşə
bayramı günü ərəfəsində keçirilməsinin
xüsusi əhəmiyyəti var. Məhz 1919-cu il iyul
ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici
İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti
təlimatın qəbul edilməsi tarixi əsas tutularaq, Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı
ilə hər il iyul ayının 9-u diplomatik xidmət
orqanları əməkdaşlarının peşə
bayramı günü kimi təsis edilib”, - deyə o əlavə
edib.
M.Əhmədov elektron
resursun strukturu haqqında məlumat verərək qeyd edib ki,
resurs 6 fəsil və 19 bölmədən ibarətdir. “Ümumi məlumat”
adlanan birinci fəsildə qədim dövrlərdən etibarən
günümüzədək Azərbaycan diplomatiyasının
keçdiyi tarixi yol işıqlandırılır. Həmin fəsildə xüsusən
Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər
dövlətlərinin diplomatik əlaqələri barədə
yığcam məlumat verilir. Səfəvilər
dövlətinin süqutundan sonra hakimiyyətə gələn
görkəmli Azərbaycan sərkərdəsi Nadir şah
Əfşarın hakimiyyəti dövründə Azərbaycan
diplomatiyası tarixinə parlaq səhifələrin
yazıldığı, xanlıqlar dövründə də
dövlətçilik ənənələrinin
ayrı-ayrı xanlıqların timsalında qorunub
saxlanıldığı vurğulanır. Bu fəsildə
diplomatiya tariximizin sonrakı mərhələləri barədə
də qısa məlumat verilir, əsasən müstəqillik
dövründə Azərbaycanın diplomatik əlaqələrinin
qurulması, diplomatik korpusun formalaşdırılması, beynəlxalq
təşkilatlarla əlaqələrin qurulması, xarici siyasətlə
bağlı qanunvericilik bazasının yaradılması
haqqında statistik məlumatlar öz əksini tapır.
“Diplomatiya tarixi” adlı fəsil
6 bölmədən ibarətdir. “Azərbaycan Xalq Cümhuriyyəti
dövrü” adlanan birinci bölmədə Azərbaycanın
dövlət müstəqilliyinin elan edilməsi günündən
yeritdiyi xarici siyasətin mühüm istiqamətləri, Xarici
İşlər Nazirliyinin fəaliyyəti, diplomatik korpusun
formalaşdırılması, dövlət müstəqilliyinin
dünya dövlətləri tərəfindən
tanınması istiqamətində Paris Sülh Konfransına
ezam edilən diplomatik heyətin fəaliyyəti, xarici dövlətlərdə
diplomatik nümayəndəliklərin açılması, digər
dövlətlərdə yaşayan azərbaycanlıların
hüquqlarının qorunması, Ermənistanın hərbi təcavüzünə
qarşı həyata keçirilən xarici siyasət barədə
ətraflı məlumat verilir. Bu bölmədə,
həmçinin Xalq Cümhuriyyəti dövrünün 85
diplomatı haqqında qısa məlumat öz əksini
tapıb.
Bu fəslin “Sovetlər
dövrü” adlanan bölməsində 1920-1922-ci illərdə
sovet Azərbaycanında Xarici İşlər
Komissarlığının yaranması, onun fəaliyyətinin
getdikcə məhdudlaşdırılması, nəticədə
Moskvanın tam nəzarətinə keçməsi və
Komissarlığın ləğvi barədə məlumat
verilir. Yalnız İkinci Dünya müharibəsinin
gedişində Azərbaycan məsələsinin yenidən
beynəlxalq müzakirələrin obyektinə çevrilməsi
nəticəsində 1944-cü ilin martında Azərbaycan SSR
Xalq Xarici İşlər Komissarlığı bərpa
edilmişdi. Azərbaycan SSR Xarici
İşlər Nazirliyi SSRİ-nin süqutunadək fəaliyyət
göstərmişdir. Ötən əsrin
70-80-ci illərində Azərbaycanın beynəlxalq iqtisadi, mədəni,
elmi-texniki və digər sahələrdə əlaqələrinin
coğrafiyası daha da genişlənmişdi.
Elektron resursun “Müstəqillik
dövrü” adlanan bölməsində Azərbaycanın beynəlxalq
təşkilatlar və dünya dövlətləri tərəfindən
tanınması prosesi, Xarici İşlər Nazirliyinin fəaliyyətinin
təşkili haqqında lazımi sənədlərin qəbul
edilməsi barədə məlumat verilir. Azərbaycanın öz
xarici siyasətini beynəlxalq hüququn norma
və prinsipləri, o cümlədən dövlətlərin
suverenliyi və ərazi bütövlüyünə hörmət,
daxili işlərə müdaxilə edilməməsi prinsipləri
əsasında qurması qeyd edilir. Hazırda Azərbaycan
Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələrinin
qurulduğu, 59 ölkədə səfirliyinin, 9 şəhərdə
baş konsulluğunun, 17 ölkədə fəxri
konsulluğunun, 19 beynəlxalq təşkilat yanında
nümayəndəliyinin, eyni zamanda, Azərbaycanda 66 ölkənin
səfirliyinin və 3 ölkənin 4 baş konsulluğunun, 13
ölkənin fəxri konsulluğunun, 21 beynəlxalq təşkilatın
nümayəndəliyinin fəaliyyət göstərdiyi barədə
məlumat verilir. Hazırda ölkə daxilində
və xarici dövlətlərdə, beynəlxalq və
regional təşkilatlarda Azərbaycanın xarici siyasət
kursunu həyata keçirən 1000-ə yaxın peşəkar
diplomat korpusu fəaliyyət göstərir. Bu gün diplomatik korpusumuzun kadr təminatı əsasən
ADA Universitetinin yetişdirdiyi hazırlıqlı mütəxəssislər
hesabına həyata keçirilir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə indiyədək
150-dən artıq diplomata fövqəladə və səlahiyyətli
səfir və elçi rütbəsi verilib. Azərbaycan xarici siyasətinin başlıca
prioritetləri yarımbaşlıqlar şəklində bu
bölmədə öz əksini tapıb.
Həmin fəslin “Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi” adlanan bölməsində
münaqişənin qısa tarixi şərhi və
danışıqlar prosesi barədə geniş analitik mətn
yerləşdirilib. Bu bölmədə, həmçinin
münaqişə barədə beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlərin mətnləri öz əksini
tapır.
Bu fəslin daha bir bölməsi
“Xarici İşlər nazirləri” adlanır. Bölmədə Xalq
Cümhuriyyəti, sovetlər dövrü və müstəqillik
dövründə Xarici İşlər naziri vəzifəsində
işləyən 15 şəxs haqqında geniş bioqrafik məlumat
verilir.
Elektron resursun “Sənədlər”
adlanan bölməsində isə Cümhuriyyət
dövründən etibarən Azərbaycan diplomatiyası barədə
mühüm sənədlərin mətnləri öz əksini
tapır.
“Diplomatik əlaqələr” adlanan
üçüncü fəsildə Azərbaycanın
diplomatik əlaqələr qurduğu dövlətlərin
adları və əlaqələrin qurulması tarixi, xarici
dövlətlərin Azərbaycandakı təmsilçilikləri
və nümayəndəlikləri, baş konsulluqları, fəxri
konsulluqları, beynəlxalq təşkilatların Azərbaycandakı
nümayəndəlikləri, Azərbaycanın xarici ölkələrdəki
səfirlikləri, baş konsulluqları, fəxri
konsulluqları və beynəlxalq təşkilatlar yanında
daimi nümayəndəlikləri və onların
ünvanları haqqında məlumatlar cədvəllər
şəklində yerləşdirilir.
Elektron resursun “Konvensiyalar” adlanan fəslində
Azərbaycan Respublikasının daxili və xarici siyasətinin
əsas istiqamətlərinə, beynəlxalq münasibətlərin
ayrı-ayrı sahələrinə, mülki və siyasi
hüquqlara, insan hüquqlarının və əsas
azadlıqların müdafiəsinə, soyqırımı
cinayətinin qarşısının alınması və cəzalandırılmasına
dair, transmilli mütəşəkkil cinayətkarlığa
qarşı və s. imzalanmış 300-ə yaxın
konvensiyanın tam mətni öz əksini tapır.
Resursun digər fəsli “E-Resurslar”
adlanır. “E-kitablar” bölməsində Azərbaycanın
xarici siyasətinə və diplomatiyasına, beynəlxalq təşkilatlarla
münasibətlərinə, qloballaşmaya dair, həmçinin
görkəmli azərbaycanlı diplomatlar haqqında Azərbaycan
və rus dillərində olan 150-yə yaxın kitabın
elektron versiyaları təqdim edilir. “E-Məqalələr”
bölməsində isə qəzet və jurnallarda dərc
edilən Azərbaycan dilində 550-yə yaxın məqalənin
elektron versiyalarının mətnləri öz əksini
tapır.
Elektron resursun “Biblioqrafiya” adlanan
sonuncu fəslində Prezident Kitabxanasının fondunda olan
xarici siyasət, beynəlxalq münasibətlər və
diplomatiyaya dair 650-yə yaxın kitabın, 15 minə yaxın
məqalənin və 375 avtoreferatın biblioqrafiyası
toplanılıb.
Toplanılan materialların təhlili
göstərir ki, 1993-cü ilin iyun ayından 2019-cu ilin iyun
ayınadək 26 il ərzində xarici siyasətlə
bağlı Azərbaycan Respublikasının 1365 qanunu, Azərbaycan
Respublikası Prezidentinin 443 fərmanı və 2413 sərəncamı
imzalanıb.
Prezident Kitabxanasının
digər elektron resurslarında da xarici siyasət fəaliyyətinə
və diplomatiyaya dair zəngin material toplanıb. Ümummilli lider Heydər
Əliyevin 1993-2003-cü illəri əhatə edən xarici
siyasət fəaliyyətinə dair materiallar
http://heydaraliyev.preslib.az elektron
sənədlər toplusunda, Prezident İlham Əliyevin
2003-2019-cu illəri əhatə edən xarici siyasət fəaliyyətinə
dair materiallar http://foreignpol.preslib.az
elektron nəşrində, Azərbaycanın UNESKO ilə
əlaqələri, xüsusilə Birinci vitse-prezident Mehriban
Əliyevanın bu sahədəki fəaliyyəti haqqında
materiallar http://mehribanaliyeva.preslib.az
və http://unesco.preslib.az
elektron resurslarında, İslam ölkələri ilə
diplomatik əlaqələr haqqında materiallar isə
Kitabxananın http://islamworld.preslib.az
elektron resursunda əks etdirilir. Müasir Azərbaycan
diplomatiyasının ən önəmli istiqaməti olan
Dağlıq Qarabağ münaqişəsi haqqında Prezident
Kitabxanasının “Odlar yurdu Azərbaycan” ensiklopedik elektron nəşrinin
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi” fəslində (http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf)
zəngin material toplanılıb.
Kitabxananın direktoru istifadəçilərə
təqdim edilən elektron resursun maarifçilik xarakteri
daşıdığını, xüsusən Azərbaycanın
xarici siyasəti və diplomatiya tarixi sahəsində tədqiqat
aparan şəxslər və KİV-lər üçün zəngin
informasiya mənbəyi olduğunu vurğulayıb.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə
çıxış edərək təqdim edilən elektron
resursun əhəmiyyətindən danışıb. O, Azərbaycan
diplomatiyasının 100 illiyi ilə bağlı tədbirlər
silsiləsinin məhz kitabxanadan başlanmasının əlamətdar
hal olduğunu vurğulayıb. Bildirib ki, xarici
siyasət və diplomatik fəaliyyətlər intellektual
xarakter daşıyır. Buna görə də
bu sahələrdə daim yeni resurslara, vacib sənədlərə,
ədəbiyyata müraciət etmək lazımdır.
Bu baxımdan da təqdim edilən bu resursda xarici siyasətimizin
fəaliyyətinin bir sıra aspektlərini, ən vacib istiqamətlərini
əhatə edən virtual müqavilə-hüquq bazası,
ikitərəfli əlaqələrimizin dinamikası, dövlətimizin
başçısının bilavasitə fəaliyyəti,
çıxışları, nitqləri, imzaladığı
sərəncamlar, o cümlədən xarici siyasət fəaliyyəti
üzrə müxtəlif araşdırma materialları cəmlənib.
Hikmət Hacıyev qeyd edib ki, bu
elektron resurs Azərbaycanın xarici ölkələrdəki səfirlərinin
fəaliyyəti üçün də çox vacib resursdur:
“Bu resursun Prezident Kitabxanası ilə əməkdaşlıq
şəraitində xarici ölkələrdəki digər
kitabxanalara da çıxarılması Azərbaycanın
xarici siyasət reallıqlarının həmin ölkələrdə
təbliğ edilməsi nöqteyi-nəzərindən
çox vacibdir. Diplomatiya hər bir dövlətin
müstəqilliyinin vacib amillərindən biridir. Azərbaycan Respublikasının və
xalqımızın zəngin dövlətçilik ənənələri
olsa da, ölkəmiz xarici işğallara və müxtəlif
təcavüzlərə məruz qaldığı
üçün 200 ildən artıq bir dövr ərzində
müstəqil xarici siyasət fəaliyyətindən məhrum
olub. Ona görə də diplomatiya
tariximizin məhz bu cür sənədlər əsasında
müəyyən bir dövr ərzində
formalaşmasında boşluqlar olub. Ölkəmizin
müstəqilliyini bərpa etməsindən sonra, xüsusən
də ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi
ilə hakimiyyətə qayıdışından sonra hər
bir sahədə olduğu kimi, xarici siyasət fəaliyyətində
də fundamental dönüş olub. Xarici
siyasətimizin strateji əsasları və təməl prinsipləri
də məhz bu dövrdən qoyulub və formalaşıb.
Ona görə də bu resursda ulu öndər Heydər
Əliyevin fəaliyyətinin, xarici siyasət
addımlarının və Azərbaycan Respublikasının
müstəqilliyinin ilk və ən çətin illərində
beynəlxalq aləmə inteqrasiyasını özündə
əks etdirən materiallar, çıxışlar və s.
digər sənədlər cəmləşib ki, bu da gələcək
nəsil üçün vacib resursdur”.
Prezident
Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanın
xarici ölkələrdə diplomatik nümayəndəliklərinin
sayı artmaqdadır. Bu da xarici siyasətimizin
coğrafiyasının genişlənməsinin bariz nümunəsidir.
Bu gün Azərbaycan diplomatiyası dövlətimizin
başçısı tərəfindən verilən
tapşırıqları qətiyyətlə, əzmlə, sədaqətlə
yerinə yetirir. Diplomatlarımız
ictimai-siyasi vəziyyəti ağır olan ölkələrdə
ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclərin,
qadınların sayı artır.
Sonra Xarici İşlər nazirinin
müavini Ramiz Həsənov, Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov, Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
İdarə Heyətinin sədri Fərid Şəfiyev,
Prezident Administrasiyasının məsul əməkdaşı
Gülşən Paşayeva, Azərbaycanın
İtaliyadakı səfiri Məmməd Əhmədzadə,
ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi
Ağayev, Bakı Dövlət Universitetinin müəllimi
Fazil Zeynalov çıxış edərək elektron resursun əhəmiyyətindən
danışıb, onun daha da təkmilləşdirilməsi ilə
bağlı təkliflərini səsləndiriblər.
Azərbaycan - 2019.- 6 iyul.- S.5.