Azərbaycan-Peru münasibətlərinin inkişafı məsələləri müzakirə olunub

 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peruya işgüzar səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarovun Perunun Xarici İşlər naziri Nestor Popolizio Bardales ilə görüşündə Azərbaycan-Peru münasibətlərinin inkişafı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəyə görə həmkarına təşəkkürünü bildirib. O, ölkəmizin Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu deyib və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticarət əməkdaşlığında fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Azərbaycan.- 2019.- 6 iyul.- S.5.