Qobustanda “Avropanı qayaüstü incəsənətlə gəzək” adlı sərgi açılıb

 

İyulun 5-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Avropanı qayaüstü incəsənətlə gəzək” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Portuqaliyanın UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koanın qayaüstü təsvirlərinə həsr olunub.

Tədbirin açılış mərasimində çıxış edən Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Qobustan qoruğunun dünyada tanıdılması üçün müxtəlif layihələr icra olunur, əməkdaşlıq əlaqələri qurulur. Bu sərginin təşkil olunması da Qobustan Milli Tarix-Bədii Qoruğu ilə Foz Koa qoruğu arasında əməkdaşlığın başlanğıcı olacaq. Vurğulayıb ki, iki qoruq arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bu ilin oktyabr ayında Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunacaq.

Foz Koa qoruğunun direktoru Buruno Navarro bildirib ki, rəhbəri olduğu qoruqda olan qayaüstü rəsmlərin yaşı 20-30 min ili əhatə edir. Avropanın iki ən böyük açıq səma altında qayaüstü incəsənət abidəsi olan Qobustan və Foz Koanın arxeoloji kontekstə bənzər cəhətləri var. Bildirilib ki, tədqiqatçılar xüsusilə bu iki abidənin hazırda nəsli kəsilmiş ibtidai öküz təsvirlərinin stilistik və xronoloji bənzərliyini vurğulayırlar. Qeyd edilib ki, bu sərginin təşkil olunması Qobustan qoruğu ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq. Bundan sonra qarşılıqlı səfərlərin, sərgilərin təşkil olunması, təcrübə mübadiləsinin aparılması istiqamətində çalışacağıq.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar.

Sərgidə Foz Koa dərəsində qayaüstü təsvirlərin aşkar olunması, onların qorunması uğrunda ictimaiyyətin mübarizəsi, bu qayaüstü incəsənətin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi, burada aparılan arxeoloji araşdırmalar haqqında məlumatlar və illüstrasiyalar öz əksini tapıb.

Sərgi iyulun 15-dək davam edəcək.

 

Azərbaycan. - 2019.-6 iyul.- S.7.