Ən islahatçı Prezident

 

İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında Azərbaycan 2019-cu ili həm sosial, həm də iqtisadi artımın təmin ediləcəyi dövr kimi başa vuracaq

 

Milli iqtisadiyyatın əsas inkişaf istiqamətləri üzrə yüksək nailiyyətlər qazanan Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Prezident İlham Əliyevin böyük islahatlar paketi çərçivəsində ilin əvvəlindən etibarən daha genişmiqyaslı mərhələyə qədəm qoyan davamlı islahatlar öz bəhrəsini verir. Məhz bu sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatının dayanıqlılığı daha da möhkəmlənir, biznes mühiti yaxşılaşır, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilir, ölkə əhalisinin rifah halı yüksəlir.

 

İqtisadi islahatların dividendləri

 

Həyata keçirilən məqsədyönlü dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələri konkret rəqəmlərdə ifadə olunur. Bunu iqtisadi göstəricilərə nəzər yetirsək aydın şəkildə görə bilərik. Həyata keçirilən kompleks islahatlar nəticəsində təkcə bu ilin 5 ayı ərzində 30 milyard 608,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. ÜDM-nin 46 faizi sənayenin, 9,9 faizi ticarət, 14, 4 faizi digər sahələrin payına düşüb. Ölkənin qeyri-neft ixracı 17,8 faiz artıb. Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir.

Xarici ticarət balansının müsbət saldosu 1,34 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 47 milyard dollara yaxın yüksəlib.

Ölkədə işgüzar sferanın əlverişliliyi, aparılan islahatların müsbət nəticələri nüfuzlu beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliləyib. Misal üçün, "Biznesə başlama” göstəricisi üzrə 9 pillə irəliləyərək 9-cu pilləyə, "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 8 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib.

Regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı, yəni dördüncü dövlət proqramını təsdiqləyib. Artıq proqramın icrası çərçivəsində bu il regionlarda 3 məktəb, 5 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 2 mədəniyyət obyekti və 1 olimpiya idman kompleksi istifadəyə verilib.

 

Getdikcə dərinləşən sosial islahatlar

 

Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Qazanılan uğurlar bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımlarının, ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür. Elə bir ikinci ölkə tapılmaz ki, 4 ay ərzində 2 dəfə maaşların, minimum pensiya və əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalansın.

İlin əvvəlində sosial islahatlar paketi çərçivəsində maaşlar, sosial müavinətlər, təqaüdlər, pensiyaların artırılması ilə bağlı sərəncamlar imzalayan dövlət başçısı iyunun 18-də daha 2 milyon insana sevinc bəxş etdi.

Öncə Prezidentin fevral islahatlarına nəzər yetirək. İmzalanan sərəncamlarla dövlət başçısının ilk növbədə qaçqın məcburi köçkün, şəhid ailələrinə necə qayğı ilə yanaşdığı bir daha bəlli oldu.

Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması bunun təzahürüdür.

Mart ayında imzalanan digər fərman sərəncamlara əsasən 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Minimum əməkhaqqı minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz çoxaldı, şəhid ailələri, müharibə veteranlarına verilən müavinətlər yüksəldildi.

Minimum əməkhaqqının 40 faiz artaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi təsdiq etdi ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə yüksəlir. Bu isə ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımların daha da intensivləşəcəyindən xəbər verir.

Elə dövlət başçısı da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunarkən bildirmişdi ki, iqtisadi göstəricilər artdıqca sosial məsələlərin həllinə daha çox diqqət yetiriləcək, pensiya sosial müavinətlər artacaq: "Bu il maaşlar, pensiyalar artırıldı bu proses davam etdiriləcək. Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik”.

 

4 ayda pensiya əməkhaqqı iki dəfə yüksəldi

 

Əhalinin sosial rifahının yüksəlməsinə maliyyə imkanı yarandı Prezident iyunun 18-də bu istiqamətdə 17 sərəncam imzaladı. Bu sərəncamlar bu məsələnin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verəcək. Beləliklə, oktyabr ayının 1-dən etibarən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata, pensiyaların minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil peşə təhsili müəssisələrində çalışan, bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artacaq.

Yeni sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqqısında ciddi artımlar olacaq. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Əməkhaqqının məbləğinin 180 manatdan 250 manata çatdırılması ilə ölkədə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyəcək. Pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artımlardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq. Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur.

Bundan başqa, uğurlu islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə artırır, etibarlı tərəfdaşlarının sayını çoxaldır ölkəyə investisiya axınını daha da sürətləndirir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, 2019-cu ilin qalan dövrü ərzində daha böyük sosial-iqtisadi uğurların şahidi olacağıq. Elə dövlət başçısı da bu ili dəyərləndirərkən demişdi ki, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə yazılacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 7 iyul.- S.1; 5.