Elmar Məmmədyarov: Azərbaycan Sakit
Okean Alyansı ölkələri ilə siyasi, iqtisadi və mədəni
əlaqələri genişləndirməkdə
maraqlıdır
Sakit Okean Alyansının (SOA) Limada keçirilən 14-cü Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərarı üçün təşəkkürünü bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir ölkəmizin enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.
Elmar Məmmədyarov regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. “Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməyib. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən, demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilib.
Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir”, - deyə Xarici İşlər naziri qeyd edib.
Azərbaycanın qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edən nazir deyib: “Azərbaycan Cənubi Amerika ölkələri və eyni zamanda, Sakit Okean Alyansının mühüm üzvləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirməkdə maraqlıdır. Mən bir neçə ay bundan əvvəl, mart ayında Cənubi Amerikaya səfərim çərçivəsində, xüsusilə Alyansın üzvü olan Çilidə bu maraqları vurğulamışdım. Təsadüfi deyil ki, Buenos-Ayresdə keçirilən və mənim də iştirak etdiyim Cənub-Cənub Əməkdaşlıq üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında bu cür əməkdaşlığın iqtisadi perspektivləri vurğulanıb. Biz cənub ölkələri arasında əməkdaşlığın potensialını hələ də tam şəkildə istifadə etmirik və buna nail olsaq qlobal sosial-iqtisadi qayda, xüsusilə də dünya ticarətində mövcud böhran vəziyyətinin həllinə böyük töhfə verəcəyinə inanırıq. Xüsusilə də, bütün bu məqsədlər Sakit Okean Alyansının prioritetləri arasındadır. Alyansa üzv olan və birlikdə ÜDM-ləri dünyada 6-cı yeri tutan Cənubi Amerika ölkələrinin, xüsusilə Asiya ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq məqsədilə səylərinin birləşdirilməsi fikri Azərbaycan üçün maraq kəsb edir. Alyans ölkələrinin Asiya ölkələrində istehsal etdiyi mal və xidmətlərin Yaxın Şərq və Avropa bazarlarına daha çox ixrac ediləcəyini nəzərə alaraq, Azərbaycanın Qafqazın təbii qapısı qismində və Şərq-Qərb ticarət dəhlizində nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırır”.
Elmar Məmmədyarov qeyd edib ki, regionun aparıcı və dinamik iqtisadiyyatı kimi, Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsündə mühüm rol oynayır. Ölkəmiz tarixi İpək Yolu üzərində yerləşir və Azərbaycan bu marşrutda fəal şəkildə infrastrukturun modernləşdirilməsinə, mövcud və yeni dəmir yolu xətlərinin, magistral yolların, dəniz və hava limanlarının bərpasına sərmayə qoyur. Azərbaycan, həmçinin Fars körfəzindən malların İran və Rusiya vasitəsilə Avropaya tranzitinə imkan verəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir. Azərbaycan tərəfindən irəli sürülən digər bir dəhliz Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur ki, onun da məqsədi Hindistan, İran, Fars körfəzi ölkələri ilə Türkiyə və Avropanı birləşdirməkdir. Bu ticarət dəhlizlərinin potensialı böyükdür.
“Yuxarıda qeyd olunan və artmaqda olan bağlılığa töhfə verən layihələrdən daha biri Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən və Avropa ilə Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu xəttinə mühüm töhfə verən Bakı-Tbilisi-Qars dəmir yoludur. Azərbaycan, həmçinin Xəzər dənizində ən böyük kommersiya donanmasına malikdir. Xəzər dənizinin Bakı limanında tikilmiş yeni gəmiqayırma zavodu bütün növ gəmilərin istehsalına və Xəzər dənizində yük axınının artmasına imkan verir. Bundan əlavə, biz Şərq-Qərb yolunun mərkəzində yerləşən yeni Bakı Limanının ətrafında Azad İqtisadi Zonanın yaradılması yolu ilə xarici ticarət şirkətləri üçün ticarət-logistika sektorunda əlverişli sərmayə rejimini təmin etmək üçün çoxlu səylər göstərmişik. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın regional ticarət və logistika mərkəzi kimi cəlbediciliyini artırmaqdır.
Ölkənin mühüm marşrut nöqtəsi və aktiv investor kimi iştirak etdiyi bütün bu layihələr mal və xidmətlərin Asiya bazarından Yaxın Şərq, MDB və Avropa ölkələrinə və əks istiqamətdə çatdırılma vaxtı və xərclərini əhəmiyyətli dərəcədə minimuma endirməyə imkan verəcəkdir. Hesab edirəm ki, bu, Sakit okean Alyansı və Azərbaycan arasında çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir iş platforması ola bilər. Bu baxımdan, müşahidəçi dövlətlərlə əməkdaşlıq üçün təkliflərin toplanmasına cavabdeh olan Əməkdaşlıq Fondu ilə konkret işə hazırıq”,- deyə nazir vurğulayıb.
Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa İttifaqının və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir.
Qrup
ölkələrinin toplam ümumi
daxili məhsulu dünya
iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.
Azərbaycan.-
2019.-7 iyul.- S.2.