Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə
yüksək qiymətləndirilir
Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Dünya mədəni irsi ilə bağlı məsələlərin müzakirə edildiyi və dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndənin qatıldığı sessiyada UNESKO-ya üzv dövlətlərdən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin Baş nazirləri, Baş nazir müavinləri, Mədəniyyət, Ətraf Mühit, Turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndələri və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edirlər. İyulun 10-dək davam edəcək sessiya zamanı UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçirilir.
Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq abidələr sırasına daxildir. Sessiyada Şəki Xan sarayının Mədəni İrs Siyahısına salınması ilə bağlı təklif də yer alıb.
Hazırda UNESKO-nun Dünya İrs Siyahısında 134 ölkədən ümumilikdə 1092 abidə var. Çıxışlarda bu abidələrin qorunma vəziyyəti müzakirə olundu. Qeyd edildi ki, hazırda Ümumdünya İrs Komitəsinin çağrı mərkəzləri və iki elektron poçtu fəaliyyət göstərir. Quruma daxil olan hər bir sorğu ətraflı cavablandırılır. Müzakirələr və fikir mübadiləsi zamanı komitənin son illər müxtəlif ölkələrdə reallaşdırdığı layihələr və gələcək planları barədə ətraflı açıqlamalar verilir.
Plenar iclasda dini tarixi-memarlıq abidələrinin qorunub saxlanılması ilə bağlı müzakirələr böyük maraqla aparıldı. Çıxış edənlər öz ölkələrində bu abidələrin mühafizəsi və bərpası sahəsində görülən işlərə toxundular. Bildirildi ki, həmin abidələr tarixiliklə yanaşı, o ölkənin dini inanclarını da ifadə edir. Mənəvi baxımdan bu abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi zəruri əhəmiyyət kəsb etdiyi üçün xüsusi vurğulanmışdır.
Sessiya iclaslarının gedişində Çin, İndoneziya, Tunis, Zimbabve, Küveyt və digər ölkələrin nümayəndələri çıxış edərək Katmandu vadisindəki abidələr barədə fikirlərini söyləmişlər. Bildirilmişdir ki, 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ zamanı ölkədə tarixi abidələrə xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə üzləşib.
Çıxış edən bəzi ölkələrin nümayəndələri Məşvərət Şurasından Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınmasını təklif etmişlər. Orada 40-a yaxın tarixi abidələr var.
Nepal nümayəndəsi tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək Katmandu vadisindəki tarixi abidələrin vəziyyəti və burada görülən işlər barədə məlumat vermişdir. Həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələr, Fort və Şalamar bağları ilə bağlı müzakirələr aparılmışdır. Məlum olmuşdur ki, yerli hökumətin çəkmək istədiyi metro xətti şəhərdəki tarixi abidələrə ciddi zərər vura bilər, eyni zamanda Fort və Şalamar bağlarında yaşıllıqların məhvi fauna və floraya mənfi təsir göstərər.
Çıxışlar zamanı Pakistanın nümayəndəsi bildirib ki, cari ilin aprelində beynəlxalq missiyanın iştirakı ilə əraziyə baxış keçirilib. Tövsiyə olunan məsələlərin bir hissəsi artıq öz həllini tapıb, digərlərinin də həyata keçirilməsi davam etdiriləcək.
Müzakirələr zamanı Azərbaycanın Pakıstanla bağlı hesabata əlavə etdiyi dəyişikliklər müsbət qarşılanmışdır. Müzakirələrin nəticəsi olaraq, Pakistan hökumətinə əlavə vaxt verilmişdir.
Sessiya iclaslarında müzakirə olunan məsələlər sırasında Asiya-Sakit okean regionunda yerləşən Çin, Şri-Lanka, Tailand, Yaponiya, Özbəkistan, İndoneziya, Banqladeş, Nepal və digər ölkələrdə aparılan işlərin tarixi irsə mənfi təsirləri açıqlanıb. Habelə, Özbəkistanın Səmərqənd şəhərində yaradılmaqda olan turizm zonası ilə bağlı bəzi abidələrin vəziyyətinin narahatlıq doğurduğu diqqətə çatdırılıb. Müzakirələr zamanı Səmərqənd şəhərinin qədim hissəsində hotellərin tikintisinin dayandırılması və konservasiya işlərinin gücləndirilməsi qərara alınıb. Burada Bolqarıstanın qədim liman şəhəri Nesebırqin konservasiya tədbirlərini gücləndirmək tövsiyə edilib. Sessiyanın gedişində Orta Reyn, Monteneqro, Kiji (Rusiya), Diyarbəkir meşəsi (Türkiyə), Buda qəsri (Macarıstan) və digər məsələlərə dair qərar layihələri müzakirəsiz qəbul edilib.
Üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda büdcə məsələlərinə də toxunulub. İclasda 180 ölkənin mədəni irsin qorunmasına ayrılan maliyyə vəsaitləri və xərcləri nəzərdən keçirilib, işçi qrupların hesabatları dinlənilib.
Dünya mədəni irsinin qorunması yollarının Bakıda müzakirə edilməsi, ölkəmizin bu kimi beynəlxalq tədbirə evsahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Bu, həm də dünya ictimaiyyətinə bir mesaj kimi səslənir ki, Azərbaycan sülh, tərəqqi və inkişafda olan ümumbəşəri ideyalarla yaşayan bir ölkədir. UNESKO-nun tarixi və mədəni abidələrin Dünya İrs Siyahısına salınmasının Bakıda müzakirələrdən keçirilməsi tarixi əhəmiyyətə malikdir. 2500-dən çox nümayəndənin iştirakı və tədbirin yüksək səviyyədə təşkili ölkəmizin bu bəşəri işə diqqətinin göstəricisidir. Sessiya iclaslarında dəfələrlə vurğulandı ki, Azərbaycan mədəniyyətlərarası dialoqa yüksək töhfə verir.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Litvanın UNESKO-dakı daimi nümayəndəliyinin rəhbəri İrena Vaisvilayte müxbirimizlə söhbətdə Bakıda olmaqdan məmnunluğunu ifadə edib: "Ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Burada olduğum müddətdə şəhərinizdəki quruculuq işlərinə və müasirliyə vuruldum. Dağüstü Parkın, Dənizkənarı bulvarın gecələri çox romantik olur. İçərişəhəri gəzdim, Şirvanşahlar sarayında, Xalça Muzeyində, Atəşgah məbədində, Yanardağ qoruğunda oldum. Ölkənizin qədim tarixə malik olduğunu eşitsəm də bunu gördüm və bu irsin milli səviyyədə mühafizə edilməsinə dövlət qayğısı məndə məmnunluq doğurdu”.
Dünya dövlətlərinin, mədəni irsin qorunması və təbliği ilə məşğul olan təşkilatların, siyasətçilərin, ümumbəşəri ideyalarla yaşayıb-yaradan bu sahənin araşdırıcılarının diqqət mərkəzində olan UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda öz işini uğurla davam etdirir.
Rəhman SALMANLI,
Azərbaycan.- 2019.-7 iyul.- S.1; 4.