Sözün sehri

 

Xar içində bitən qönçə gülə minnət eyləməm,

Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.

 

Sirat-i müstəqim üzrə izləyərəm Rahimi

İblisin təlim etdiyi yola minnət eyləməm.

 

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,

Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,

 

Zərrəcə tamahım yoxdur bu dünyanın varına

Ruzimi verən Xudadır, qula minnət eyləməm...

 

Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,

Yarın şəfaətlərim əhmədi-muxtar ikən,

 

Cümlənin ruzisin verən ol qəni səttar ikən

Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.

 

 

***

 

Dərdü qəm ilə yandı könül, yar bulunmaz,

Çox darü diyar istədi, dəyyar bulunmaz.

 

Yaram, deyici çoxdurur, amma bəhəqiqət,

Fürsət gəlicək, yari-vəfadar bulunmaz.

 

Adət budurur kim, dili dildara verərlər,

Dil getdi əlimizdənü dildar bulunmaz.

 

Neçə kişilər də'viyi-islam edər, amma

Tək arada bir xaç ilə zünnar bulunmaz.

 

Hər bihünər, insafı yox mənsəbi tutdu,

Sahibhünərə mənsəbi-idrar bulunmaz.

 

Hər kişidə bir cübbəvü dəstar olur, amma

Min başda biri layiqi-dəstar bulunmaz.

 

Çün çərxi-fələk cahilü nadan sevər oldu,

Pəs lacərəm fəzlə xəridar bulunmaz.

 

Tərrar gər aparsa qamu rəxti rəvadır,

Çün qafilədə bir kişi bidar bulunmaz.

 

Xəlqin əməli azdı, könül yıxıcı öküş,

Bir xəstə könül yapıcı me'mar bulunmaz.

 

Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya,

Çün dil diləyi əndəkü bisyar bulunmaz.

 

Zərq işi, riya üştə kasad eylədi fəzli,

Elm əhlinə bir rövnəqi-bazar bulunmaz.

 

Var özüni faş etmə, Nəsimi, kişiyə kim,

Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz.

 

 

***

 

Üzün müshəfdir, ey huri, yanağın qaf-vəl-Qur'an,

Budur həqdən gələn taha, budur yasinü ərrəhman!

 

Gün ilə ayı göglərdən gətirdi səcdəyə hüsnün,

Zəhi qüvvət, zəhi qüdrət, zəhi mö'cüz, zəhi bürhan!

 

Dodağın abi-heyvandır, mən anı sormuşam Xızra

lakin abi-heyvanı qaçan idrak edər heyvan?

 

Yedi gəz həq mə'nidən buyurdu səcdə şeytana,

Sən anı bil şeydənsən ki, anı bilmədi şeytan?

 

Qaşınla kirpigin, yarəb, fəttan yayü oxdur kim,

Fələkdir tirinə tərkəş, mələkdir yayına qurban?

 

Sən ol pakizə cövhərsən bu gün aləmdə, ey dilbər,

Dodağın abi-heyvandır, camalın rövzeyi-rizvan.

 

Səqahüm rəbbihüm xəmri ləbi-lə'lin şərabıdır,

Bu meydən məst olan bildi ki, həqdir mən əleyha fan.

 

Utanır arifin əqli, sana insan deməz, neçün

Ki, insandır deməz kimsə sana, ya xaliqül-insan!

 

Rüxün inna fətəhnadır, saçın vəlleyl-qəd-əfləh,

Bu lövhün əbcədin gör kim, qomuş həqq adını fürqan.

 

Həqə əyri baxan gözdən camalın yaşıran dilbər,

Götürdü pərdə üzündən gəl, ey zahid, gətir iman!

 

Təcəllinin çırağıdır camalın şəm'i, gör kim,

Necə nurü ziyasından münəvvər mehrü məh taban.

 

Bitibdir qisseyi-Şirin, tükəndi Şəkkərin dövrü,

Ləbin dövranıdır gəlgil ki, sənsən Xosrovi-dövran!

 

dəryadır əcəb eşqin ki, yoxdur həddü payanı,

Zəhi eşqi nəhayətsiz, zəhi dəryayi-bipayan!

 

Nəsimi çün vüsalından həyati-sərmədi buldu,

Yəqindir gər desəm həqdir kim, oldu həyyü cavidan.

 

***

 

 

Var bu cahandan özgə bizim bir cahanımız,

Surət bu aləm oldu bizə, ol məkanımız.

 

Zatına həyyü baqi demişlər bu cövhərin,

Şol kim, bizim-cahanımız olmuş bu canımız.

 

Ey də'vət eyləyən bizi firdövsə, eylə bil,

Cənnətdən özgə vardurur ə'la məkanımız.

 

Cövhər ki, dutdu aləmi rövşən günəş kimi,

Andandır aşikara bu gənci-nihanımız.

 

Cövhərləri zühura gətirdi çü nitqi-həq,

Gör kim, feyzə gəldi yenə bəhrü kanımız.

 

Ol kim, bizim həqiqətimizdir xəyalımız,

Yoxdur nişanı qılca, bilsin nişanımız.

 

Sən bu Nəsiminin dilini anla, bil sözün

Kim, var bu dildən özgə bizim bir lisanımız.

 

 

***

 

Dinləgil bu sözü ki, candır söz,

Aliyü asimanməkandır söz.

 

Şeş cəhətdən münəzzəh anlavü bax,

Şöylə kim, xaliqi-cahandır söz.

 

Nazilü münzil anla kim, birdir,

Kəndi kənduyə tərcümandır söz.

 

Tulü ərz ilə ümqü bulunmaz

Yə'ni bihəddü binişandır söz.

 

Bu hədisə nəzər qıl, ey aqil,

Anlayasan ki, bigümandır söz.

 

Ərşi-rəhman dedi nəbi könülə,

Çünki gördü, könüldə kandır söz.

 

Dedi ya kafüha, əyzə-bikə,

Çün Əli bildi, müstəandır söz.

 

Qeyri-məxluqdur, demək olur,

Anla kim, imdi rayigandır söz.

 

Əqli-küll ərşü kürsü, lövhü qələm,

Çar ünsür, nöh asimandır söz.

 

Zahirü batin, əvvəlü axir,

Aşikaravü həm nihandır söz.

 

Ey üqulu nəsəb edən isbat,

Qamuya söz de kim, hamandır söz.

 

Kafü nundan vücuda gəldi cahan,

Əgər anlar isən, əyandır söz.

 

İsiyi-pak, Adəmü Əhməd,

Mehdiyi-sahibəz-zəmandır söz.

 

Bu bəyanı dilərsən anlayasan

Kim, necəsi filan-filandır söz.

 

"Cavidannamə”yi gətirgil ələ,

Ta biləsən ki, nəsnə candır söz.

 

Sözə bu izzü cah yetməzmi,

K'aydalar Fəzli-qeybdandır söz.

 

Aqil isən sözünü müxtəsər et,

Ey Nəsimi, çü bigirandır söz.

 

***

 

Ey əzəli can ilə cananımız!

Eşqi-rüxündür əbədi şanımız.

 

Kə'bə üzündə bizə, ey Fəzli-həq,

Zülfü rüxün qibləvü imanımız.

 

Vəchinə yazdı otuz iki hüruf,

Hikmət ilə münşiyi-ərkanımız.

 

Surəti çün əhsəni-təqvim imiş,

Səndə zühur eylədi sübhanımız.

 

"Səvvərəkəllahü əla şəklihi

Üştə nəbinin sözü bürhanımız.

 

Mö'minə həq dünyanı zindan dedi,

Möminə çox qalmaya zindanımız.

 

Uymadı arif sözünə vaizin,

Divə müti' olmadı insanımız.

 

Əvvəlü axırda üzündür, üzün,

Sün'i-xuda, qüdrəti-yəzdanımız.

 

Kim ki, sücud eyləmədi hüsnünə,

Divi-lə'in olduvü şeytanımız.

 

Can necə tərk eyləsin, ey can, səni,

Çünki canın canısan, ey canımız!

 

Pərdə üzündən götür, ey surətin

Fəzli-ilahi ilə rəhmanımız.

 

Eynimə sənsiz tikan oldu cahan,

Qandasan, ey tazə gülüstanımız?

 

Ta biləsən kim, necədir, ey fəqih,

Adəmi-xaki ilə ehsanımız.

 

Hüdhüdü Bilqeysə rəsul eylədi,

Naməni göndərdi Süleymanımız.

 

Cövr ilə yandırdı Nəsimiyi dust,

Həm bu idi dust ilə peymanımız.

 

İmadəddin Nəsimi

 

Azərbaycan.- 2019.- 7 iyul.- S.5.