Azərbaycan sülh mədəniyyətinin nümunəsidir

 

Bakıda keçirilən mötəbər beynəlxalq tədbir bunu bir daha dünyaya göstərdi

 

Bu günlər Bakı mötəbər bir tədbirə - UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi edir. Tədbirin zirvə məqamı - "Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin” Ümumdünya İrs Siyahısına salınması ilə bağlı qərar təsdiq etdi ki, Azərbaycan sadəcə ev sahibi, mədəniyyətin, dünya irsinin qoruyucusu yox, həm də o mədəniyyət incisinin özüdür.

Belə bir qərara görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk növbədə xalqı təbrik etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm qərarla bağlı öz təbrikində xüsusi vurğuladı: "Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaralar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sessiyanın açılış mərasimində qeyd etdiyi kimi, Bakı "Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu,... zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən” bir məkandır.

Bunlarla yanaşı, belə möhtəşəm tədbirlərə, layihələrə uğurla imza atan Azərbaycan daha bir kontrastın məkanı olduğunu təsdiqləyir: bütün dünya ictimaiyyətinin gözü qarşısında işğala, ədalətsizliyə, ikili standarta məruz qalan, 1 milyon qaçqını olan bir ölkə dünyaya yorulmadan sülh, əmin-aman əməkdaşlıq təklifləri verir və hər addımında özünün də belə bir mədəniyyətin daşıyıcısı olduğunu təsdiq edir.

 

Ümumbəşəri irsin bir parçası

 

İstər özünün coğrafi mövqeyinə, istərsə də qədimliyinə görə Azərbaycanın kifayət qədər zəngin və maraqlı tarixi var. Bu tarixin özünəməxsus bir cəhəti də odur ki, keçdiyi mərhələlərə, dəyişən siyasi formasiyalara, kimlərinsə zaman-zaman bu xalqın milli təfəkkürünü dəyişdirmək istəyinə baxmayaraq, bunlar hamısı üst qatda, qabıqda qalıb, dərində, mahiyyətdə isə Azərbaycanın sabit milli kimliyi həmişə qorunub saxlanıb. Bu kimliyin qorunmasında, tanınmasında isə mədəniyyət aparıcı amillərdən biridir.

Mədəniyyətdə sabit bir qanunauyğunluq müşahidə etmək olur: tarixmüasirlik eyni məqamda özünü göstərə, bir-birini tamamlaya bilir. Başqa sözlə desək, tarix keçmişdə qalmır, əksinə hər yeni məqamla bərabər təkrar aktuallaşır. Bir maraqlı məqam da var ki, tarixə söykənməyən müasir mədəniyyət çox tezliklə aktuallığını itirirunudula bilir. Azərbaycan mədəniyyətində də bu qanunauyğunluq mövcuddur. Bu proses davamlı olanda isə artıq milli təfəkkür durulur və sabitləşir.

27 il yalnız müstəqil Azərbaycanın UNESKO ilə əməkdaşlığının tarixidir, halbuki UNESKO Azərbaycan mədəniyyətini daha əvvəl, sovet dövründə, 1960-cı ildə "Şərqin Musiqi antologiyası” (UNESCO Musical Anthology of the Orient) seriyasına istedadlı tarzənimiz Bəhram Mansurovun ifasında muğamı daxil edəndə tanımışdı. Bu möhtəşəm musiqinin gücünü, sehrini tanıyandan 15 il sonra UNESKO yenə də Bəhram Mansurovun ifasında 7 muğamı "Dünyanın ənənəvi musiqi kolleksiyası”na (UNESCO Collection of Traditional Music of the World) daxil elədi.

Bundan başqa, UNESKO-nun siyahısında "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər və Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Azərbaycan aşıq sənəti, Novruz bayramı, tar ifaçılığı, Azərbaycan xalçası, kəlağayısı da var. Mehriban xanım Əliyevanın sessiyanın açılışında qeyd etdiyi kimi, "2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir”. Və bütün bunlar "Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir”. Əhəmiyyətli bir fakt göz önündədir: Azərbaycanın qorunması elə dünya irsinin qorunması deməkdir. Və əksinə.

 

Azərbaycanın "yumşaq gücü

 

"Yumşaq güc” XX əsrdə xarici siyasətlərin strategiyalarının müzakirəsi kontekstində yaranmış yeni bir termindir, əslində isə tarixi daha qədimdir. "Sərt gücdən” fərqli olaraq daha çox nailiyyət əldə etmək qüdrətində olan bu yeni strategiya əsasən dil və mədəniyyət üzərində bərqərar olur. Son dövrlərin təcrübəsi göstərir ki, "yumşaq güc” superdövlətlərin istifadə edə bildiyi bir "silah növüdür”. Kiçik dövlətlərə isə ən yaxşı halda özlərinin ən əhəmiyyətli dəyərlərini qorumaq, başqa mədəniyyət daxilində əriməmək üçün yollar axtarmaq qalır.

Azərbaycan öz tarixində çox müharibələrə, işğallara, eyni zamanda, qələbələrə, uğurlara şahid olub. Silahın da gücünü bilir, qələmin də. Əsrlər boyu o, öz "yumşaq gücünü” də gözəl dərk edibbu gün artıq ondan da istifadə etməyə başlayıb. "Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək üçün, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir”, - deyən Mehriban Əliyeva dövrün ən güclü silahından - mədəniyyətdən istifadə etməyi tövsiyə edir. Azərbaycan öz mədəniyyəti vasitəsilə dialoq qurur, mənəviyyat səviyyəsində əlaqələr yaradır. Bu taktika o dərəcədə güclüdür ki, qarşıdakı xalqla nəinki sakitxoş ünsiyyət qurmaq, həm də onu tədricən öz təsiri altına almaq mümkündür. Vacib bir faktla dediyimizi əsaslandıraq.

Azərbaycan çoxmillətli, çoxmədəniyyətli bir dövlətdir. Deyilənlərdən belə məlum olur ki, Azərbaycan öz ərazisində zordan, fiziki qüvvədən istifadə etmədən, məhz dialoqlara müraciət etməklə, öz daxili müxtəlifliyini gücə çevirə bilir. Əhəmiyyətli bir məqamı təkrar vurğulayaq ki, Azərbaycan mədəniyyətinin nüvəsi - lider təfəkkürün yaratdığı mədəniyyət kifayət qədər güclü olduğuna görə, əsrlər boyu o, öz üzərinə yeni qatların gəlməsinə şərait yarada bilib. Coğrafi ərazisi işğallara məruz qalıb, imperiyaların tərkibinə qatılıb, bir neçə dinə evsahibliyi edibbütün bunlara baxmayaraq öz milli kimliyini qoruya bilib. Zahiri təzyiqlər onun mədəniyyətində nəinki əks olunmayıb, əksinə, onu zənginləşdirə bilib, hətta özübaşqa mədəniyyətə təsir etmək qüdrətinə çatıb. Belə nəticə çıxartmaq olar ki, mədəniyyət tarixi kimliyi formalaşdıran başlıca cəhətlərdən olduğuna görə, onun güclü olması milli təfəkkürün də güclü olmasına dəlalət edir.

Sabit və özünə güvənən mənəviyyat artıq gücdür. Azərbaycan nail olduğu belə bir gücü təbii ki, ətrafına da göstərir. Başqa sözlə desək, Azərbaycan kiçik və gənc dövlət olsa da, özünü nəinki müdafiə etmək, eyni zamanda "yumşaq güclə” qarşıdakına təsir göstərmək qüdrətindədir. Məsələn, muğamın daxildən, tarixi köklərindən qaynaqlanan gücünü, təsir dairəsini, ehtiva etdiyi həqiqətin miqyasını nəzərə alsaq, cəsarətlə onu Azərbaycanın "yumşaq gücü” adlandıra bilərik. Azərbaycan müharibə şəraitində olan bir dövlət olsa da, dünyanın diqqətini özünə humanitar yardımlar istəməklə deyil, bir-birinin ardınca təşkil etdiyi mədəni hadisələrlə cəlb edir. UNESKO-nun 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban Əliyeva deyəndə ki, "Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir”, o, Azərbaycanın həm də dünyanı qorumaq missiyasını öz üzərinə götürdüyünü bəyan etdi.

Biz muğamı dəyərlərin qoruyucusu kimi təsadüfən xatırlatmadıq. Məsələ burasındadır ki, düşüncə qatında qorunmayan dəyərlər hər nə qədər üzdə qorunsa da, içdən çürüyə, çökə bilər ki, bu da son nəticədə millətin özünün məhvinə gətirə bilər. Əslində hər millətin bir qoruyucu "qüvvəsi” var. Əhəmiyyətli haldır ki, millətin çətin durumlarında - aldığı xarici təsirlərdən aşınma təhlükəsi ilə üz-üzə olanda, daxildə düşüncə və mənəviyyat böhranı yaşayanda məhz belə qoruyucu qüvvəyə müraciət edirlər, bir növ onu sipər edirlər. Muğam məhz belə bir funksiyanın daşıyıcısıdır.

 

Sərhədlərin göstəricisi onun mədəniyyətidir

 

Azərbaycan mədəniyyətinin tarixinə nəzər salsaq görərik ki, kifayət qədər geniş coğrafiyaya malikdir. Öz mədəni inkişafını hərbi işğallarla, müstəmləkələrlə möhkəmləndirən Qərbdən fərqli olaraq Azərbaycan heç vaxt başqa bir xalqın mədəniyyətinə nə nüfuz etmir, nə də onu dəyişdirmək kimi bir missiyanı öz üzərinə götürmür. Düzdür, özü işğallara, müdaxilələrə məruz qalanda cavab verməli olub, bu zaman da əsas məqsədi özünü qorumaq olub.

İstər hunların tarixindən, istərsə də "Dədə Qorqud” dastanından belə məlum olur ki, qədimdə oxunun çatdığı, atının dırnağının dəydiyi yeri elin igid oğulları Vətən deyib qoruyarmışlar. Dövr dəyişib, silahın yerini söz, qələm alıb, ancaq taktika dəyişməyib. Bu gün dünyada Azərbaycan adına məxsus, yaxud onun adı ilə assosiasiya yaradan hər mədəniyyət abidəsi Azərbaycanın sərhəddinin göstəricisidir. Burada incə bir məqam var. Belə ki, bir var mədəniyyət bu gün yaradılır, sabah üçün tarix olsun deyə, birvar artıq mövcud olan, lakin unudulmaqda olan tarix bərpa edilir. Bunlara əsaslanaraq Azərbaycanın "sərhədlərini” təyin etməyə cəhd edək.

Bir hadisənin mərkəz nöqtəsi nə qədər güclü olarsa, ondan yayılan dalğalar da bir o qədər geniş olar. Vacib faktlardan biri də həmin mərkəz nöqtənin - nüvənin daim aktiv olmasıdır. Eyni prinsiplə mədəniyyətə baxsaq, belə nəticə çıxarmaq olar ki, hər nə qədər milli təfəkkür, milli kimlik güclü olarsa, onun yaratdığı mədəniyyətin əks-sədası da bir o qədər uzağa gedər. Məlum olduğu kimi, millətin tarixi yaddaşını əks etdirən mədəniyyət abidələri mərkəzdə yerləşir və bura əsasən daş abidələr daxildir. Tikili, yəni daşla əks etdirilmiş mədəniyyət daha uzunömürlü, göz önündə duran bir nümunədir. Onu yaratmaq da, qorumaq da daha uzun və zəhmətli bir prosesdir. Məsələn, daş qoçlar, qəbirüstü abidələr, tarixi binalar müəyyən mədəniyyət qurmaq prosesinin bir hissəsidir. Burada daha çox milli tarix, ənənə, tarixi yaddaş böyük rol oynayır. Yəni onlar artıq oturuşmuş, sabitləşmiş tarixin, mədəniyyətin inikasıdır. Aktiv mərkəzin hər mərhələsinin öz daş yaddaşı yaradılır və tarix beləcə əsrlərcə davam edir. Məhz bu səbəbdən hər hansı xalqın tarixini təhrif etmək, hətta silmək istəyəndə ilk növbədə onun daş abidələrini - tarixi yaddaşını məhv edirlər, çünki onları dəyişdirmək mümkün deyil. Ya onları mənimsəmək, ya da məhv etmək lazımdır. Və əksinə: tarixi yaddaşı daim aktiv saxlamaq üçün onun mədəni abidələrinə diqqət və qayğı göstərilməlidir.

Azərbaycan kifayət qədər qədim bir diyardır və xalqının öz genofondu var. Təbii ki, zaman-zaman bu genofondu da dəyişdirmək, məhv etmək kimi niyyətlər olmuş və hələ də var. Belə düşünmək olar ki, bunun qarşısını almağı bacaran düşüncə sahibləri sadəcə xalqın mədəniyyətinin nüvəsini qorumuşdaim aktiv saxlamışdır. Xalqın eposlarının, şair və yazıçılarının, mədəniyyət və incəsənət nümunələrinin qorunması, hətta bu işə beynəlxalq təşkilatları qoşmaq kifayət edib ki, o nüvə salamat qalsın.

Azərbaycanın milli irsinin - tarixi yaddaşının qorunması, təbliğ olunması və bununla da mərkəz nöqtənin daim aktiv saxlanması dövlətin bilavasitə prioritet sahələrindən biridir. Belə olan halda bu mədəniyyətin yayılan "dalğaları”nın geniş olması təəccüblü deyilbunun bariz nümunəsini yenə də Heydər Əliyev Fondunun fəaliyyətində və dəstəyində izləmək mümkündür. Onlardan bir neçəsini xatırladaq: 2006-cı ildə Gürcüstanın Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən quruldu, xiyaban salındı, 2012-ci ildə Moskvanın M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Mirzə Fətəli Axundzadənin abidəsi, 2012-ci ildə isə Romanın məşhur parkı olan Villa Borgezedə Nizami Gəncəvinin heykəli qoyuldu. Bu addımlarla bir növ Azərbaycanın mədəniyyət tarixinin dünyanın fərqli məkanlarında "dayaq nöqtəsi” qurulur. Ancaq bu fəaliyyətin həm də başqa bir istiqaməti var. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Mehriban Əliyeva dedi: "Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur”. Söhbət 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, 2008-ci ildə Luvr Muzeyinin, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan katakombalarının, 2013-cü ildə Romada Kapitolini Muzeyinin "Filosoflar zalı”nın, Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Rumıniyada, Rusiya Federasiyasında bir sıra məktəblərin bərpası və ya əsaslı təmirindən gedir. Bütün bunlar, Mehriban xanımın da dediyi kimi, "fəaliyyət coğrafiyası” ilə yanaşı, Azərbaycanın "sərhədlərini” də genişləndirir.

 

* * *

 

Bir dövlətin müstəqilliyini təsdiq edən onun kimliyi, bu kimliyin göstəricilərindən biri isə özünün əsrlər boyu var olan mədəniyyəti üzərində yeni qatları gətirmək bacarığıdır. Başqa sözlə desək, həm kökünü qoruyub, həm də dövrlə ayaqlaşmaq, ən cəsarətli layihələrə imza atmaq üçün xalqın sabit milli təfəkkürü və kimliyi olmalıdır. Bu, birgünlük əməl, yalnız bir dəfə atılan addım deyil. Bu, əsrlər boyu davam edən bir prosesdir.

Nəhayət, çox əhəmiyyətli bir faktı da vurğulayaq: hər nə qədər Azərbaycan ədalətsizliyə, aqressiyaya məruz qalsa, heç vaxt sülhsevər simasını itirməmişdir. Bəlkə də bu səbəbdən, o, su və atəşi özündə vəhdət halında saxlaya bilən bir məkandır və daim öz kimliyini, milli identikliyini qorumağı bacarır. Axı, mədəniyyətin inkişafı üçün sülh başlıca şərtdir. Bu gün sabah üçün tarixdir. Deməli, bu gün elə yazılmalıdır ki, gələcək nəsil üçün oxumalı və fəxr etməli səhifələrə çevrilsin.

 

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan. - 2019.-9 iyul.- S.1; 8.