Şəki Xan Sarayı bəşəriyyətin mədəni irsinə çevrildi

 

UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı Azərbaycanın mühüm beynəlxalq uğurudur

 

Bakıda UNESKO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. Təbii ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük nailiyyətidir.

Amma iki gün öncə bu beynəlxalq sessiyanı ölkəmiz üçün əlamətdar edən başqa bir mühüm hadisə baş verdi. 43-cü sessiyanın iyulun 7-də keçirilən növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

BMT-nin ixtisaslaşmış qurumu olan UNESKO təhsil, elm və mədəniyyət məsələləri sahəsində beynəlxalq əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Bu təşkilatın fəaliyyəti ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib. UNESKO-nun Nizamnaməsində göstərilir ki, təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğainsan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur.

Azərbaycan həmişə qlobal siyasi, iqtisadihumanitar proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa önəm verib. Bu sırada UNESKO ilə əməkdaşlıq xüsusilə diqqəti çəkir. Bu təşkilatla Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addım Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya rəsmi səfəri zamanı atılıb. 1994-cü il fevralın 21-də Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin yanında UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb.

Prezident İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə daim böyük diqqətlə yanaşır. 2004-cü ilin sentyabr ayında Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyi təsis edilib. 2006-cı ildə isə ölkəmiz UNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasını təsdiq edib.

Bu gün Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu qurumla əlaqələrin son illərdə yüksələn xətlə inkişafında, möhkəmləndirilməsində, milli-mədəni irsimizin UNESKO xətti ilə bütün dünyada təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri isə əvəzsizdir. Məhz Mehriban Əliyevanın sayəsində UNESKO ilə daha da güclənən əməkdaşlığın nəticəsində Azərbaycanın qədim və zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq ümumdünya mədəniyyətinin bir hissəsinə çevrilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin mədəni irsinin təbliğinin, onun milliregional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə verdiyi töhfələr UNESKO tərəfindən daim yüksək qiymətləndirilib. 2004-cü il avqustun 13-də Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun "Xoşməramlı səfiri” adına layiq görülüb. Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə keçmiş baş direktor İrina Bokova tərəfindən "Qızıl Motsart” medalı ilə təltif edilib.

Xatırladaq ki, indiyədək Azərbaycanın iki maddi irs nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bunlar "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi” və "Qobustan Qaya Sənəti Mədəni Landşaftı”dır. "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi” 2000-ci ildə Avstraliyada keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində bu siyahıya daxil edilib. "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” irs nümunəsi isə 2007-ci ildə Yeni Zelandiyada keçirilən sessiyada sözügedən siyahıya salınıb. "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin də UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə Azərbaycanın bu siyahıda olan mədəni və maddi irs nümunələrinin sayı artdı. Xatırladaq ki, həmçinin xalqımızın mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır.

Bu mühüm hadisə ilə əlaqədar Prezident İlham Əliyev xalqımızı təbrik edib. "Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaralar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. UNESKO tərəfindən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”, - deyə dövlət başçısının təbrikində bildirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva da Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə rəsmi "Instagram” səhifəsində etdiyi paylaşımda bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edib.

Qeyd edək ki, "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin də UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi prosesi heçasan olmayıb. Altı ildir ki, Azərbaycan bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim edib. İlk mərhələdə onların təhlili müsbət nəticələnməyib. Lakin ölkəmizin gətirdiyi sübutlarPrezidentin bu məsələ ilə bağlı imzaladığı sərəncamın icrası UNESKO Ümumdünya İrs Komitəsi tərəfindən bu qərarın verilməsində əsas rol oynayıb.

Beləliklə, Ümumdünya İrs Komitəsinin Bakıdakı son qərarları ilə UNESKO-da adı keçən Azərbaycanın mədəni irs nümunələrinin sırasına biridaxil oldu. Artıq öz tarixi memarlıq nümunələri ilə fərqlənən Şəki şəhəri və Xan Sarayı bəşəriyyətin mədəni irsinə çevrildi. Bu, Azərbaycanın mühüm beynəlxalq uğuru və bütövlükdə ölkəmizin mədəni irs tarixində böyük hadisədir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-9 iyul.- S.1; 7.