Milli mədəniyyətimizin daha bir təntənəsi

 

Azərbaycanın maddi mədəniyyət abidələri UNESKO-nun Ümumdünya İrs Siyahısında böyük yer tutur. Müstəqillik dövrü ərzində İçərişəhər, Qobustan qayaüstü rəsmləri, muğam, Şərur yallısı və başqa maddi-mənəvi irsimizin UNESKO siyahısına daxil edilməsi, ilk növbədə Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olmasının mühüm bir göstəricisidir. Bu il Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alması da böyük mədəniyyət hadisəsidir. Şəki Xan Sarayı memarlıq üslubunaorijinal naxışlarına görə dünya mədəniyyətinin nadir incilərindən biridir.

Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqı təbrik etməsi ölkəmizdə milli mədəniyyətin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğını və diqqəti yüksək səviyyədə ifadə edir. Ölkə rəhbərimizin Şəki Xan Sarayı ilə əlaqədar verdiyi yüksək qiymət həm də müstəqil Azərbaycan dövlətinin ölkəmizi dünyaya tanıtmaq istiqamətində apardığı işin daha bir nümunəsidir.

Hesab edirəm ki, bu hadisə həm də Azərbaycan diplomatiyasının böyük uğurudur. Şəki Xan Sarayı kimi nadir mədəniyyət abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alması eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin qanunauyğun nəticəsidir.

Bütövlükdə bu böyük hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və milli mədəniyyətimizin dünya miqyasında tanınmasına layiqli töhfədir.

 

İsa HƏBİBBƏYLİ,

akademik, Milli Məclisin Elm

və təhsil komitəsinin sədri

 

Azərbaycan.- 2019.-9 iyul.- S.7.