Şəkililər Xan Sarayı ilə
birgə şəhərin tarixi mərkəzinin
Ümumdünya İrs
Siyahısına daxil edilməsini sevinclə
qarşılayıblar
Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Şəki ictimaiyyəti, ziyalılar, şəhər sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.
Şəkinin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından UNESKO-nun bu qərarının əhəmiyyətini yüksək qiymətləndirən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya barədə müsbət qərarın qəbul edilməsi bütün şəkililəri ürəkdən sevindirib. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması uzun sürən gərgin işin sayəsində mümkün olub. Son illər Prezident İlham Əliyev Şəkinin mədəni irsinin qorunub saxlanmasına dair bir sıra sərəncamlar imzalayıb, dövlətimiz tərəfindən bir çox layihələr həyata keçirilib, qədim tarixi abidələr bərpa olunub. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə mədəni irsin qorunub saxlanması üçün çox mühüm işlər görüb. Birinci xanımın birbaşa diqqət və qayğısı sayəsində Azərbaycanla UNESKO arasında qarşılıqlı faydalı əlaqələr yaranıb və bu əməkdaşlıq öz nəticəsini verməkdədir”.
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına Azərbaycandan daxil edilən üçüncü abidə olduğunu diqqətə çatdıran şəhər icra hakimiyyətinin rəsmisi deyib: "UNESKO-nun bu qərarı bütün Azərbaycan mədəniyyətinə, mədəni irsinə verilən çox böyük qiymətdir. Şəhərin tarixi mərkəzində olan karvansaraylar, məscidlər, minarələr, qədim tikililər, yaşayış evləri bundan sonra dövlətimizin başçısının Azərbaycan xalqına ünvanladığı təbrikdə də qeyd olunduğu kimi, təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. İndi bizim məsuliyyətimiz daha da artıb. Biz, şəkililər bütün bəşəriyyətə aid olan bu mədəni irsi, bu mirası göz bəbəyi kimi qoruyub saxlamalı və dünyaya təqdim etməliyik”.
Zərinə
Cavadovanın sözlərinə görə, bəşəriyyətin
zəngin mədəni irsi hesab
olunan bu ərazinin
yaxın vaxtlarda ictimaiyyətə təqdim
olunması, həmçinin bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirilməsi nəzərdə tutulur.
Azərbaycan.-
2019.-9 iyul.- S.8.