Lüksemburqda ATƏT Parlament
Assambleyasının illik sessiyası işini başa
çatdırıb
Lüksemburqda Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatının Parlament
Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işini başa çatdırıb. Sessiyada Şimali Amerika,
Avropa və Asiya ölkələrindən
300-ə yaxın parlamentari
iştirak edirdi.
Sessiyada Azərbaycan Respublikasını
Milli Məclisin sədrinin müavini,
ATƏT PA-da Azərbaycan
nümayəndə heyətinin
rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti
təmsil edirdi.
Budəfəki illik sessiya “Təhlükəsizliyin
möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilmişdi.
Azərbaycan nümayəndə
heyətinin uğurlu işi və çıxışlarda inandırıcı
dəlillər gətirməsi
nəticəsində Ermənistan
nümayəndə heyəti
tərəfindən təklif
edilən və ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin toxunulmazlığı
ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən
ölkələr sırasından
Azərbaycanı çıxarmaq
məqsədi güdən
düzəlişlər rədd
edildi. Dörd dövlətin hamısının
– Azərbaycan, Gürcüstan,
Moldova və Ukraynanın
adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü
“paket şəklində”,
ikili standartlar tətbiq edilmədən dəstəkləndi.
Parlament Assambleyasının işinin
yekunlarına əsasən
Lüksemburq Bəyannaməsi
qəbul edildi. Sənəddə Azərbaycanın mövqeyi
öz əksini tapıb.
Azərbaycan.- 2019.-9 iyul.-
S.3.