Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

 

Respublika Ağsaqqallar Şurasının və "Azərbaycan” qəzetinin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunan birgə konfransı

 

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublikamızda ilk dəfə siyasi rəhbərliyə başlamasından 50 il ötür. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi.

1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda da xalq yeganə xilaskar kimi Heydər Əliyevi rəhbərlikdə görmək istədi. 26 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan bu gün də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu ölkələri ilə bir sırada dayanır.

Bu günlərdə Respublika Ağsaqqallar Şurasının və "Azərbaycan” qəzetinin keçirdiyi birgə konfrans Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuşdu. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin əziz xatirəsini sükutla yad etdilər.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV konfransı açıq elan edərək vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü əlamətdar tarixdir. Bu yarıməsrlik dövr tariximizin ən şərəfli mərhələlərindən biri olmaqla yanaşı, həm də müstəqil dövlətçiliyin, qüdrətli xalqın, genişmiqyaslı inkişafın təminatçısı olub:

- Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli ömür yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir.

Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Onun sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında sözün əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Ulu Öndər keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min-bir zillət çəkən ölkəsini təhvil aldı. Amma cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi.

Həmin illərdə ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalaya bilərəm. Bütün bu proseslər mənim yaxşı xatirimdədir, çünki onların bilavasitə şahidiyəm.

Ümummilli Lider respublikaya birinci rəhbərliyi dövründə əməli fəaliyyəti ilə məhz gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. Müstəqilliyin iqtisadi əsasları isə həmin illərdə faktiki olaraq yaradılmışdı. Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir ölkəyə çevrilmişdi. O, qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrildi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Həmin illərdə Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Əminliklə deyə bilərəm ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Ulu Öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP-nin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda keçmiş ittifaq məkanında sosial məsələlərin həlli, genişmiqyaslı layihələr onun kurasiyasında idi. Heydər Əliyev hər fürsətdə Azərbaycana yardımları artırırdı. Ölkəmizin kənd və qəsəbələrində sosial infrastrukturun inkişafına dəstək verirdi.

Onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi də milli maraqları ittifaqın siyasi mənafeyindən üstün tutması idi. Başda M.S.Qorbaçov olmaqla sovet rəhbərliyi Dağlıq Qarabağı Ermənistanın tərkibində görmək istəyirdi. Buna qarşı ən böyük maneə isə məhz Heydər Əliyev idi.

Heydər Əliyev siyasi rəhbərliyin bütün maneələrinə, hətta sui-qəsd təhlükələrinə baxmayaraq 1990-cı ilin iyulunda əvvəl Bakıya, sonra anadan olduğu qədim Naxçıvan torpağına döndü. Və Azərbaycanın qurtuluş missiyasına Naxçıvandan başladı.

Qısa müddətdən sonra Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsi, əslində, tək Naxçıvan sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının seçimi, istəyi idi. Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə Heydər Əliyev elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli Liderimiz bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. Blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik modeli yaranırdı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Naxçıvandakı Heydər Əliyev idi.

Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.

90-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.

Ulu Öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı. Xaosu, anarxiyanı ortadan götürdü. Ölkənin demokratik inkişafı üçün böyük təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu Öndərin elan etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağın ədalətlə özəlləşdirilməsinə nail oldu. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı.

Ulu Öndər özünün cismani yoxluğu dövründə də milli ideyaları davam və inkişaf etdirməyə qabil lideri yetişdirdi. Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxaran məhz onun yetirməsi - Prezident İlham Əliyev oldu.

Bu gün bu zalda toplaşanların, konfrans iştirakçılarının böyük qismi Heydər Əliyevin müasirləri olub, bəziləri onun komandasının üzvü kimi çalışıb. Yəni Ümummilli Liderlə bağlı xatirələri, düşüncələri olan xeyli insan bugünkü tədbirə toplaşıb.

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü, yəni ötən 50 il həm də tariximizin ən şərəfli mərhələsidir, böyük inkişaf və möhtəşəm quruculuq dövrüdür” deyən Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru, Ağsaqqallar Şurasının Məclis üzvü Bəxtiyar SADIQOV qeyd etdi ki, dövlətçiliyimizin qüdrətlənməsi, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin bütün sahələr üzrə genişmiqyaslı intibahının yaşandığı epoxa kimi səciyyələndirdiyimiz bu illərin müasiri olmaq da hər birimizin xoşbəxtliyidir:

- Bu zalda əyləşənlərin əksəriyyəti həmin şanlı dövrün yalnız müşahidəçisi olmayıblar, həm də bu dövrdə fəal mövqeləri ilə, Heydər Əliyevin kursuna töhfələri ilə seçiliblər.

XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim yeri olmuşdur.

Tədbirimizin iştirakçıları, o cümlədən orta və yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərinin sonundan başlandığını yaxşı xatırlayırlar. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan taleyin ümidinə buraxılmış kimi görünürdü. Zəngin xammala, karbohidrogen ehtiyatlarına, insan resurslarına malik Azərbaycanın ittifaq miqyasında geridə qalmış ölkələrdən birinə çevrilməsi son dərəcə dözülməz hal idi. Heydər Əliyev qısa müddətdə ölkədə intibahı təmin etdi, mütərəqqi prosesləri iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirdi, paralel şəkildə həyata keçirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Ulu Öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Həm də bu fəaliyyət təkcə bu günlə məhdudlaşmır, gələcəyə ünvanlanırdı. Qeyri-adi enerji və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən, mahiyyətcə qurucu və yaradıcı olan, öncəgörmə qabiliyyətinə və siyasi fəhmə malik Ulu Öndər hələ sağlığında əfsanəyə çevrildi. Bu da onun başqaları üçün əlçatmaz hesab olunan işləri qısa müddətdə yerinə yetirməsi, ən ağır və çətin vəziyyətlərdən uğurlu çıxış yolu tapması, hətta mümkün olmayanı belə gerçəkliyə çevirməsi məharəti ilə bağlı idi. Böyük təsir və nüfuzetmə qabiliyyətinə malik olan Ulu Öndər mühiti, münasibətləri, necə deyərlər, ab-havanı belə ustalıqla dəyişirdi.

Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyi təhlükə ilə üzləşəndə də xalq yeganə çıxış yolu kimi Heydər Əliyev dühasına müraciət etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz Ulu Öndərin fəaliyyətində görürdü. Heydər Əliyev xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü.

Kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyev uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Nəticə etibarilə müstəqilliyimiz qorunub saxlanıldı, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu.

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb. Bütün prezident seçkilərinin nəticələri bunu təsdiq edir.

Reallıq da göstərir ki, son 16 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Bu dövrdə Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı. Müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə Ulu Öndərin əsl varisi olduğunu nümayiş etdirdi.

Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməsə, yüksək nəticəyə çata bilməz. Bu mənada Prezident İlham Əliyevin fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Eyni zamanda ölkədəki inkişaf təsdiq edir ki, cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bu kurs Azərbaycan xalqı üçün əsasdır. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Elə son 6 ay ərzində Prezidentimizin sosial paket çərçivəsində imzaladığı sərəncamlar 6 milyondan çox insanın sosial mənafeyini təmin edib, onların rifahının yüksəlməsinə səbəb olub. Bu, yalnız möhtərəm İlham Əliyevin fəaliyyətinin uğuru deyil, həm də Heydər Əliyev ideyalarının təntənəsidir.

1969-cu ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasəti bütün mərhələlərdə Azərbaycana uğur və inkişaf gətirmişdir. Bu siyasət bundan sonra da inamla davam etdiriləcək, hər addımda Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət göstərəcəkdir.

Tarixin ən qüdrətli Azərbaycanı da məhz Heydər Əliyev ideyalarının məntiqi nəticəsi, Prezident İlham Əliyevin bu ideyalar əsasında həyata keçirdiyi müdrik fəaliyyətin parlaq zəfəridir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, Ağsaqqallar Şurasının sədr müavini Əhliman ƏMİRASLANOV qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin taleyi Azərbaycan xalqının taleyi ilə həmişə bağlı olub:

- Azərbaycanda nə vaxt çətinlik yaranıbsa, ölkə nə zaman çətin duruma düşübsə, sanki tale Heydər Əliyevi bu xalqın imdadına yetirib. Xalqımızı, vətənimizi, ölkəmizi bu çətinliklərdən, fəlakətlərdən xilas etmək sanki onun qismətinə yazılmışdı. 1969-cu illər - mən o zaman tələbə idim - Azərbaycan üçün olduqca çətin dövr idi. Yalnız aqrar səhədə müəyyən istehsal vardı.

Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə son dərəcə böyük uğurlara imza atıldı. Elm, təhsil, səhiyyə sahəsi inkişaf etdi. Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müasir sahələr üzrə elmi tədqiqat mərkəzlərinin yaradılmasına Ulu Öndər xüsusi diqqət yetirdi. O dövr Azərbaycan elminin çiçəkləndiyi, sürətlə inkişaf etdiyi dövr kimi elm tarixinə daxil oldu. Azərbaycan alimlərinin əldə etdiyi uğurlardan nəinki ölkəmizdə, keçmiş SSRİ miqyasında, hətta dünyada istifadə olunur, hər yerdə tətbiq olunurdu.

Təhsil sahəsində də o dövrlər ağır vəziyyət hökm sürürdü. Ulu Öndər hakimiyyətə gəldikdən sonra orta və ali təhsil sahəsində böyük işlər görülməyə başlandı. Ali təhsil müəssisələrinin kadr potensialının möhkəmləndirilməsində, yeni binaların inşa olunmasında, yeni ali təhsil müəssisələrinin açılmasında Heydər Əliyevin böyük xidmətləri olub. Biz o vaxtlar hesab edirdik ki, Azərbaycandan kənarda Azərbaycan üçün fəaliyyət göstərən böyük ali məktəb mövcuddur. Ölkəmizdə ehtiyac hiss olunan ixtisaslar üzrə kadrları hazırlamaq üçün SSRİ-nin böyük elm və təhsil müəssisələrinə istedadlı gənclər seçilib göndərilirdi və onlar orda oxuyur, çalışır, institutu, aspiranturanı bitirirdilər. O gənclərin böyük bir qismi Azərbaycana qayıdır, qayıtmayanlar isə qalıb o mərkəzlərdə çalışır, gələcəkdə Azərbaycan üçün faydalı mütəxəssisə çevrilirdilər.

O dövrdə Ulu Öndərin uğurlu siyasəti sayəsində 1973-cü ildə mən də Moskvaya aspirantura təhsili almaq üçün getmişəm, 20 il orada çalışmışam. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana qayıtmışam. Bu gün Azərbaycandan kənarda, xüsusilə MDB məkanında yaşayan diasporun ən tanınmış üzvləri məhz Heydər Əliyevin apardığı uğurlu siyasət sayəsində həmin mərkəzlərə göndərilmiş mütəxəssislər, alimlərdir.

Ulu Öndərin hakimiyyətə gəldiyi ilk dövrdə səhiyyə sahəsində də böyük uğurlar qazanıldı. Yeni səhiyyə müəssisələri açıldı, kadrlar hazırlandı. Bu da Ulu Öndərin əvəzsiz xidmətləri idi.

1993-cü ildə ölkə çətin vəziyyətə düşdükdə, vətəndaş müharibəsi başladıqda, dövlət müstəqilliyi üçün təhlükə genişləndikdə xalqımızın tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə yenə də millətin, ölkənin dadına yetdi. Azərbaycanı bəlalardan xilas etdi. 1988-ci ildə qoyub getdiyi alt-üst olmuş, dağılmış, yarımçıq qalmış işləri bərpa etdi, o sahələrdə daha böyük inkişaf, uğurlar əldə olundu.

Azərbaycanın inkişafının böyük mərhələsi Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyevdən sonra möhtərəm cənab Prezident İlham Əliyev də Ulu Öndərin siyasətini uğurla davam etdirir. Ölkəmiz bu gün də böyük nailiyyətlərə imza atır. Möhtərəm Prezidentin rəhbərliyi altında respublikamız, xalqımız, vətənimiz gələcəkdə də böyük uğurlar qazanacaqdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor, Ağsaqqallar Şurasının Məclis üzvü Eldar İBRAHİMOV vurğuladı ki, XX əsr milli tariximizin ən qüdrətli siması, müstəqilliyimizin memarı Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərliyə başlamasının 50-ci ildönümündə xalqımızın dahi oğlunun zəngin dövlətçilik irsinin və həyat fəlsəfəsinin bugünümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən anlayırıq:

- Ona görə bu irsi qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən məsələdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə, digər sahələr kimi, aqrar sferanı da iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirmiş və bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Təsadüfi deyil ki, 1969-cu ilin məşhur avqust plenumunda Ulu Öndər xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında da yaranmış vəziyyəti dərin təhlil etmiş, onun sürətlə inkişafını təmin edəcək kompleks tədbirlərin zəruriliyini bildirmişdi. 1970-ci ilin iyulunda Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artımında müstəsna rol oynadı.

Beləliklə, Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa bir müddətdə öz müsbət nəticəsini göstərmişdi. Azərbaycan keçmiş ittifaqda geridə qalan primitiv aqrar respublikadan qabaqcıl aqrar-sənaye respublikası kimi ön sıraya çıxmış və daha yüksək inkişafa nail olmaq üçün möhkəm təməl yaradılmışdı.

Həmin dövrdə aqrar bölmədə əsas diqqət bitkiçilik və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsinə, təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsinə, emal müəssisələrinin tikintisinə və fəaliyyətinin genişləndirilməsinə, heyvandarlığın sənaye əsasında inkişafına, yeni texnika və texnologiyaların tətbiqinə, yüksək məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılmasına və istifadəsinin təşkilinə, kəndlərin sosial inkişafına və həlli vacib olan digər məsələlərə yönəldildi. Həyata keçirilən bu və ya başqa təşkilati tədbirlər nəticəsində ildən-ilə kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəlməyə başladı, istehsalın həcmi artmaqla respublikamız üzüm istehsalına görə ittifaqda birinci yerə, pambıq istehsalında isə üçüncü yerə yüksəldi.

Təəssüf ki, Heydər Əliyevdən sonrakı dövrdə bu artımın davamlılığı təmin edilmədi və hətta kənd təsərrüfatında tənəzzül baş verdi. Ancaq Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə - 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ölkəyə rəhbərliyə başladıqdan sonra aqrar sahədə ciddi dönüş yaratmağın vacib olduğunu özünəməxsus uzaqgörənliklə yəqin etdi. Bu məqsədlə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alındı və yubanmadan aqrar islahatlara başlamaq qərarı verildi. Yaradılan hüquqi baza əsasında respublikamızda analoqu olmayan aqrar islahat prosesi başladı və MDB-yə daxil olan digər respublikalarla müqayisədə çox qısa bir vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylandı. Ölkəmizdə torpaq islahatının bir üstün cəhəti də ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi də dövlətin hesabına aparılmış və bu proses də az bir müddətdə başa çatmışdı. Bununla da torpaq üzərində bazar iqtisadiyyatının əsas atributlarından olan xüsusi mülkiyyət hüququ formalaşmışdır.

Məhz Ulu Öndərimizin uzaqgörən siyasətinə uyğun aqrar islahatın vaxtında həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulması bu sahədə əsaslı dönüş yaratmış və Azərbaycan MDB məkanında kənd təsərrüfatının ümumi məhsul istehsalının həcminə görə 1990-cı ilin səviyyəsini ötən ilk ölkə olmuşdur. Bu bir daha onu sübut edir ki, Heydər Əliyev nəinki öz dövrünün, həm də gələcəyin böyük şəxsiyyətidir.

Əsası Ümummilli Liderimiz Heydər Əliyevin irəli sürdüyü prinsiplərə uyğun qoyulan aqrar siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri nəzərə alınmaqla uğurla davam etdirilir. Prezidentliyinin ilk illərindən başlayaraq dövlətimizin rəhbəri aqrar sahəni ölkəmizin milli təhlükəsizliyinin tərkib hissəsi kimi qiymətləndirərək, bu bölmənin davamlı inkişafına dair sistemli tədbirləri əhatə edən qərarlar qəbul etmişdir.

Bu gün aqrar-sənaye kompleksi böyük düha Heydər Əliyev tərəfindən qoyulmuş bünövrə üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində iri addımlarla irəliləyir. İlham Əliyev aqrar sektorun inkişafına xüsusi diqqət yetirməkdədir. Ona görə ölkəmizin aqrar sahəsi bundan sonra da sürətlə inkişaf edəcək, respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatı yerli istehsal hesabına təmin olunacaq.

Ağsaqqallar Şurasının sədr müavini, "Gəncəli” İstehsal-Kommersiya şirkətinin rəhbəri Bayram YUSİFOV qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yüksək vəzifələrdə işləmiş, zəngin həyat təcrübəsinə malik ağsaqqalların onun xalqına olan sonsuz məhəbbətini, vətənpərvərliyini, işgüzar fəaliyyətini, fenomen yaddaşını, uzaqgörənliyini və dahiliyini ifadə edən xatirələri Azərbaycan xalqı üçün dəyərli mənbədir:

- Belə bir dahi insanla çiyin-çiyinə çalışmaq, onunla ünsiyyətdə olmaq, onun məktəbindən dərs almaq böyük xoşbəxtlikdir. Ümummilli Liderimiz Heydər Əliyev demişdir: "Ağsaqqal milli-mənəvi dəyərlərimizin qızıl fondudur.” Müdrik ağsaqqal, müdrik insan heç vaxt xalqını çətin vəziyyətə düşməyə qoymaz. Heydər Əliyev də məhz belə müdrik ağsaqqal, əsl lider idi.

Ümummilli Liderimiz Heydər Əliyev Moskvada hakimiyyətdən uzaqlaşdırıldığı dövrlərdə, 1987-1993-cü illərdə xalqımızın başına gətirilən müsibətlər, ölkədə hökm sürən iqtisadi-siyasi böhran, vətəndaş müharibəsinin başlanması, hərc-mərclik, xaos, Azərbaycanın parçalanma təhlükəsi ilə üz-üzə qalması ondan xəbər verirdi ki, ölkəyə müdrik insan rəhbərlik etmir. Eyni zamanda ölkədə olan müdrik ağsaqqalların məsləhətlərinə qulaq asılmır.

Həmin dövrlərdə ölkəyə Ümummilli Liderimiz Heydər Əliyev rəhbərlik etsə idi, ölkə nə iqtisadi-siyasi böhran keçirərdi, nə Qarabağ əldən gedərdi, nə xaos olardı, nə də Azərbaycan daxili və xarici düşmənlərin hədəfinə tuş gələrək vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qalardı. Allaha çox şükürlər olsun ki, xalqın təkidi ilə Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək xalqı müdrik siyasəti nəticəsində qısa müddətdə bu bəlalardan qurtardı.

Bir dəfə jurnalist ondan soruşdu: - Sizin vaxtilə yüksək vəzifələrə qoyduğunuz bəzi insanlar sizin hakimiyyətdə olmadığınız illərdə sizə qarşı çıxdılar, sizdən üz döndərdilər. Sizin onlara münasibətiniz indi, ölkənin rəhbəri olaraq necədir?

O özünəməxsus tərzdə cavab verdi: - Mən onları bağışlamışam, indi bağışlamasam, sonra ömrüm çatmaz.

İnsanlığın ən ali zirvəsində olan əsl müdrik ağsaqqal cavabı. Ulu Öndər, müdrik ağsaqqal Heydər Əliyev həmin insanların səviyyəsizliyinə varmadan insanların bağışlanmasının vacib olduğunu göstərir. Allah bağışlayandır. Belə xarakter ancaq Allaha yaxın olanlara xas xüsusiyyətdir. O həmişə deyirdi: "Məni Allah qoruyur”.

Onu da deyim ki, Ümummilli Liderimizin keçmiş SSRİ-də Nazirlər Soveti sədrinin I müavini kimi yüksək vəzifədə işləyərkən öz işgüzarlığı, qətiyyəti, əməksevərliyi, yüksək intellektual səviyyəsi sayəsində qazandığı hörmət, nüfuz bu gün də keçmiş ittifaqın digər xalqlarının azərbaycanlılara olan münasibətinə müsbət mənada öz təsirini göstərməkdədir.

 

1994-cü ildə neft müqaviləsinin daxili və xarici təzyiqlərə baxmayaraq, onun uzaqgörən, müdrik siyasəti nəticəsində imzalanması Azərbaycan xalqının xoş gələcəyinin, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təməlini qoydu.

Biz bugünkü xoş güzəranımıza, maddi rifahımızın günü-gündən yüksəlməsinə, müstəqilliyimizin təməl daşının qoyulmasına görə Ulu Öndər, müdrik ağsaqqal Heydər Əliyevə borcluyuq. İllər keçəcək, əsrlər ötəcək, Azərbaycan xalqı və digər xalqlar daim Heydər Əliyev məktəbindən bəhrələnəcəklər və o, bir mayak kimi həmişə Azərbaycan xalqına düzgün yol göstərəcəkdir.

Biz hamımız şahidiyik ki, Ümummilli Lider Heydər Əliyevin yenidən qurduğu müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin prezidentliyi dövründə daha da möhkəmlənmiş, inkişaf etmiş, Qafqazda lider ölkəyə çevrilmişdir, aparılan müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Bu, bir daha müdrik ağsaqqal, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir.

Ulu Öndər Heydər Əliyev demişdir: "Mən İlham Əliyevə özüm kimi inanıram”. "Ot kökü üstə bitər” deyib atalarımız. Cənab İlham Əliyev Heydər Əliyev məktəbinin "daimi dinləyicisi” olub. Cənab İlham Əliyevin Prezident olduğu dövrdəki fəaliyyəti, siyasi və iqtisadi sabitlik və inkişaf, iş yerlərinin açılması, təqaüdlərin, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının bir neçə dəfə artırılması, muğamımıza və aşıq sənətimizə olan münasibətlərin yüksək səviyyəyə qaldırılması, idman-olimpiya komplekslərinin tikilməsi, yeni məktəblərin, xəstəxanaların, körpülərin tikilməsi, inflyasiyanın aşağı olması, Azərbaycanın bölgələrinin, xüsusilə də Bakının günü-gündən gözəlləşməsi, beynəlxalq tədbirlərin Azərbaycanda, xüsusilə Bakı şəhərində keçirilməsi, Bakının dünyanın mədəniyyət mərkəzinə çevrilməsi və bütün bu işlərdə xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzedilməz rolu Ulu Öndər Heydər Əliyev kursunun inamla və uğurla davam etdirilməsindən xəbər verir.

Cənab İlham Əliyevin düşünülmüş islahatları və qətiyyətli qərarları, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Prezidentimizin reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatında öz əksini tapır. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq Azərbaycan vətəndaşı dayanır. XXI əsrin başlanğıcından Azərbaycanda aparılan tikinti-quruculuq işləri tarixdə İlham Əliyevin adı ilə qalacaq. Cənab İlham Əliyev gördüyü işlərlə bir daha sübut etdi ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Onun siyasətinin mərkəzində insan amili dayanır və xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Azərbaycanın Xalq şairi, Ağsaqqallar Şurasının Məclis üzvü, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Milli Aviasiya Akademiyasında kafedra müdiri, professor Nəriman HƏSƏNZADƏ Ümummili Lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərinə göstərdiyi diqqət və qayğıdan söhbət açdı:

- Ulu Öndərin ədəbiyyatdakı xidmətləri saymaqla bitməz. Yazıçılar, şairlər onun həmişə diqqət mərkəzində, himayəsində idilər. Yubileylər, mükafatlar, yazıçını şərdən, böhtandan qoruma halları, istedadlı hər kəsin dəyərini vermək kimi cəhətlər Heydər Əliyevin xarakterində başlıca yer tuturdu. Yazıçı hiss edirdi ki, onun xeyirxahı, himayədarı var. Əslində Heydər Əliyev bütün xalqın himayədarı idi. Və bu xalqın heç bir istedadlı sənətkarı onun diqqətindən kənarda qalmırdı.

Biz Ulu Öndərin vaxtında yetişmişik, onun dövrünün ədəbiyyat təmsilçiləriyik. Bizi daim özü ilə paytaxtdan bölgələrə qədər böyük coğrafiyada olan tədbirlərə aparırdı. Bu dahi şəxsiyyətin bütün üstün cəhətlərini, xarizmasını, yüksək insani və liderlik xüsusiyyətlərini birbaşa müşahidə edib, ona həmişə heyran olmuşam.

Əslində, Heydər Əliyevlə bağlı xatirələrim 1969-cu ildən başlamır. Tam 61 il öncə bu böyük azərbaycanlı ilə ilk dəfə görüşmüşəm. 1958-ci ildə Nəriman Nərimanov haqda əsər yazırdım. Dövlət Təhlükəsizliyi Komitəsindən mütləq senzor icazəsi almalıydım. Yəni əsərimin müqəddəratını onlar müəyyənləşdirəcəkdilər. Komitəyə daxil oldum. Hündürboylu, cüssəli, çox yaraşıqlı, şux qamətli bir zabit mənə yaxınlaşaraq özünü təqdim etdi: Heydər Əliyev.

O vaxt onun 35 yaşı vardı. Mövzunun Nəriman Nərimanovdan olduğunu bildikdən sonra çox sevindi və çapına dərhal icazə verdi. Qısaca dedi ki, belə görkəmli şəxsiyyətlər barədə daha çox əsərlər yazılmalıdır və arxivdən əlavə nə materiallar lazımdırsa, sizə kömək edərəm. Mən heyrət etdim. Çünki öyrənmişik, DTK-da rus, ya da erməni zabit bizi çək-çevirə salmalı, saatlarla izahat almalı, axırda da ən yaxşı halda əsərin yarısını ixtisar etməliydi. Amma mən belə bir vətənpərvər DTK zabiti ilə qarşılaşdığıma, ondan nəinki maneə, hətta xeyir-dua almağıma çox heyrətlənmişdim və böyük sevinc qarışıq həm də təəccüblə oradan ayrılmışdım.

Sonrakı dövrdə də dəfələrlə Heydər Əliyevin birbaşa müdaxiləsi ilə məxfi arxivlərə daxil oldum, keçmişimizi araşdırdım, bədii əsərlər yazdım.

Ümumiyyətlə, qeyri-adi bir insan idi Heydər Əliyev. "Mən azərbaycanlıyam” sözünü o qədər qürurla deyirdi ki...

Bir dəfə də Ulu Öndəri müşayiət edərək Bərdəyə zona müşavirəsinə getmişdik. Heydər Əliyev gənc pambıqçı Tərlan Musayeva ilə görüşdü, çox səmimi söhbət etdi. Mən o görüşdən sonra gəlib bir şeir yazıb qəzetdə çap etdirdim. Bir gün sonra gecə saatlarında bir də gördüm Emin Sabitoğlu zəng eləyir. Dedi, sənin sözlərinə yazılmış musiqini sabah dinləyərsən. Heydər Əliyev tapşırıb ki, həmin şeirə mahnı bəstələyim. O mahnı dillərə düşdü. Heydər Əliyev bütün sahələrə diqqətli idi...

Ulu Öndərimizlə görüşlərin birində mən bir şeir söyləmişəm. Həmin şeiri Ulu Öndər özü alqışlayıb. Çıxışımı da elə bu şeirlə bitirmək istəyirəm:

 

Ey eşqim, vüqarım, sənətim, canım,

Ana çağırdığım, Azərbaycanım.

Açıb qollarımı mehri-ülfətlə,

Bağrıma basıram səni hörmətlə.

Sən de, ey adı ilə fərəhləndiyim,

Şanlı sədasıyla ürəkləndiyim.

Xalqımın istəkli, əziz övladı,

Şeirimin, sözümün qolu, qanadı.

Sənin hər istəyin, sənin hər arzun

Həyatda qoy şöhrət çələngi olsun.

Qaldırdın adını bu məmləkətin,

Andın müqəddəsdir, südün təmizdir.

Mənim taleyimdir sənin şöhrətin,

Tarixdə tarixi mərhələmizdir.

Gəlin, addımlayaq sülh cərgələrlə,

Gəlin, qabaqlayaq dövrü zamanı.

Daim alqışlayaq yalnız zəfərlə,

Ana dediyimiz Azərbaycanı!

 

"Heydər Əliyevin fəaliyyəti, xalqı üçün gördüyü mühüm işlərlə bağlı deyiləsi, yazılası sözlər çoxdur. Bu barədə hər zaman kitablar yazılıb, yazılır və gələcəkdə də yazılacaq” - söyləyən Ağsaqqallar Şurasının sədr müavini, Tibb Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeyif  İMAMVERDİYEV vurğuladı ki, konfrans iştirakçılarının Ulu Öndərlə bağlı xatirələrini dinlədikcə, insan istər-istəməz o illərə dönüb baxır:

- Diqqətlə keçmişi nəzərindən keçirirsən. Necə yaşamışıq, nələr olub və bu gün biz nəyin hesabına gəlib bu yola çıxmışıq?! Heydər Əliyevin hakimiyyətə gəlməsi ilk növbədə azərbaycanlının düşüncəsinin dəyişməsinə gətirib çıxartdı və vətəndaşımız tamamilə fərqli bir təfəkkür sahibi oldu. O, özünə etibar etməyə başladı. Dövlətə başçılıq edən bu cür möhtəşəm bir azərbaycanlıya bənzəmək düşüncəsi ilə özündə bir güc, bir potensial gördü. Bu, Ulu Öndərin fəaliyyətində ən mühüm və təsirli bir məqamlardandır.

İkinci vacib məsələ isə Heydər Əliyevin hakimiyyətə gələrkən uzaqgörən siyasət həyata keçirməsi, Azərbaycanda, onun ürəyi olan Bakıda demoqrafik dəyişikliklərə nail olması idi. Heydər Əliyev hakimiyyətə gələndə Bakıda azərbacanlıların sayı cəmi 33-35 faiz ətrafında idi Bu təhlükəli bir rəqəm idi. Amma Heydər Əliyev Moskvaya yüksək vəzifəyə gedəndə Bakı sakinlərinin 70 faizi azərbaycanlı idi! Təsəvvür edin ki, belə olmasa idi, 1990-cı ilin çətin dövründə biz nələr yaşaya bilərdik. Bu məsələnin xalqımız üçün misilsiz əhəmiyyəti oldu və bu gün burada sadalanan bütün sahələrdəki inkişafa da bunun nəticəsində nail olundu, Azərbaycan tamamilə dəyişdi.

Elə mətləblər var ki, biz onları dönə-dönə deməliyik. 1980-ci illərin sonlarında Azərbaycan yavaş-yavaş ağır vəziyyətə sürüklənirdi, o zaman Heydər Əliyevə qarşı Qorbaçovun komandasında, Kommunist Partiyasının rəhbərliyində və güc strukturlarında münasibət yaxşı deyildi. Və təəssüf ki, özümüzdən olan nadanların da bu işdə iştirak etməsi nəticəsində böyük anti-Azərbaycan, anti-Əliyev şəbəkəsi yaranmışdı. Amma Heydər Əliyevin mərdliyi, xalqına olan məhəbbəti və heç bir təhlükəyə baxmayaraq öz vətəninə qayıtması və Naxçıvana getməsi həmin proseslərdə misilsiz əhəmiyyət kəsb etdi. Naxçıvan sakinləri Heydər Əliyevin arxasında durdular, Naxçıvan Məclisinin sədri seçdilər və o yol sayəsində biz sonradan 1993-cü ilə gəlib çıxdıq. Bunu heç vaxt unutmaq olmaz.

1940-cı ildən bəri Azərbaycanda rəhbər olan adamların hər birini xatırlayıram. Onlar hər zaman Kremlin sözü ilə oturub durur, tapşırıqları ilə hesablaşırdılar. Heydər Əliyevdə isə hər zaman xalqına, onun gələcəyinə xidmət etmək düşüncəsi öndə gəlirdi. Baxmayaraq ki, o, çətin bir rejimdə işləyirdi. Bax, bütün bunların, xalqının gələcəyi üçün gördüyü işlərin və təməlin sayəsində sonradan biz addımlaya bildik. Onun hakimiyyətə xalqın çiyinlərində, istəyi ilə gəlməsi, 1994-cü ilin oktyabr hadisələrində xalqın böyük dəstək nümayiş etdirməsi bütün dünyada Heydər Əliyev haqqında belə bir fikir yaratdı ki, xalq bu insanı ucaldır və o, xalqın məhəbbətini elə qazanıb ki, bu ölkəni dağıtmaq, Azərbaycanı Əliyevsiz qoymaq mümkün olan iş deyil! Bütün bunlar böyük əhəmiyyət kəsb etdi və Azərbaycanın inkişafının böyük təsiredici imkanı, yolu oldu. Və bu təməl daşı üzərində qoyulmuş Azərbaycan dövləti bu gün də Prezident İlham Əliyevin sayəsində inamla irəli addımlayır.

Əməkdar kənd təsərrüfatı işçisi, zootexnika doktoru, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qarabağ müharibəsi veteranı İmran ƏBİLOV qeyd etdi ki, Heydər Əliyev hər iki dəfə hakimiyyətə gələndə Azərbaycanı böhrandan, səfalətdən, müflis olmaqdan xilas edib:

- Birinci dəfə 1969-cu ildə, sonra isə ikinci dəfə 1993-cü ildə hakimiyyətə gələndə ölkədə bütün sahələrdə vəziyyət acınacaqlı idi. Mən aid olduğum aqrar sektordan, heyvandarlıq sahəsindən danışmaq istərdim. 60-cı illərdə respublikanın iqtisadiyyatı və onun əsas sahələrindən biri olan kənd təsərrüfatı uzun sürən böhran və ağır tənəzzül keçirirdi. Bunu faktlar da təsdiqləyirdi: 1969-cu ildə ölkədə 574 min ton taxıl, yəni hər hektardan 9,5 sentner məhsul, 299 min ton pambıq (hər hektardan 15,1 sentner məhsul ), 52 min ton meyvə (hər hektardan 10,4 sentner məhsul), 372 min ton tərəvəz (120 sentner), hər inək və camışdan 90 baş əvəzinə 49 baş buzov və balaq, hər 100 baş ana qoyundan cəmi 43 quzu alınmışdı. Hər inəkdən 677 kq süd sağılırdı. Bu, SSRİ-nin orta rəqəmindən 3,9 dəfə az idi. 1 milyon baş qoyun yemsizlikdən və baxımsızlıqdan tələf olmuşdu.

Açığını deyim ki, bu rəqəmlər keçmiş SSRİ-də ən aşağı göstəricilər idi. Heydər Əliyev Azərbaycanı bu böyük uğursuzluqdan qurtardı. Azərbaycanın iqtisadiyyatı əvvəlki kimi davam etsəydi, bizi fəlakət gözləyirdi. Bəs sonra nə oldu? O oldu ki, həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində çox böyük irəliləyişlər nəzərə çarpmağa başladı, bu sahədə mühüm nailiyyətlər əldə olundu.

Artıq 1970-1975-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı istehsalının artım sürəti nəzərdə tutulan 30 faiz və ittifaqda orta hesabla əldə edilmiş 13 faiz əvəzinə 34 faizə çatmışdı. 1980-ci illərin əvvəllərində isə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə artmışdı. Belə ki, göstərilən qərarların respublikada icrası nəticəsində 1981-1985-ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 1966-1970-ci illərin orta göstəricilərinə nisbətən 2,5 dəfə artdı, taxılçılıqda istehsal 1,7 dəfə artaraq 1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə artaraq 891 min ton, pambıqçılıqda 2,2 dəfə artaraq 707 min ton, tütünçülükdə 2,7 dəfə artaraq 57 min ton, çayçılıqda 3,2 dəfə artaraq 29 min ton, meyvəçilikdə 3,8 dəfə artaraq 317,5 min ton, üzümçülükdə 7,9 dəfə artaraq 1829,2 min ton oldu.

O illərdə Azərbaycan bir çox növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi. Kənd təsərrüfatının bütün sahələrində olan irəliləyişlər Azərbaycan kəndinin sosial-iqtisadi simasını kökündən dəyişdirdi, ölkə bütövlükdə aqrar-sənaye respublikasına çevrildi, milli gəliri 2,5 dəfə artdı.

Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi. Üzümçülüklə məşğul olan təsərrüfatların əksəriyyətində üzüm emalı müəssisələri tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdirildi və yeni zavodlar tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz və digər məhsulların ilkin emalı həyata keçirilməklə müxtəlif çeşidli konserv, şirə və digər bitkiçilik məhsulları istehsalı genişləndirildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngül və yeyinti sənaye müəssisələri istifadəyə verildi.

Azərbaycan 11 il, yəni 1982-ci il də daxil olmaqla keçmiş SSRİ-nin 11 dəfə ən yüksək Dövlət mükafatlarını, keçici bayraqlarını aldı. Ulu Öndərin müvəffəqiyyətlə həyata keçirdiyi bütün bu işlərini Prezident İlham Əliyev uğurla davam etdirir.

Heydər Əliyevin kadrlara, xüsusilə də gənc kadrlara böyük diqqətinin, qayğısının olduğunu söyləyən Ağsaqqallar Şurasının Məclis üzvü, Əməkdar hüquqşünas, ədliyyə general-mayoru Akif  RƏFİYEV bildirdi ki, o özü də məhz uzaqgörən siyasətçinin dəyər verdiyi gənc kadrlardan olub:

- Azərbaycanda təsərrüfat, incəsənət, ədəbiyyat, tarix və digər elə bir sahə yox idi ki, Heydər Əliyev onunla maraqlanmasın, dirçəltməsin. O cümlədən kadr məsələsinə xüsusi diqqət yetirirdi. Mən də öz təcrübəmlə bağlı bəzi xatirələrimi bölüşmək istəyirəm.

Bu məclisdə oturan şəxslərə diqqət yetirirəm, onların 90 faizi Heydər Əliyev dövründə irəli çəkilmiş və vəzifəyə təyin olunmuş, bir hissəsi isə bilavasitə onunla birlikdə işləmiş, təmasda olmuş şəxslərdir. Bu gün Azərbaycan xalqı bilməlidir ki, Heydər Əliyev bu insanları necə öz ətrafında toplayıb. O, çətin vəziyyətdən xalqı necə xilas edib.

Sumqayıt prokuroru işləyirdim. O zaman SSRİ prokurorluğunun təşkil etdiyi şəhər prokurorlarının kursuna göndərilmişdim. 1981-ci ildə keçirilən kursda içərisində 5 nəfərin də xaricdən olduğu 50 prokuror iştirak edirdi və məni sinif nümayəndəsi seçmişdilər. Ən məşhur hüquqşünaslar kursda mühazirə oxuyurdular. SSRİ-nin baş prokuroru da mühazirəçilər arasında idi. Bir gün mənə xəbər verdilər ki, səni Türkmənistana baş prokuror təyin etmək istəyirlər. Mən bu təklifdən imtina etdim və respublika prokuroru vasitəsilə xəbər Heydər Əliyevə çatdırıldı. Ulu Öndər məni qəbul etdi və dedi ki, "səni başqa yerə prokuror təyin etmək istəyirdilər, amma mən sənədləri onların əlindən almışam, büronun qərarını gözləyirəm. Çünki sən bizə lazımsan, narahat olma hər şey yaxşı olacaq. Biz öz kadrlarımıza sahib çıxırıq, onları burada qiymətləndiririk”.

Yəni Heydər Əliyev mənə sahib çıxdı, istəmədiyim kənar yerə getməyimə imkan vermədi, özü də narahat bir ölkədə üzləşəcəyim çətinlikləri duyub məni xilas etdi.

Böyük şəxsiyyət kadra böyük ehtiyac olan anda bu işləri görürdü. Gənc kadrların yetişməsi üçün onlara öz doğma övladı kimi diqqət yetirirdi.

Heydər Əliyevin tibb sahəsində göstərdiyi müstəsna xidmətlərdən bəhs edən akademik, Tibb Universitetinin kafedra müdiri, Pediatrlar Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Ədilə NAMAZOVA vurğuladı ki, Azərbaycanın səhiyyə sahəsindəki bugünkü inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Çünki Heydər Əliyev o dövrdə hakimiyyətə gələndə Azərbaycanda tibb sahəsi SSRİ respublikaları arasında ən geridə qalmış bir vəziyyətdə idi, amma onun gəlişi, bu sahə ilə maraqlanması və yaratdığı şəraitlə Azərbaycanda səhiyyə ən yüksək səviyyəyə çatdı:

- Heydər Əliyev böyük siyasətçi, uzaqgörən insan idi. O, bir fenomen idi və özündən çox əsrlər sonranı da görürdü. Mən də onunla mütəmadi ünsiyyətdə olmuşam, söhbətlərimiz olub.

1975-ci ildə Heydər Əliyev məni qəbul etmişdi. Görüş zamanı o, mənə belə bir sual verdi ki, ölkəmizdə tibb sahəsində olan çatışmazlıqlarla bağlı sizin fikriniz nədir. Dedim ki, bizdə müəyyən sahələrdə tibb elmləri doktoru yoxdur. Mənə tapşırdı ki, lazım bildiyiniz sahələr üzrə siyahı tutun. Bir də dedim ki, bizim tibb üzrə elmi tədqiqat institutlarımız üçüncü dərəcəlidir. Üçüncü dərəcə o deməkdir ki, bu institutların təchizatı, əməkdaşların aylıq maaşı çox az idi. Binalarını təmir etdirməyə belə öz gücləri çatmırdı. Heydər Əliyev dedi ki, nə etmək lazımdır, mənə de. Oradaca görüləcək işlərin siyahısını hazırladıq.

Üstündən heç bir ay keçməmiş Azərbaycanda olan tibb üzrə elmi tədqiqat institutlarının hamısını Ulu Öndərimiz birinci kateqoriyalı etdi! Onların təchizatı da yaxşılaşdı, maaşları da yüksəldi, elmi iş görməyə imkanları da artdı. Sonra bütün tibb sahələri üzrə bizim gənc elmlər namizədlərindən ibarət bir siyahı tutdum. Ulu Öndər dedi ki, mən onları maaşları qalmaqla Moskvadakı, Leninqraddakı, Kiyevdəki baş institutlara ezamiyyə edirəm, doktorluq dissertasiyası yazsınlar. 4 il də zaman verirəm ki, onlar doktorluq dissertasiyası müdafiə edib Azərbaycana qayıtsınlar.

Onda göz xəstəlikləri üzrə elmlər doktorluğuna müraciət edən iki nəfəri qəbul etmirdilər. Moskvada mənə dedilər ki, bunun müqabilində gərək bizim instituta yeni cihazlar verəsiniz. O zaman rəhmətlik Zərifə xanım Əliyeva da Moskvada idi və mən zəng vurub problemi ona danışdım. Dedi ki, narahat olma, nə istəyirlərsə, sözünü ver, mən Heydər Əliyevdən xahiş edərəm göstəriş verər, onları cihazlarla təmin edərlər. Elə həmin müddətdə cihaz məsələsi də həll olundu. 30-dan çox alim doktorluq dissertasiyası müdafiə etdi və Azərbaycana qayıtdı. Hazırda onlar kafedra müdiri, professor, AMEA-nın akademikləridirlər.

Elə təkcə bu məsələnin timsalında demək olar ki, Heydər Əliyev necə böyük insan idi. Mən SSRİ xalq deputatı olarkən də Moskvada tam aydınlığı ilə görürdüm ki, o, Azərbaycan xalqı üçün necə həyəcan keçirir. Ulu Öndər xalqının hər bir şəxsinin inkişafı üçün çalışırdı.

Həmçinin Azərbaycanın ən ağır vaxtında o, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin açılması qərarına gəldi. 1994-cü ildə məni dəvət edib söylədi ki, Naxçıvan Dövlət Universitetinin nəzdində Tibbi-pediatriya fakültəsini yaratmaq fikrindəyəm və sizin bu fakültəyə hamilik etməyinizi istəyirəm. Dedim ki, bu təklifdən çox məmnunam və sizə çox minnətdaram. Ulu Öndər bu işi təşkil etdi və indi Naxçıvan Dövlət Universietində hər il onlarla tibb üzrə mütəxəssis buraxılır. Onlar nəinki Naxçıvanda, həmçinin Azərbaycanın bütün bölgələrində və xaricdə fəaliyyət göstərirlər. Hazırda orada, hətta xarici ölkələrdən də gəlib təhsil alan tələbələr var.

Biz bütün bu görülən işlərə görə Ulu Öndərə borcluyuq. Çünki Heydər Əliyev, bütün sahələrə olduğu kimi, təbabətə də çox böyük əhəmiyyət verir, diqqət, qayğı göstərirdi.

"Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir eranın başlanğıcını qoydu və ölkəmizin böyük inkişafını təmin etdi. Bu gün Azərbaycan qüdrətli dövlət kimi dünyada böyük nüfuz qazanır” söyləyən Prezident Administrasiyasının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rasim MİRZƏYEV qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın bütün sahələrinin dirçəlişinin əsas müəllifi olub:

- Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan insanında milli təəssübkeşlik hissi daha da möhkəmləndi, qətiləşdi, öz dövlətinə, millətinə sahib çıxma hissi gücləndi. Və bu güclənmə təkcə Heydər Əliyevin birinci katib kimi hakimiyyətə gəlməsi ilə bağlı deyildi. Hələ o, Dövlət Təhlükəsizlik Komitəsində işləyən vaxtı azərbaycanlı Mehdi Hüseynzadənin sənədləri araşdırılmışdı. Mehdi Hüseynzadənin üzə çıxarılmasında, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsində Heydər Əliyevin bilavasitə köməyi olmuşdu. Eyni zamanda Azərbaycanın, bütün türk dünyasının dahisi sayıla biləcək Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsinin mənəvi mənada nə qədər böyük bir addım olduğunu söyləməyə ehtiyac yoxdur.

Heydər Əliyevin beynəlxalq statuslu bir şəxsiyyət kimi Türk dünyasında, Yaxın Şərqdə və eyni zamanda MDB məkanına aid olan ölkələrdə də o xalqların mənəvi mədəniyyətinin inkişafı üçün göstərdiyi fəaliyyət də məlumdur. Onun əsasını qoyduğu siyasi kurs, balanslaşdırılmış siyasət Azərbaycanı irəliyə, inkişafa aparır. Ən əsası odur ki, bu gün Azərbaycanda möhkəmlənmiş və oturuşmuş dövlət sistemi var. Bilirsiniz ki, müstəmləkəçilik sistemindən ayrılanda Azərbaycanda elə bir ənənə formalaşmışdı ki, yalnız hakimiyyəti çevrilişlərlə dəyişmək olar. Bu ənənəni müəyyən qruplar yenə də davam etdirmək istəyirdilər. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycana müdrik dövlət idarəçilik metodunu gətirdi və seçikyə, xalqın etimadına əsaslanan mexanizm yaratdı. Buna görə də hüquqi dövlət sisteminin formalaşması birbaşa Ulu Öndərimizin adı ilə bağlıdır.

Əslində, yarım əsr tarix üçün böyük müddət olmasa da, Azərbaycanda bu 50 ildə möhtəşəm tarix yaşandı. Hər bir ziyalımızın Heydər Əliyevlə, onun xalqımız və dövlətimiz üçün gördüyü böyük işlərlə bağlı xatirələri, deyiləsi sözləri çoxdur. Heydər Əliyevlə ünsiyyətdə olanlar, yaxın silahdaşları bu şəxsiyyətin cazibəsini yaddan çıxara bilmirlər. Həyatda millətinə, xalqına xidmət etmək yolunu tutaraq onun yolu ilə getməyə çalışırlar.

Bu gün Azərbaycan ən yüksək inkişaf səviyyəsindədir. Cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycanın güclü hərbi sənayesi, güclü ordusu, güclü dövlət potensialı var və ölkə gündən-günə irəliləməkdədir. Ən əsası odur ki, xalqla vətəndaşların, dövlətin bir-birinə qarşılıqlı inamı var.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV konfransda olduqca dəyərli fikirlərin, səmimi xatirələrin səsləndiyini qeyd etdi:

- Heydər Əliyevin əsasını qoyduğu tarixi nailiyyətlər bu gün real nəticələrlə davam edir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ənənələri qorunur. Dahi şəxsiyyət Azərbaycanın bu gün də davam edən uğurlarında yaşayır. Onun müdrik ideyaları ölkəmizin gələcəyə yönəlmiş strateji hədəflərini müəyyən edir.

Bu gün hər birimiz böyük qürurla müşahidə edirik ki, Heydər Əliyevin milli dövlətçilik ideallarını ən yüksək səviyyəyə çatdıraraq tarixin möhtəşəm Azərbaycanını yaradan İlham Əliyev də dünyanın qüdrətli liderləri sırasında öz adını şərəflə həkk etdirib.

Ulu Öndərin Azərbaycanın gələcəyi ilə bağlı böyük ideallarının həyata keçirilməsi indi İlham Əliyevin missiyasıdır. Dövlət rəhbərimiz öz tarixi missiyasını əzmlə həyata keçirir. Onun ölkəmizə qazandırdığı nailiyyətlər təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının, islam aləminin gələcəyinə işıq salır. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan bəşəriyyətə sevgini, şəfqəti, xeyirxahlığı, maarifi, mədəniyyətlərarası dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə çevrilir.

Bu gün çox qürur duyuruq ki, Ulu Öndərimizin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu Öndərimiz həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı oldu və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri artıq 15 ildir layiqincə dünyada təbliğ edir. Yəni Heydər Əliyev irsinin yaşadığını, demək onun özünün də mənən yaşadığını hər gün sübut edir. Hörmətli Mehriban xanım Əliyevanın səyləri, Ulu Öndərin irsinə olan dərin sevgisi və bağlılığı nəticəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü kimi yanaşır, dar günündə çəkinmədən ora müraciət edir, ordan yardım istəyir, ordan mədət umur.

Azərbaycanı belə bir ucalıqda görmək Heydər Əliyevin də ən böyük arzusu idi. Əminik ki, nə qədər ki Azərbaycan var Heydər Əliyev ideyaları da yaşayacaq, ölkəmizi və xalqımızı daha böyük zirvələrə, nailiyyətlərə aparacaq.

 

Azərbaycan.- 2019.-9 iyul.- S.1; 4-5.