Tarix yaradan və
tarixi yaşadan lider
Azərbaycan xalqı zaman-zaman
bir-birindən çətin və ağır sınaqlardan
çıxmış, tarixin sərt dönüşlərində
ona yol göstərən, millətin varlığını
qoruyub saxlayan, liderlik və xilaskarlıq missiyasını
üzərinə götürən, bu missiyanı
ömrünün sonunadək şərəflə
doğruldan görkəmli şəxsiyyətlərin fədakarlığı,
onların Vətənə, xalqa sonsuz məhəbbəti sayəsində
varlığını qorumuş, öz müstəqilliyini bərpa
edə və möhkəmləndirə bilmişdir.
Son 100 ildə isə
tariximizin ən mürəkkəb, ən keşməkeşli,
çətin, eyni zamanda ən şərəfli səhifələri
yazılmış və xalqımız müstəqil,
güclü, qüdrətli, müasir və demokratik dövlətini
qurmağa nail olmuşdur.
Bu dövlətin
qurulmasında, yaranmasında, onun iqtisadi, siyasi, ideoloji əsaslarının
formalaşmasında, Azərbaycan xalqının mütəşəkkil
və güclü bir millət kimi təşəkkül
tapmasında Ulu Öndər Heydər Əliyevin müstəsna
xidmətləri danılmazdır və onun rolu əvəzsizdir.
Azərbaycan xalqının
böyük oğlu, uzaqgörən və müdrik dövlət
xadimi Heydər Əliyevin tariximizdə qoyduğu izlər əbədidir
və Azərbaycan durduqca bu izlər də əbədi olacaq,
Heydər Əliyevin adı onun qurduğu bu dövlətlə
birlikdə çəkiləcəkdir. 2019-cu il
iyulun 14-də Azərbaycan tarixində Heydər Əliyevlə
başlanan yeni səhifənin açılmasının 50 ili
tamam olur. Yarıməsrlik bir dövrü əhatə
edən bu tarixdə baş verən hadisələr o qədər
sürətlə cərəyan etmiş, məzmunca o qədər
zəngin olmuşdur ki, bunların göstərilən zaman
çərçivəsində baş verdiyinə inanmaq
olmur. Bu dövrün isə ən mühüm hadisələri,
ən çətin və qürurverici anları, ən
böyük sınaqları, uğurları və qələbələri
zəmanəsinin görkəmli siyasi xadimi, Azərbaycan
xalqının fəxri və qüruru olan Ulu Öndər Heydər
Əliyevin və onun yolunu, ideyalarını ardıcıl
davam etdirən, reallaşdıran Azərbaycan Prezidenti
İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın canlı
tarixi olan Heydər Əliyevin son dərəcə mürəkkəb,
çətin və ibrətamiz ömür salnaməsini
başdan-başa Vətənə, xalqa həsr olunmuş bir
ömür adlandırmaq olar. Bu ömrün hər
səhifəsi zəngin bir dastandır və onu oxumaq, öyrənmək
üçün heç olmasa Heydər Əliyev
ömrünün izinə düşüb getməli, bu səhifələri
diqqətlə izləməlisən. Bu bir
həqiqətdir ki, Ulu Öndərin həyat tarixçəsi,
gördüyü misilsiz işlər haqqında çox
yazılsa da, bu fenomenal şəxsiyyətin irsinin tam öyrənildiyini
hələ demək olmaz və bu irsin müasir zaman
prizmasından bir daha təhlil edilərək indiki nəsillərə
daha dərindən çatdırılması vacibdir. Çünki Heydər Əliyev XX əsrdə Azərbaycan
xalqının yetirdiyi ən güclü şəxsiyyətlərdəndir
və onun həyat tarixçəsi Azərbaycanın XX əsr
tarixinin ən şanlı səhifələrindən biridir.
Heydər Əliyev 1999-cu il martın 27-də
etdiyi bir çıxışında deyirdi: "Ölkəmizin
XX əsrdəki tarixini doğru-düzgün əks etdirmək,
yazmaq üçün mütləq tədqiqatlar, tarixi araşdırmalar
aparılmalıdır və obyektiv, ədalətli əsərlər
yazılmalıdır”. Son illərdə bu
boşluğun doldurulması üçün müəyyən
işlər görülsə də, azdır.
50 il bundan əvvəl baş verən
hadisələrə nəzər salarkən bir daha aydın
olur ki, o zaman 6 milyonadək əhalisi olan, 30-cu illərin
repressiyasını, sonra Böyük Vətən müharibəsinin
ağır zərbələrini görmüş,
böyük təbii ehtiyatları, o cümlədən nefti,
habelə 600 min vətəndaşını qurban verməklə
faşizm üzərində qələbə
qazanılmasında misilsiz xidmətlər göstərmiş,
əvəzində mərkəzi hakimiyyətdən, demək
olar, heç nə almamış, sırf aqrar respublika kimi
xammal mənbəyinə çevrilmiş, müasir sənaye
sahələrindən məhrum edilmiş bir respublika idi. 1969-cu ildə belə bir respublikanın idarə
olunmasını öz üzərinə götürmək hədsiz
məsuliyyət tələb edirdi. Bu
yükün altına girməyə hər insan cəsarət
edə bilməzdi. Ancaq görünür,
tale Azərbaycan xalqının üzünə elə o zaman
gülmüş, bununla Vətənimizin, xalqımızın
taleyində yeni era başlanmışdı.
Bütün iqtisadi göstəriciləri
ilə keçmiş Sovetlər İttifaqında
axırıncı yerlərdən birini tutan, verdiyi külli
miqdarda neft məhsullarının, eləcə də kənd təsərrüfatı
məhsullarının müqabilində ittifaq büdcəsindən
cüzi vəsait alan Azərbaycanın
iqtisadi vəziyyəti və xalqın güzəranı o qədər
də ürək açan deyildi. Belə bir
çətin məqamda ölkəyə rəhbərliyi
öz üzərinə götürən Heydər
Əliyevin, görünür, alın yazısı idi ki,
xalqın xilaskarı olsun və bu missiyanı bir də
1993-cü ildə təkrarlasın, Azərbaycanın bir
dövlət kimi məhv olmaq təhlükəsi
qarşısında qaldığı zaman onu xilas etsin. Əlbəttə, zaman keçdikcə bunlar
haqqında daha ətraflı danışılacaq və tarixin
Ulu Öndərlə bağlı hər bir anı hörmətlə
xatırlanacaqdır.
Ötən əsrin 70-80-ci
illərini görən, yaşayan və şahidi olan nəslin
insanları o dövrdə Azərbaycanda baş verən inqilabi
dəyişiklikləri, Sovetlər İttifaqı
üçün gözlənilməz olan yenilikləri,
respublika həyatının tamamilə yeni məcraya yönəlməsini
heyrətlə qarşılayırdılar. O illəri səciyyələndirərkən,
ilk növbədə, respublikanın iqtisadi dirçəlişini,
milli-mənəvi dəyərlərimizin, xalqın
özünüdərk hissinin formalaşmasını önə
çəkmək, həmin dövrü yenilik və tərəqqi
illəri kimi qiymətləndirmək lazımdır.
Heydər Əliyevin qətiyyəti
sayəsində 1969-cu ildən sonra Azərbaycanda həqiqətən
böyük irəliləyiş və
sıçrayış baş verdi, xalq
sanki qəflət yuxusundan ayıldı, öz
istedadını, gücünü və qüvvəsini dərk
etdi və ondan hərtərəfli bəhrələnməyə
başladı. Qısa müddət ərzində
bütün ölkə böyük tikinti meydançasına
çevrildi, hər yerdə abadlıq və quruculuq işləri
böyük vüsət aldı. O dövrün ən
müasir texnologiyaları Azərbaycana gətirilərək
çoxsaylı zavodlar və fabriklər, sənaye və emal
müəssisələri yaradıldı, ölkənin
meliorasiya və energetika sistemi tamamilə yenidən quruldu, yeni
su anbarları, elektrik stansiyaları, emal müəssisələri
inşa edildi, min hektarlarla üzüm plantasiyaları, meyvə
bağları salındı, yollar çəkildi, kənd və
qəsəbələr sürətlə öz simasını
dəyişməyə başladı. Ən
başlıcası isə ölkədə qayda-qanun,
nizam-intizam yaradıldı, bütün sahələrdə
haqqın, ədalətin zəfər çalması təmin
edildi.
Bunların hamısı Heydər
Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin birinci katibi seçildikdən sonra baş verdi. Əvvəllər yalnız
nefti ilə tanınan Bakı və Azərbaycan tezliklə nəinki
SSRİ-də, hətta onun hüdudlarından uzaqlarda
tanınmağa başladı. Qısa vaxt ərzində
ölkənin bütün resurslarını səfərbər
edən, insanlarda yeni əhvali-ruhiyyə, sabaha inam hissi yaradan
böyük təşkilatçı rəhbər Heydər
Əliyev respublikanın bütün sahələr üzrə
sürətli irəliləyişinə nail oldu. Azərbaycan o dövrdə İttifaqda çox
yüksək dövlət mükafatları sayılan
Keçici Qırmızı bayraqlar respublikasına
çevrildi. Respublikaya münasibət
kökündən dəyişdi və bunun sayəsində
ittifaq büdcəsindən Azərbaycan iqtisadiyyatına
investisiyaların, yəni əsaslı vəsait qoyuluşunun
həcmi dəfələrlə artdı.
Bu nailiyyətləri
1969-1982-ci illərin iqtisadi göstəricilərində daha
aydın görmək mümkündür. Bu illər ərzində
respublikada milli gəlir 2,5 dəfə, kənd
təsərrüfatı və tikinti sahələri hər il
orta hesabla 7,5 faiz və 5,2 faiz, sənaye istehsalı 2,7 dəfə
artmış, bütün sahələr üzrə göstəricilər
xeyli yüksəlmişdir. Məhz Ulu Öndərin
səyi ilə 1969-1982-ci illərdə ölkə
iqtisadiyyatının inkişafı üçün
böyük əhəmiyyət daşıyan 173-dən
çox sənaye müəssisəsi tikilib istifadəyə
verilmiş, mövcud müəssisələr yenidən
qurulmuşdur. O dövrün ən qabaqcıl müəssisələri
sayılan Bakı Məişət Kondisionerləri, "Azon”,
Bakı radioquraşdırma, Sumqayıt kompressorlar, Şirvan
cihazqayırma, Ələt ağac emalı kombinatı və
digər müəssisələr bir-birinin ardınca istifadəyə
verilirdi. Həmin illərdə Naxçıvan Muxtar
Respublikasında 13, Bakıda 28, Gəncədə 7,
Sumqayıtda 6, Mingəçevirdə 5, Şirvanda 3 yeni sənaye
müəssisəsi tikilib istifadəyə verilmişdir.
Ölkə iqtisadiyyatına kapital qoyuluşu 1950-ci ilə nisbətən
29,5 dəfə artmış,
bütövlükdə 1920-1968-ci illərdəkinə nisbətən
4,5 dəfə çox olmuşdu.
Bu illər ərzində
ölkə iqtisadiyyatında göstəricilərin
artımı digər respublikalarla müqayisədə ən
yüksək səviyyəyə çatmış, təkcə
sənaye və kənd təsərrüfatı sahəsində
deyil, elm, mədəniyyət, incəsənət, təhsil
sahələrində də çox böyük nailiyyətlər
əldə olunmuşdu. Həmin illərdə SSRİ-nin ali
məktəblərinə göndərilən tələbələrin
sayı sürətlə artmış, Bakıda
açılan 5 yeni ali məktəb təkcə respublika
üçün deyil, hətta xarici ölkələr
üçün mütəxəssislər hazırlamağa
başlamışdı. Ulu Öndərin müdrikliyi və
uzaqgörənliyi sayəsində SSRİ-nin ən qabaqcıl
ali məktəblərinə göndərilən
tələbələr respublikada olmayan ixtisaslar üzrə
hazırlanır, bununla da ölkənin gələcək kadr
potensialı formalaşırdı. Həmin
mütəxəssislər bu gün də respublikanın tərəqqisinə
böyük töhfə verirlər.
Həmin illərdə
mülki kadrlarla yanaşı, ilk dəfə olaraq, respublikada
hərbi kadrların hazırlanması da böyük çətinliklə
həyata keçirilməyə başlanmışdı. 1971-ci ildə
C.Naxçıvanski adına hərbi məktəbin
yaradılması o dövrdə SSRİ-nin siyasi və hərbi
rəhbərliyinin kəskin müqaviməti ilə
qarşılaşsa da, Heydər Əliyev bu müqaviməti dəf
edərək həmin məktəbi yarada bilmişdi. 2019-cu il
iyunun 26-da Azərbaycan Ordusu günündə ölkə
Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ənənələrini
davam etdirərək, hər il olduğu kimi, yenə də bu məktəbin
məzunlarının buraxılışında iştirak
etmiş, bir daha bu məktəbin təməlinin Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulduğunu və onun
təşəbbüsü ilə
yaradıldığını, onun həmişə bu məktəbin
fəaliyyətinə böyük diqqət göstərdiyini,
hələ o vaxt bizə milli hərbçi kadrların
lazım olacağını bildiyini vurğulamış və
çox düzgün olaraq qeyd etmişdir ki, "Ulu Öndərin
misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində
daim yaşayır. Biz onun işini davam etdiririk”.
Heydər Əliyevin həyat
salnaməsini vərəqləyərkən görürük
ki, o, həyatı boyu qarşılaşdığı
çətin sınaqlara mətanətlə sinə gərmiş,
mürəkkəb problemləri aradan qaldırmaq
üçün hər zaman misilsiz dözüm və iradə
nümayiş etdirmişdir. Hələ dövlət təhlükəsizliyi
orqanlarında işlədiyi dövrdən Azərbaycanın gələcəyi,
xalqının taleyi barədə düşünən Heydər
Əliyev SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin
rəhbərliyi tərəfindən milli kadrların bu
orqanlara rəhbər vəzifələrə gətirilməsinə
hər cür maneələr yaradılmasına baxmayaraq, son dərəcə
yüksək peşəkarlığı və mükəmməl
hazırlığı sayəsində özü burada rəhbər
vəzifəyə yüksəlməyə və həmin
orqanda milli kadrların yerləşdirilməsinə nail ola
bilmişdi. Respublikada gedən prosesləri,
baş verən hadisələri, ümumiyyətlə, Azərbaycanın
səciyyəvi xüsusiyyətlərini dərindən bildiyinə
görə respublika rəhbərliyinə gəldikdən sonra
onun misilsiz təşkilatçılıq qabiliyyəti dərhal
özünü göstərmiş və tezliklə nəticələrini
vermişdi.
Ulu Öndər 1993-cü ildə
yenidən hakimiyyətə qayıtdıqdan sonra həmin illəri
xatırlayarkən Azərbaycanın müstəqilliyinin bərpasında
ortaya çıxan və mahiyyətində Azərbaycanın
iqtisadi inkişafına törədilən maneələrin
olduğunu qeyd edir və Azərbaycanı sevməyən dairələrin
törətdikləri əngəlləri aradan qaldırmaq, hər
vasitə ilə ölkənin iqtisadi cəhətdən
yüksək inkişafına nail olmaq üçün
çox ciddi səylər göstərməli olduğunu qeyd
edirdi.
Heydər Əliyev respublikaya
rəhbərlik etdiyi illərdə qarşısına
qoyduğu məqsədlərdən danışarkən hər
şeyin bazasında iqtisadi inkişafın
dayandığını deyərək, ilk öncə, iqtisadi
bazanın yaradılmasına çalışırdı və
ölkədə müasir zavodların, fabriklərin, elektrik
stansiyalarının və yaşayış binalarının
tikilməsini önə çəkirdi.
Heydər Əliyev 1997-ci il iyulun 5-də
milli təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı gününə həsr olunmuş təntənəli
yığıncaqda çıxış edərkən vaxtilə
özünün də işlədiyi bu orqanın müfəssəl
tarixi barədə çox maraqlı məlumatlar verərək
onların fəaliyyətinə hərtərəfli qiymət
vermiş və bir faktı ön plana çəkmişdi ki, əgər
Vətəninə, xalqına məhəbbət hissi varsa,
harada, hansı vəzifədə olmağından asılı
olmayaraq öz xalqına xidmət edə bilərsən. O, fəxrlə
qeyd edirdi ki, dövlət təhlükəsizliyi
orqanlarının rəhbəri olduğu dövrə Azərbaycan
xalqının milli mənafeyinə əks olan heç bir tədbir
görülməmişdir. Ulu Öndər 25 ildən artıq
rəhbər vəzifələrdə, 1967-ci ildə Dövlət
Təhlükəsizliyi Komitəsinin sədri işlədiyini,
14 il Azərbaycana rəhbərlik edərkən də, həmin
orqanlara himayədarlıq etdiyini, onların işini Azərbaycanın
mənafeyinə yönəltdiyini bildirirdi.
Ulu Öndər Azərbaycan
tarixinin və mədəniyyətinin dərin bilicisi idi. O, bu tarixlə fəxr edir,
bu mədəniyyəti sevir və öz yüksək vətənpərvərlik
hisslərini hər zaman cəsarətlə nümayiş
etdirirdi. Vaxtilə Azərbaycanda dissidentlərin
olmamasının bir səbəbini də Bəxtiyar Vahabzadə,
Xəlil Rza, Ziya Bünyadov, Əbülfəz Elçibəy
və başqaları kimi adamları qorumasında
görürdü və bu xidmətlərini qeyd etməyi
unutmurdu. O deyirdi: "Yəni KQB-də işləyərək
günahsız insanları da cəzalandırmaq olardı, ancaq
bu cür işlər görüb xalqı, milləti, milli mənafeni
qorumaq da olardı. Mən isə orada işlədiyim
bütün dövrdə bu milli mənafeni qoruyub
saxlamışam və çoxları da belə olublar”.
O, ürək ağrısı ilə qeyd edirdi ki, sonralar bu
orqana rəhbərlik edən Qorelevski, Hüseynov kimi adamlar
düzgün yol tutmadılar, onun nüfuzuna xələl gətirdilər.
Heydər Əliyev son dərəcə
müdrik bir insan idi və onun həyat fəlsəfəsi
bundan ibarət idi ki, insanlara işləmək, səhvə
yol verirsə, onu düzəltmək imkanı vermək
lazımdır. Xırda, cılız hisslərdən
çox uzaq olan bu müdrik insan özünə qarşı
günah işlədən insanları
bağışlamağı bacarırdı. O, bunu
1993-cü il iyunun 15-də Azərbaycan
Respublikası Milli Məclisinin iclasında etdiyi tarixi
çıxışı zamanı xüsusi
vurğulamışdır. Həmin iclasda Ulu
Öndər hakimiyyətə vəzifə üçün,
yaxud başqa məqsəd üçün yox, xalqa xidmət
etmək, Azərbaycanı düşdüyü ağır vəziyyətdən
qurtarmaq üçün gəldiyini bildirir və
hamını eyni məqsəd uğrunda çalışmağa,
vahid amal uğrunda mübarizə aparmağa
çağırırdı. Heydər Əliyev deyirdi:
"... Bütün xalq da bilməlidir ki, indi
biz hamımız bir olmalıyıq. Azərbaycanın
bu faciəli dövründə biz böyük fəlakət
qarşısındayıq. Bu dövrdə
bütün qüvvələr birləşməlidir,
bütün siyasi partiyalar, bütün siyasi qurumlar,
bütün siyasi və ictimai təşkilatlar, bütün
insanlar - hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır.
Hamımız birləşib Azərbaycanı bu
ağır vəziyyətdən çıxarmalıyıq”.
Daha sonra qeyd edirdi ki, xırda hissləri də kənara
qoymaq, xırda dedi-qoduya yol verməmək və bir məqsəd
uğrunda çalışmaq lazımdır və ona
qarşı pislik edən hər kəsi
bağışlayır, heç kəsdən qisas almaq fikrində
deyil. O, qətiyyətlə bildirirdi: "Mən sizin
qarşınızda tam məsuliyyətlə deyirəm və
bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə,
mənim təbiətimdə qisasçılıq hissi yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni
surətdə yaradıblar və bir mənə ləkə
vurmaq üçün yox, bizi parçalamaq üçün.
Sizə söz verirəm ki, heç vaxt
qisasçılıq hissinə qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə
qarşı düzgün münasibət bəsləməyibsə,
nəsə edibsə, inanın ki, mən onların
hamısını çoxdan bağışlamışam.
Mən özümü o hisslərin səviyyəsinə
salmamışam və salmayacağam. Ona
görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən
belə bir vəzifəyə gəldim, yox. Mən sadəcə bir vətəndaş kimi də
heç vaxt heç kəslə ədavət aparmaq, qisas
almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm
və istəməyəcəyəm”.
Eyni zamanda əsl dövlət xadimi,
dövlət rəhbəri kimi heç bir xaosa, hərc-mərcliyə
də yol verməyəcəyini, hər şeydə qanunun
aliliyini rəhbər tutacağını vurğulayaraq
açıq surətdə və qətiyyətlə
bildirirdi: "Ancaq vəzifə çərçivəsində
şübhəsiz ki, hamımız nizam-intizama tabe
olmalıyıq, hamımız qanuna tabe olmalıyıq,
hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin
etməliyik və bu yolda, şübhəsiz ki, mən öz əqidəmdən
dönməyəcəyəm”.
Heydər Əliyevin bir siyasətçi,
bir dövlət xadimi kimi gücü onda idi ki, o, utopist deyil,
realist idi. Həqiqətin gözünə dik baxmağı,
boş vədlərdən, uydurmalardansa həqiqəti hər
kəsin gözünün içinə deməyi üstün
tutur və bundan heç vaxt çəkinmirdi. Həmin tarixi iclasda respublikanı bərbad vəziyyətə
salan bəzi insanlar Heydər Əliyevdən Ali Sovetin sədri
olarsa, vəziyyətdən çıxmağa qarantiya
verib-verməyəcəyini soruşarkən Ulu Öndər bu
provokasion sualdan çox hiddətlənmişdi.
O, Milli Məclisin tribunasından ondan
qarantiya istəyənlərə üz tutaraq deyirdi ki, hələ
1991-ci ilin fevral ayında bu salonda Azərbaycana
xalqı ilə bir yerdə olmaq və xalqın ağır
günündə ona kömək olmaq üçün
qayıtdığını bildirmişdi: "Mən
heç kəsə heç bir qarantiya vermirəm. Mən
özümü peyğəmbər hesab etmirəm... Ona görə də mən heç bir qarantiya vermirəm.
Ancaq hesab edirəm ki, Azərbaycan xalqı
müdrik xalqdır. Millətimizdə
böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən
çıxmaq olar”. Ulu Öndərin bu
sözlərində həm böyük məsuliyyət hissi,
həm də xalqının gücünə inamı ifadə
olunurdu.
Ulu Öndər keçdiyi həyat
yolunu əks etdirən memuarlarını yazmasa da, müxtəlif
tədbirlərdə müzakirə olunan məsələ ilə
bağlı qarşılaşdığı və
respublikanın, xalqın taleyi üçün çox əhəmiyyətli
olan məqamları vaxtaşırı yada salıb və
çox ibrətamiz faktlarla Azərbaycanın taleyində iz
qoymuş səhifələri vərəqləyirdi. Bu baxımdan
onun dövlət təhlükəsizliyi orqanlarına rəhbərlik
etdiyi zaman qarşılaşdığı məsələlərə
və bir çox faktlara Azərbaycanın milli mənafeləri
mövqeyindən yanaşmasını əks etdirən
mülahizələri diqqətə layiqdir.
Ulu Öndər bütün
məsələlərə peşəkar və səriştəli
yanaşma tələb edirdi və özü də hər bir məsələdə
buna əməl edirdi. Çox zəngin mütaliəyə və
erudisiyaya malik olan bu müdrik siyasi xadim hər bir kəsdən
çalışdığı sahədə mükəmməl
bilik və peşəkarlıq tələb edirdi. Onun ürək ağrısı ilə
xatırladığı epizodlar repressiya illərində
tariximizə, mədəniyyətimizə vurulan zərbələrin
bəzi səbəblərini göstərirdi. 1997-ci ilin
iyul ayında Milli Təhlükəsizlik Nazirliyi işçilərinin
peşə bayramı günündə qeyd edirdi ki, 1950-ci ildə
həmin orqanlarda işlədiyi zaman 30-cu illərdə
repressiya olunmuş ziyalılarımızdan biri - Salman
Mümtazın materialları ilə maraqlanarkən həmin
nazirliyin köhnə işçilərindən biri vaxtilə
Hüseyn Cavidin, Salman Mümtazın kitabxanasındakı qiymətli
kitabların ermənilər və başqa millətə mənsub
adamlar tərəfindən vəhşicəsinə
yandırıldığını demişdi və Heydər
Əliyev belə vandalizmin bir səbəbini də həmin
insanların savadsızlığı və mədəni səviyyəsinin
aşağı olması ilə izah edirdi. Ulu
Öndər ona görə dövlət orqanlarında
çalışan adamların mütaliəli, savadlı
olmasına böyük əhəmiyyət verirdi və həmin
orqanlarda çalışanların ciddi səhvlərinin daha
çox dərin biliklərinin və vətəndaş
mövqeyinin olmamasından irəli gəldiyini
vurğulayırdı.
Heydər Əliyev dövlət
orqanlarında, xüsusilə təhlükəsizlik
orqanlarında çalışan adamlara məhz
tapşırıqları kor-koranə icra etməməyi
tövsiyə edir, hətta bunun nəticəsində bəzi
görkəmli insanların həyatına son qoyulmasını
pisləyirdi.
Vaxtilə onun Azərbaycana qayıdışını dəstəkləyən
insanlardan biri "Azərnəşr”in direktoru,
tanınmış naşir Əjdər Xanbabayevin qətlə
yetirilməsini, əslində, onun Azərbaycana
qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirirdi
və bu cinayətin üstünün açılmasına nə
qədər maneçilik törədildiyini, lakin gec də
olsa hər şeyin ifşa olunduğunu qeyd edirdi.
Heydər Əliyevin
köksündə bir vətəndaş ürəyi
döyünürdü. Bu ürək isə öz
gücünü doğma yurduna, Vətəninə və millətinə
məhəbbətdən alırdı. Heydər
Əliyevin əsas amalı Azərbaycan idi, onun tərəqqisi,
xalqının maddi-mənəvi inkişafı,
imzasını millətlərin, dövlətlərin
imzaları içində tanıtması idi. Onun Azərbaycandan müvəqqəti
uzaqlaşdırılaraq SSRİ rəhbərliyinə
aparılması, əslində, o zaman onun şəxsiyyətinə,
istedad və qabiliyyətinə verilən qiymət olsa da,
bundan ittifaq dövləti daha çox şey qazandı, Azərbaycan
isə bir o qədər itirdi.
Heydər Əliyevin Moskvada
olduğu illərdə gördüyü saysız-hesabsız
işləri xüsusi qeyd etmək lazımdır. Siyasi
Büroda ona nə qədər qısqanclıqla yanaşsalar
da, SSRİ-nin yüksək rəhbərliyində təmsil
olunan Ulu Öndər hər vasitə ilə Azərbaycanın
inkişafına müsbət təsir edən qərarlar qəbul
edilməsinə və respublikanın vacib problemlərinin həllinə
çox ciddi diqqət yetirirdi. Ancaq təəssüf
ki, Azərbaycanı sevməyən və xalqımıza
düşmən münasibəti bəsləyən bəzi
qüvvələrin təsiri altında bu böyük şəxsiyyətin
fəaliyyətinə kölgə salmaq, onu ləkələmək
cəhdləri davam edirdi. Siyasi
avantürist olan Mixail Qorbaçovun Heydər Əliyev əzəmətindən,
gücündən qorxaraq onu rəhbərlikdən
uzaqlaşdırması heç də SSRİ-nin xeyrinə
olmadı. Həmin illərdə Heydər
Əliyevə qarşı "konpromat” kampaniyası davam
etdirilir və təəssüf ki, bu işdə bəzi
üzdəniraq azərbaycanlı siyasətçilər də
Qorbaçovun əlində vasitə rolunu oynayırdılar.
Bunun səbəblərini Heydər Əliyev özü belə
izah edirdi: "1987-ci ildə Moskvada işdən kənar ediləndən
sonra mənim başıma nə qədər bəlalar, nə
qədər işlər gətirmək istədilər. Burada xalq məni qəlbində saxladığı
zaman təəssüflər olsun ki, yaxın
silahdaşlarım, o cümlədən bu binada da olan
silahdaşlarım vəfasız çıxdılar. Mən təkbaşına bu çətinliklərin
öhdəsindən gəldim. 1990-cı
ildə yanvar hadisələri zamanı Moskvada
çıxış edib Sovet İttifaqının rəhbərliyini
ittiham edəndə burada mənim əleyhimə arxivləri
axtarmağa başladılar ki, görək Heydər Əliyev
burada işləyəndə, ya da respublikanın
başçısı olanda nə günah edib, tapaq. 1986-1987-ci illərdə Moskvada ayrı-ayrı adamlar
gəlib buradakı adamların - həm Mərkəzi Komitədən,
həm də bu orqandan olan adamların iştirakı ilə məni
yoxlayırdılar. Mənim babamı
yoxlayırdılar, atamı yoxlayırdılar, tərcümeyi-halımı
yoxlayırdılar - harada işləmişəm, nə
cür işləmişəm. Yoxladılar,
mənim əleyhimə heç bir şey tapıb
çıxara bilmədilər”.
Ulu Öndər ona
qarşı görülən bu tədbirləri böyük
mətanətlə, səbirlə qarşılamış və
heç vaxt qürurunu sındırmamışdır. Sonradan bu məsələlər
onun səhhətinə çox ciddi təsir göstərmiş,
hətta infarkt keçirmişdi. Heydər Əliyev o qədər
böyük şəxsiyyət idi, onun xarizması o qədər
güclü idi ki, Qorbaçov da, onun əlaltıları da,
sonradan Azərbaycana rəhbərlik edən şəxslər
də, o cümlədən Xalq Cəbhəsinin rəhbərləri
də bu şəxsiyyətin qarşısında duruş gətirə
bilməyəcəklərini aydın görür və ona
görə də Heydər Əliyevin respublikaya, hakimiyyətə
qayıdışının qarşısını hər
vasitə ilə almağa çalışırdılar.
Bu qayıdışı ən
çox istəyən isə xalq idi, Azərbaycan xalqı. Bunun
üçün ilk addımları atan insanlar, "vəzifəsi
vətəndaşlıq olan” Əjdər Xanbabayev kimi
ziyalılar isə xaincəsinə aradan
götürülürdü. Yenə şəxsi
ambisiyalar, Heydər Əliyev şəxsiyyəti
qarşısında qorxu hissi, karyera, vəzifə hərisliyi
bu insanların gözünü kor etmişdi və onların
iç üzünü Heydər Əliyev sonralar çox cəsarətlə
açıb göstərirdi. 1993-cü il
avqustun 24-də keçirilən ümumrespublika müşavirəsində
o, hər kəsi öz adı ilə çağıraraq
onların bütün yaramaz işlərini Azərbaycan
xalqına bəyan etdi.
Ulu Öndərin böyük çətinliklə
Naxçıvana, - Bakıya yox, məhz Naxçıvana, -
qayıtması, 1991-1993-cü illərdə orada
gördüyü işlər haqqında kifayət qədər
məlumatlı olan insanlar Heydər Əliyevin respublika rəhbərliyindən
heç bir dəstək görmədən bu qədim yurdumuzu
təkbaşına necə qoruyub saxlamasına indi az qala əfsanə kimi baxırlar. Heç kəs unuda bilməz ki onun 1993-cü ildəki
xilaskarlıq missiyası elə Naxçıvandan
başlamışdı və Sovet İttifaqının qorunub
saxlanmasına dair referendumun keçirilməsinə yol verilməmiş,
Naxçıvan Muxtar Respublikasının adından "Sovet
Sosialist” sözləri çıxarılmış,
cümhuriyyət dövrünün atributları bərpa
olunmuşdu. Bu cür cəsarətli
addımlar xalqımızı azadlıq mübarizəsinə
daha da ruhlandırmışdı.
Heydər Əliyevin
gördüyü işlərin sayı bitib tükənməz
olduğu kimi, onun hər bir insan üçün nümunə
olan fərdi, təkrarsız cəhətləri də olduqca
çoxdur. Onu səciyyələndirən əsas cəhətlərdən
biri də həm özünə, həm də
başqalarına qarşı son dərəcə tələbkar
olması idi. O, 1997-ci il iyulun 5-də
keçirilən müşavirədə deyirdi: "Bir
prezident, Ali Baş Komandan kimi, mən özümə etdiyim tələbləri
mənə tabe olanlardan da tələb edirəm. Heç kəsin qarşısında bundan artıq
heç bir başqa tələb qoymuram. Mən
özümə tələbkaram və mənə tabe olan
orqanlara, şəxslərə də özümə tələbkar
olduğum kimi tələbkaram”.
Heydər Əliyevin ən güclü cəhətlərindən və onun qazandığı uğurlardan danışarkən mütləq onun hər bir işdə öz xalqına arxalanması, xalqın ona olan dərin inamını qoruyub saxlaması, ən çətin məqamlarda xalqla məsləhətləşməsi, xalqı səfərbər edib öz ardınca apara bilməsidir. Elə buna görə o, Ümummilli Lider statusunu qazanmış və bu şərəfli ad həmişə Heydər Əliyevin adı ilə bir səslənəcəkdir. Bunun əyani sübutu kimi 1993-cü ildə hamımızın gözü qarşısında baş verən unudulmaz hadisələri xatırlamaq kifayətdir. Ozamankı prezident Əbülfəz Elçibəy öz postunu tərk edib Kələki kəndinə gedəndə Heydər Əliyev həyəcan təbili çalaraq hər kəsi ümumxalq mənafeyindən çıxış etməyə çağırır və deyirdi: "Rica edirəm sizdən, şəxsi ambisiyalarınızı kənara qoyun ... Azərbaycan Respublikasının dövlətçiliyi təhlükə altındadır. Düşünün bunu, fikirləşin və anlayın ki, hər biriniz məsuliyyət daşıyırsınız. Mən hamınızı deyirəm. Müstəqil Azərbaycan qarşısında məsuliyyət daşıyırsınız”. Həmin il avqustun 29-da keçirilən referendumda Heydər Əliyev bir daha xalqın tam etimadını qazandı və bu, onun sonrakı fəaliyyəti üçün tam qanuni əsas yaratdı.
Heydər Əliyev əyilməz şəxsiyyət idi, öz ideyasına, məsləkinə sadiq olduğuna görə bu yolda canından keçməyə belə hazır idi. O, kənardan heç bir təzyiqi qəbul etmir və cəsarətlə bunu bəyan edirdi: "Mən dəfələrlə demişəm, bu gün bir daha bəyan edirəm ki, heç kəs mənə təzyiq edə bilməz. Mən öz iradəmdən, - bu isə xalqın iradəsidir, bir namuslu vətəndaş kimi mənim şəxsi iradəmdir, - istifadə edərək Azərbaycanın bu vəziyyətdən çıxması üçün son damla qanıma qədər çalışacağam və heç kəs məni qorxuda bilməz”.
Heydər
Əliyev kimi şəxsiyyətlərin olduqca zəngin və
bənzərsiz həyat yolundan söz açmaq, bu
ömrün bütün səhifələrini əhatə etmək
üçün hələ çox böyük əsərlər
yazılacaq, bu ibrətamiz ömür salnaməsinin hər bir
anı nəsilbənəsil öyrəniləcək, tətbiq
ediləcək və yaşadılacaq. Çünki tarix onu, o isə tarixi
yaşadan bir insan olmuşdur. Tarixi yaradan və
tarixi yaşadan Heydər Əliyev kimi dahilər isə özləri
tarix qədər əbədidir və əbədi olacaqlar.
Süleyman İSMAYILOV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının
Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdiri,
YAP Siyasi
Şurasının üzv
Azərbaycan.-
2019.-10 iyul.- S.1; 4.