Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qərbi Sibirin Tümen vilayətində nəhəng neftqaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd” təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsini təmin etsin;

2.3. bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən adlı təqaüdün verilməsi qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.- 10 iyul.- S.3.