Qanunvericilik
bazası daha da təkmilləşdirilir
Milli Məclisin
növbədənkənar sessiyasının plenar iclasında
İyulun 9-da Milli Məclisin
növbədənkənar sessiyasının növbəti
plenar iclası keçirildi. Milli Məclisin Sədri
Oqtay Əsədov gündəlikdə 35 məsələnin
olduğunu bildirdi. İlk olaraq "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsman) haqqında” və "Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi
üçüncü oxunuşda müzakirə edildi.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli dedi ki, təklif olunan
dəyişikliklər Milli Məclisin Daxili Nizamnaməsinə
edilən dəyişikliklə əlaqədardır. Qanun layihəsi qəbul edildi.
Komitə sədri "Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu
haqqında” və "Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə” qanun
layihəsini də üçüncü oxunuşda müzakirəyə
təqdim etdi. Bildirildi ki, bu qanunlara təklif
edilən dəyişikliklər Milli Məclisin Daxili Nizamnaməsinə
edilən dəyişiklikdən irəli gəlir. Qanun layihəsi təsdiq olundu.
"Transsərhəd
kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında Konvensiya”ya I və II Düzəlişlərin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun
layihəsi haqqında Milli Məclis Sədrinin müavini, Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh
Ələsgərov məlumat verərək düzəlişlərin
mahiyyətini diqqətə çatdırdı. Qanun layihəsi
qəbul edildi.
Deputatlar bir zərfə daxil olmuş
"Məhkəmələr və hakimlər haqqında”
qanunda dəyişiklik edilməsi barədə, Mülki
Prosessual Məcəllədə dəyişiklik edilməsi
haqqında, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında və İnzibati Prosessual Məcəllədə
dəyişiklik edilməsi haqqında qanun layihələrini də
üçüncü oxunuşda müzakirə etdilər. Komitə sədri Əli Hüseynli qeyd etdi ki, nəzərdə
tutulan dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən
imzalanmış "Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” 3 aprel
tarixli fərmanın icrası ilə əlaqədardır.
Qanun layihələri qəbul edildi.
İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi də
üçüncü oxunuşda qəbul edildi. Dəyişiklik
maliyyə bazarlarına nəzarət orqanına haqların
ödənilməməsinə görə inzibati cərimə
növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi
məqsədi daşıyır. Qanun layihəsi
qəbul olundu.
Daha sonra Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsi üçüncü
oxunuşda müzakirə edildi. Qanun layihəsi
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi
haqqında” 2018-ci il 18 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar
hazırlanıb. Qanun layihəsi təsdiq
olundu.
İclasda bir zərfdə
daxil olmuş 4 məsələ - Cinayət-Prosessual, Cinayət
və Mülki məcəllələrdə, həmçinin
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi
barədə qanun layihələri də
üçüncü oxunuşda müzakirə edildi. Dəyişikliklər
cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar
uyğunlaşdırma və təkmilləşdirmə məqsədi
daşıyırdı. Qanun layihəsi qəbul
olundu.
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadənin məlumatından
sonra "Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsi üçüncü oxunuşda qəbul
olundu.
Parlamentin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
isə "Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd olundu ki,
qanun layihəsi xidməti səfərlərin təşkili ilə
bağlı prosedurların asanlaşdırılması və
bu məqsədlə xarici ölkələrin səfirliklərinə
və konsulluqlarına viza rəsmiləşdirilməsi
üçün notanın verilməsinə görə
dövlət rüsumunun ləğvini nəzərdə tutur.
Qanun layihəsi qəbul edildi.
Ziyad Səmədzadə həmçinin
"Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsi barədə məlumat verdi.
Dəyişiklik satınalma prosedurlarında
iştirak edənlərin vergi öhdəlikləri ilə
bağlı tələbləri daha da sərtləşdirir.
Qanun layihəsi təsdiq olundu.
"Azərbaycan Respublikasının
2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
və "Sosial təminatı və müdafiəni həyata
keçirən müvafiq icra hakimiyyəti orqanının
2019-cu il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihələri ikinci oxunuşda müzakirə edildi.
2019-cu ilin dövlət büdcəsi
haqqında qanunda nəzərdə tutulan dəyişikliklərin
əsas məqsədi Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan
transfertin 150 milyon manat azaldılaraq, həmin vəsaitin
xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə
yönəldilməsi, sosial paket çərçivəsində
DSMF-in gəlirlərinin 350 milyon manat, xərclərinin isə
200 milyon manat artması nəticəsində qanunda müvafiq
düzəlişlər edilərək, gəlirlərin xərclərdən
artıq olan hissəsi (150 milyon manat) həcmində dövlət
büdcəsindən transfertin azaldılması, DSMF-in xərclərinin
200 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin
isə 15 milyon manat artması səbəbindən icmal büdcə
xərclərinin yuxarı həddinin 215 milyon manat
artırılmasıdır.
Qanun layihələri ikinci
oxunuşda qəbul olundu.
Daha sonra "Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” digər qanun
layihəsi ikinci oxunuşda müzakirə edildi. Dəyişikliklərin
məqsədi hakimlərin sosial müdafiəsinin yüksəldilməsidir.
Qanun layihəsi qəbul edildi.
Deputatlar Vergi Məcəlləsində
və "Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihələrini də ikinci
oxunuşda qəbul etdilər.
Parlamentin Əmək və sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli "Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi
haqqında (ikinci oxunuş) məlumat verdi.
Nəzərdə tutulan dəyişiklik əmək
pensiyalarının minimum məbləğinin 1 oktyabr 2019-cu il tarixdən artırılaraq 160 manatdan 200
manata çatdırılması məqsədi
daşıyır.
"İşsizlikdən
sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsi də ikinci oxunuşda təsdiqləndi. Dəyişikliyə
əsasən fondun ötənilki büdcəsindən qalan 15
milyon vəsait özünüməşğulluq tədbirlərinin
təşkilinin maliyyələşdirilməsi üzrə xərclərin
artırılması məqsədinə yönəldiləcək.
"Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində dəyişiklik
edilməsi haqqında” qanun layihəsinə əsasən məcəlləyə
146.4-cü maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə
əsasən Dövlət Mənzil Fondunun bu məcəllənin
146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
Qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.
"Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” qanun layihəsində nəzərdə
tutulan dəyişikliklər sarı kəsişmə toru və
daimi sağadönmə nişanı ilə əlaqədardır. Bütün
bunlar qanunun daha da təkmilləşdirilməsinə xidmət
edir. Qanun layihəsi ikinci oxunuşda qəbul
edildi.
Milli Məclisin komitə sədri
Ziyad Səmədzadə "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişiklik edilməsi
haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat
verdi. Bildirdi ki, Vergi Məcəlləsinin
164-cü maddəsi kənd təsərrüfatı sahəsində
bir sıra malların, məhsulların ƏDV-dən azad edilməsini
nəzərdə tutur. Eləcə də
məcəllədə kənd təsərrüfatı təyinatlı
suvarma və digər qurğuların, maşınların,
avadanlıqların və texnikanın idxalı və
satışı ƏDV-dən azad edilmişdir. Bu qanun layihəsinə əsasən isə ƏDV-dən
azadolma qeyd olunan qurğuların, maşınların,
avadanlıqların və texnikanın idxalı və
satışı ilə yanaşı, onların istehsalına
da tətbiq ediləcək. Bütün
bunlar son nəticədə aqrar sektorun dəstəklənməsinə
xidmət edəcək. Qanun layihəsi təsdiq
olundu.
Parlamentin Aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimov Milli Məclisə bir zərfdə təqdim
olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində, Gömrük Məcəlləsində,
"Balıqçılıq haqqında”, "Yeyinti məhsulları
haqqında”, "Taxıl haqqında”,
"Üzümçülük və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə duzun
yodlaşdırılması haqqında” və
"Çayçılıq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə”, "Körpələrin və erkən yaşlı
uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd
təsərrüfatı haqqında”,
"Arıçılıq haqqında”, "Reklam
haqqında” və "İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” qanun layihələri ilə bağlı məlumat
verdi. Qeyd olundu ki, qanun layihələri
"Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 23
fevral tarixli Qanununa uyğunlaşdırma məqsədi
daşıyır. Qanun layihələri
ikinci oxunuşda təsdiq olundu.
İclasda həmçinin "Azərbaycan
Respublikasının Əmək Məcəlləsində və
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında”, "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” və
"Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar
ittifaqları haqqında”, "Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında”, "Gənclər
siyasəti haqqında”, "Əmək pensiyaları
haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın
yüklülüyü haqqında”, "İşsizlikdən
sığorta haqqında” və "Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə” qanun
layihələrinə ikinci oxunuşda müsbət münasibət
bildirildi. Dəyişikliklər "Məşğulluq
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun
tarixli Qanununa uyğunlaşdırmaq məqsədi
daşıyır.
Müzakirə olunan qanun
layihələrindən biri də "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) oldu. Təklif
olunan dəyişikliklər publik hüquqi şəxslərin
yaradılması, fəaliyyət göstərməsi və təşkili
qaydalarını təkmilləşdirmək məqsədi
daşıyır. Qanun layihəsi təsdiq
olundu.
"Azərbaycan Respublikasının
Su Məcəlləsində dəyişiklik edilməsi
haqqında” qanun layihəsini (ikinci oxunuş) diqqətə
çatdıran Milli Məclis Sədrinin müavini, parlamentin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Valeh Ələsgərov dəyişikliklərin məqsədi
barədə məlumat verdi. Qanun layihəsinin məqsədi
təbii su mənbələrindən götürülən
suya görə güzəşt və azadolma hallarını
müəyyən etmək, o cümlədən su obyektlərindən
yanğından mühafizə ehtiyacları üçün
istifadənin təkmilləşdirilməsidir. Qanun layihəsi təsdiq edildi.
"Avtomobil nəqliyyatı
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” qanun layihəsinə (ikinci oxunuş)
də müsbət münasibət bildirildi. Qanun layihəsi
avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və
yük daşımalarının keyfiyyətinin yüksəldilməsi,
bu sahədə fəaliyyəti həyata keçirən
operatorun, onun məsul şəxsinin məsuliyyətinin
artırılması məqsədi ilə
hazırlanmışdır.
Milli Məclisin dünənki iclasında son olaraq "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Qanun layihəsi "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının icrası məqsədilə hazırlanıb. Həmin fərmana əsasən Ədliyyə Nazirliyinə birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflər hazırlamaq tapşırılmışdır. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi ayrılmış vəsaitlərin daha məqsədli və təyinatlı xərclənməsinə, hakimlərin işinin daha səmərəli təşkilinə xidmət edəcək. Qanun layihəsi təsdiq olundu.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2019.-10 iyul.- S.3.